Distant təhsil bizdən niyə distant düşüb ?

17-03-2020 / 12:45
"Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.”
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Pandemiyanın yaratdığı bu gözlənilməz və ekstremal sınaqda hər bir dövlət imtahan qarşısındadır. Yəqin ki, bu yaxın vaxtlarda virusun dərmanı tapılar. Amma hökumətlər, onların ayrı-ayrı strukturları  da  imtahan verirlər. Bizim hökumətin bu sınaqda ən zəif həlqəsi təhsil  sistemi oldu  desək, səhv  etmərik. ...Millətin gələcəyi olan təhsil....  Zatən təhsil  sistemi  normal  həyati  şəraitində  də  ürəkaçan vəziyyətdə  deyildi,  onun  fəaliyyətindən hamı narazı idi, mətbuat 15 ildir   bu  mövzuda  həyəcan təbili çalırdı  (PİSA 2018 –ci il qiymətləndirilməsi,  Dünya  universitetlərinin reytinq cədvəli,  DİM-in hesabatları  ilə tanış  olmaq kifayətdir). 
 
Təhsil sisteminin fars major şəraitdə özünü zəif tərəfdən göstərəcəyi əvvəlcədən  bəlli idi, proqnozlar da özünü doğrultdu. Bütün dünya  yaranmış fövqaladə vəziyyətdə müvəqqəti bağlanan məktəblərin əvəzinə  distant  təhsildən səmərəli istifadə etdiyi halda,  5000-ə yaxın təhsil müəssisəmizin heç biri səmərəli distant təhsildən  faydalana bilmədi. Təhsilə son 15 ildə qoyulan bu qədər  investisiya  müqabilində, təhsil sistemi  60 il əvvəlin texnologiyalarına  müraciət etməli oldu və bunu da  ictimaiyyətə  bir  innovasiya kimi təqdim etdi.
  
Təsəvvür edin ki, belə vəziyyət 60-70-cı  illərdə olsaydı, o vaxtkı Maarif Nazirliyi necə hərəkət edərdi? Təbii ki, televiziya tədris verilişləri ilə dərsləri davam etdirərdi. Bu gün Təhsil Nazirliyi nə edir? 50-60 il əvvəlki texnologiya ilə hərəkət edir. Bunun nəyi  innovasiyaoldu?  Bəs bu 60 ildə bizim təhsil inkişaf etmədimi? Təhsilə dair islahatlar, investisiyalar, dövlət proqramları, strategiyalar, yol xəritələri  distant  təhsil sahəsində niyə nəticə vermədi?  Çünki Təhsil Nazirliyi zamanında  nəinki distant təhsil sistemini yaratmadı, hətta bunun adını çəkməyə qadağa qoydu,  baxmayaraq ki, təhsil haqqında  qanunda  bu  xüsusi  olaraq qeyd edilibdir.  Son 15 ildə  xeyli  dövlət proqramlarında  distant  təhsil  xüsusi qeyd edilmişdi. Distant təhsilin inkişafı  Təhsil Nazirliyi və NRYTN  aid bir neçə dövlət proqramında ("Təhsil sisteminin İKT  ilə  təminatı” DP, "Təhsil  sisteminin informasiyalaşdırılması" üzrə DP, "Elektron Azərbaycan", "İnformasiya Cəmiyyətinin inkişafı", "İKT-nin inkişafı   üzrə Strateji  Yol Xəritəsi”   v.s.)  xüsusi qeyd edilsə də, vəsait xərclənsə də,  vəziyyət göz qabağındadır.
   
Niyə ölkəmizdə yaradılmadı distant təhsil?  Çünki son 15 ildə  sistem həmişə bir nəfərin-nazirin iradəsi, bilgisi  və istəyi ilə idarə olunub. Sanki  milli təhlükəsizliyin əsas strateji  sahəsi olan təhsil kiminsə   özəl təsərrüfatıdır (əslində özəl təsərrüfat da mütəxəssislərlə  hesablaşır). Təhsilə nə lazımdır, nə lazım deyil qərarını bir nəfər verib. Əgər bu bir nəfər də bu sahədən uzaq adamdırsa, mütəxəssislərin rəy və təklifləri qulaq ardına vurulubsa, qlobal təhsil meylləri nəzərə alınmayıbsa, nəticə gözlənilən idi. Deməli təhsildə kadr siyasəti, insan amili həqiqətən də  həlledicidir.  
 
Hərçənd cənab Prezident  İlham Əliyev dəfələrlə ölkəmizdə virtual dərslərin keçirilməsi zərurətini qeyd etmişdi: "Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet vəzifəsi olsun. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq.” 
 
