Dövlət müəssisələri özəlləşdirməyə çıxarıldı- Fərman

19-07-2016 / 17:02

Azərbaycan Prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Xeberler.az bildirir ki, sənəddə öllkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək, iqtisadiyyatda zəruri struktur dəyişiklikləri aparmaq və onun şaxələndirilməsini təmin etmək, sağlam rəqabət mühiti formalaşdırmaq, habelə milli iqtisadiyyatın səmərəliliyini yüksəltmək məqsədilə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi iqtisadi siyasətin mühüm istiqaməti kimi müəyyənləşdirilib.

Bu sahədə aparılan işlərə təkan vermək, həmçinin dövlət əmlakından istifadə olunmasının səmərəliliyinin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi məqsədilə imzalanan fərmanla Nazirlər Kabinetinə tapşırılır:

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və aidiyyəti digər dövlət orqanlarının təklifləri əsasında:

- orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısını müəyyənləşdirsin, həmin müəssisələrin restrukturizasiyasını həyata keçirsin və onların tabeliyində olan qeyri-profil müəssisə və obyektlərin çıxarılaraq özəlləşdirilməsi üçün tədbirlər görsün;

- özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- özəlləşdirmə və idarəetməyə vermə prosesində meydana çıxan sosial problemlərin həllinə dair, o cümlədən istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə və ya bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların ödənilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində Bakı və digər şəhərlərin baş planları nəzərə alınmaqla özəlləşdirilən müəssisələrin yerləşdiyi torpaq sahələrinin sərhədlərinin şəhərsalma qanunvericiliyinə uyğun yenidən müəyyən edilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və səmərəliliyi yüksəltmək məqsədi ilə müasir korporativ idarəetmə prinsiplərinin tətbiq olunması və vacib struktur dəyişikliklərinin aparılması üçün lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin;

- Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

- bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyənləşdirilərkən, ilk növbədə regionda rəqabət qabiliyyəti potensialı olan və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük verilir.

Azərbaycan Respublikasının Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasına tapşırılır:

- özəlləşdirmə prosesinə nəzarətin gücləndirilməsi və bu sahədə aşkarlığın təmin edilməsindən ötrü məqsədyönlü tədbirlər görsün;

- dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsi, həmçinin müvafiq prosedurların elektron üsulla gerçəkləşdirilməsi üçün tədbirlər görsün.

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

- bu fərmanın 1.1-ci bəndində nəzərdə tutulan məsələlərə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

- bu fərmanın 1.1.1-ci bəndi ilə müəyyən olunan siyahıya daxil olmayan, yerdə qalan dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirməyə açıq elan olunduğunu və qanunvericiliyə uyğun özəlləşdiriləcəyini geniş ictimaiyyyətə və potensial yerli və xarici investorlara müvafiq informasiya vasitələri ilə bəyan etsin;

- bu fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş dövlət əmlakının özəlləşdirilməsi prosesini sürətləndirsin;

- dövlət mülkiyyətində olan hüquqi şəxslərin istifadəsindəki torpaqların vəziyyətini araşdırsın, tələbatdan artıq və ya istifadə olunmayan torpaq sahələrinin səmərəli istifadəsinin təmin edilməsinə yönəlmiş tədbirlər görsün;

- dövlət əmlakının qanunazidd formada istifadə olunması, torpaq sahələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün tədbirlərin görülməsini, aidiyyəti dövlət orqanlarına bu hallar barədə məlumat verilməsini təmin etsin.

- Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan hüquqi şəxslərə tapşırılsın:

- dövlət əmlakından istifadə olunması barədə xüsusi hesabatın, eləcə də daşınmaz dövlət əmlakının tərkibindəki dəyişikliklərlə bağlı məlumatların dövlət əmlakının Registrində əksini tapması məqsədilə balanslarında olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmasını təmin etsinlər;

- dövlət əmlakından səmərəli istifadənin, onun qorunub saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görsünlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

 

Prezident İlham Əliyev, həmçinin “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 894 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

 

Dəyişikliklərə əsasən, fərmanın 1-ci bəndi aşağıdakı redaksiyada verilir:

 

“1. Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi bu Fərman qüvvəyə mindiyi günədək Azərbaycan Respublikası Prezidentinin qərarları ilə özəlləşdirməyə açıq elan edilmiş, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər, habelə torpaq sahələrinin özəlləşdirilməsi istisna olmaqla, Azərbaycan Respublikası Prezidentinin qərarları ilə həyata keçirilir.”.

Fərmanın 2.1-ci bəndi aşağıdakı redaksiyada verilir:

“2.1. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini özəlləşdirilən dövlət əmlakının qiymətinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən edilməsi nəzərə alınmaqla iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;”.

Fərmanın 3.1-ci və 3.2-ci bəndləri isə aşağıdakı redaksiyada verilir:

“3.1. bu Fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini bu Fərmanın 1-ci bəndinə riayət etməklə həyata keçirsin;

3.2. bu Fərman qüvvəyə mindiyi günədək “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini başa çatdırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;”.

Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Komitəsinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xeberler.az


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə