"Təəccüblü haldır ki, əslində cəmiyyətin bütün təbəqələrinin maraq dairəsində olan “Media haqqında” qanun layihəsi indiyədək dərc olunmayıb və müzakirələr də demək olar ki qapalı aparılır. Açıq ictimai müzakirələr hələlik yoxdur".
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspertin sözlərinə görə, ölkənin gələcək informasiya mühitinin, hətta dolayısıyla internetin və sosial medianın inkişafında, Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyasında mühüm rol oynayacaq bir qanun layihəsi ətarfında indi baş ver verənlər təəssüf doğurur:
"Medianın İnkişafı Agentliyi nəzərə almalıdır ki, ondan gözləntilər çoxdur. Biz indiyədək bu sahədə baş verən neqativləri ciddi olaraq tənqid etdikdə ölkənin informasiya sahəsi üçün daha münbit, daha rəqabətli və dayanıqlı bir informasiya mühitinin yaradılmasını arzulayırdıq.
Media haqqında Qanun layihəsi və medianın inkişafına dəstəklə bağlı son zamanlar MEDİA tərəfindən atılan addımlar hələlik gözləntiləri yetərincə doğrultmur.
Prezidentin 12 yanvar 2021-ci il tarixli fərmanı ilə hazırlanmasına iki ay vaxt verilən, kifayət qədər ictimai əhəmiyyət kəsb edən layihənin 6 ay uzadılması anlaşılan deyil.
Ümid edirəm MEDİA qsa müddətdə adı çəkilən qanun layhəsini dərc edərək açıq ictimai müzakirələrə start verəcək və medianın inkişafı üçün daha konseptual bir yanaşma ortaya çıxaracaq".