Təhsil Nazirliyi distant təhsil məsələsində bildirir ki, İnternetin sürəti azdır, ona  görə də  distant təhsil  bizdə  yoxdur. NRYTN  deyir ki, biz İKT sahəsində  regionda  lider  dövlətik, sürətli İnternetlə ölkəni əhatə etmişik, kosmik dövlətik, peyklərimiz  var. Təbii ki, Təhsil Nazirliyinin  iddiaları bahənidir. Bu illər ərzində distant təhsil sahəsində heç bir iş görülməyib, hələ bu azmış kimi Təhsil Nazirliyinin əsasnaməsində əvvələr mövcud olan"... distant təhsilin inkişaf etdirilməsi Təhsil Nazirliyi əsas vəzifəsidir”  bəndi əsasnamədən tamamən çıxardılıb. Nazirlik  əsasnaməsində olmayan işlə necə məşğul ola bilərdi?  Qeyd edək ki, bu gün mövcud olan İnternet sürəti ilə də distant təhsil sistemi  normal işləyə  bilərdi,  əgər distant  təhsil sistemi ümumiyyətlə ölkədə var yaradılmaşdısa. Olmayan  resursu İnternetə necə yerləşdirmək və  transfer etmək olardı?  Hətta bu gün ölkə üzrə İnternetin sürəti 100 dəfə də artsa, yenə distant  təhsilimiz  olmayacaq,  çünki  bunu heç kəs yaratmayıb, yaradılmasına isə bundan sonra illər lazımdır.   
 
Nazirliyin dəstəyi olmadan isə  heç  bir təhsil müəssisəsi, o cümlədən universitet   distant  təhsilə keçə bilməz. 20 ildir  ADİU (UNEC)  buna təşəbbüs göstərir,  bu  çox təqdirə layiq təşəbbüsdur. Amma  bir universitet üçün bu  çox  ağır  məsələdir,  xüsusən də Təhsil Nazirliyi tərəfindən  zəruri dəstək olmadıqda. Bu günə  hələlik bu  universitetdə distant təhsilin müəyyən elementləri  tətbiq edilir, amma  bu  beynəlxalq səviyyədən hələ uzaqdır. Universitetin distant  təhsil əsasında fəaliyyət göstərməsi üçün onun müvafiq lisenziyası, bu lisenziyanı verən qurumun (Təhsil Nazirliyi) distant təhsil verən universitetlər üçün lisenziya tələbləri və hüquqi normativ bazası hazırlamanlıdır. Əks halda bu iş qanuni təhsil fəaliyyəti hesab edilə bilməz. UNEC-dəki tədris prosesi isə distant yox, qarışıq təhsil (blended learning ) hesab edilə  bilər. Təhsil Nazirliyinin  hazırlayacağı bütün  normativ sənədlər isə beynəlxalq təcrübəyə əsaslanmalıdır.   
 
90-cı illərin sonları, 2000-ci illərin əvvəlində İnternetin sürəti indiki ilə müqayisədə  10 dəfələrlə az idi. O vaxtlar artıq dünyada xeyli universitet Distant Təhsil sistemini qurmuşdu. O zaman distant təhsil video kontent əsasında yox, əsasən HTML  səhifələr, keys texnologiyası və TV texnologiyası əsasında reallaşırdı, buna  İnternetin zəif sürəti də kifayət edirdi. Yəni distant təhsildə sürətdən çox, kontent vacibdir. Reallıqda  isə Distant Təhsil sistemini yaratmağa  bizə illər lazımdır.  İndiyə kimi  Distant Təhsil  sistemi yox  idisə və 20 il ərzində  də olmayıbsa, indi  fövqəladə şəraitdə az vaxtda bunu yaratmaq mümkün deyil. 
 
Distant Təhsil ilə  əlaqəli aşağılardan olan təşəbbüslərə Təhsil Nairliyi  tərəfindən dəstək verilmir, maliyyəmiz yoxdur bəhanəsi ilə təkliflər geri qaytarılır. Universitetlərin büdcəsi isə bu işi görməyə kifayət  deyil. Maliyyə mənbəyi kimi orta  məktəblər üçün nəzərdə tutulan qrant müsabiqəsi kimi ali məktəblər üçün də qrantlar verilə bilərdi, ya da məktəb qrantları hesabına heç olmasa orta məktəblər  üçün qismən də olsa, distant təhsil sistemi yaradıla bilərdi. Bu gün ölkədə  müəllimlərin ixtisasartırma və təkmilləşdirmə sistemi bərbad haldadır, 50 il  əvvəllər  olduğu  kimi müəllimlərə  ənənəvi formada kurs keçirlər. Halbuki bu gün  bütün dünya müəllimlərin əlavə təhsili onlayn formatda aparlır. Bu  kursları  çoxdan distant formata keçirmək lazım idi.  
 
Son günlər qlobal səviyyədə distant təhsilə diqqətin artması səbəblərindən biri də neftin qiymətinin düşməsi və iqtisadi böhranın yaranmasıdır. Çünki distant təhsil  təhsilin  keyfiyyətini  saxlamaqla 2-3 dəfə daha ucuz   qiymətə  təklif edir, bu təhsil daha  kütləvi, əhatəli  olur. 
 
Ölkədə  islahatların getdiyi bir dönəmdə təhsildə də real islahatlara başlanılmalı,  ilk addım  da distant təhsilin yaradılması  olmalıdır. 
 
Belə Fövqəladə Hallar dünyanın indiki mürəkkəb iqtisadi, siyasi, hərbi, ekoloji və texnogen cəhətdən təhlükəli məqamında gələcəkdə də təkrarlana bilər. Hələ indiki bu vəziyyətin nə qədər davam edəcəyi də bəlli deyil. Yaranan fars major vəziyyətdən sonra müvafiq nəticələr çıxarmalıyıq... Amma, ehtimal ki, hər şey olduğu kimi də qalacaq... pir bizimdi kəramətinə bələdik.
 
İlham Əhmədov, təhsil eksperti

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə