Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birgə qrant müsabiqəsi elan edib

05-09-2013 / 16:16
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 28 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın 29-cu bəndinə əsasən "İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi" məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə tədbirlər həyata keçirəcək.
 
Elmin İnkişafı Fondu 2013-cü ildə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə nəzərdə tutulmuş bir neçə qrant müsabiqəsindən birincisini İKT üzrə pilot layihə müsabiqəsi kimi elan edib.
Bu müsabiqə fundamental-tətbiqi, axtarış-innovasiya, maddi-texniki təminat, elmi tədbirlərin təşkili və b. tipli layihələri əhatə edəcək.
 
Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İKT-nin inkişafına yönəlmiş elmi-tədqiqat layihələrinin və tədbirlərinin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə məqsədli birgə İKT-2 müsabiqəsini keçirilmiş mətbuat konfransında elan edib.
 
Tədbirdə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış ediblər.
 
E.Vəlizadə bildirib ki, Azərbaycanda son 10 il ərzində ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönələn dövlət proqramları, həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməsini təmin edib. O qeyd edib ki, İKT nailiyyətlərinin ölkədə geniş tətbiqi və bu sahənin daha sürətli tərəqqisinə dövlət tərəfindən xüsusi qayğı ilə yanaşılır. Azərbaycan Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid strategiyası qəbul etmiş (2003-cü il) birinci və yeganə dövlətdir.
 
"Yeni texnologiyaların, o cümlədən İKT sferasının inkişafı Azərbaycanın gələcəyini təmin edən səbəblərdən biridir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bütün sahələr kimi İKT-nin inkişafı istiqamətində görüləcək işlərin parametrlər üzrə müəyyənləşdirilməsi, dövlət başçısının sərəncamı ilə 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması bu sektora göstərilən yüksək diqqətin bariz nümunəsidir". Nazir müavini həyata keçirilən tədbirlər fonunda bu tip müsabiqələrin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
 
Elçin Babayev müsabiqə barədə geniş  məlumat verərək bildirib ki, prioritetlər sırasına İKT və elmi tədqiqatların informasiya təminatı; innovativ inkişaf məsələləri; informasiya resursları; İKT-nin tətbiqi məsələləri; informasiya cəmiyyəti, e-hökumət və humanitar siyasət problemləri; inkişaf indeksləri sistemi, İKT və sosial həyat (tibbi-psixoloji, ailə, cəmiyyət və s.); kibertəhlükəsizlik; informasiya təhlükəsizliyinin siyasi, elmi-nəzəri və texnoloji problemləri; fərdi məlumatların qorunması; "Yaşıl" İKT həlləri; Distant təhsil və İKT tədris resursları; vətəndaşların İKT biliklərinin artırılması; İnternetdə söz azadlığı, insan hüquqları; internetin idarə olunması; Biometrika və kriptoqrafiya; vebometrika; elmmetrika; beynəlxalq və istinad indeksləri; Azərbaycanda elm sahəsində vəziyyətin qiymətləndirilməsi; Azərbaycan elmi jurnallarının elektronlaşdırılması və indeksləşdirilməsi problemləri; İKT üzrə beynəlxalq konfrans (forum və ya festivalın) keçirilməsi və b. məsələlər daxildir.
 
Onun sözlərinə görə, müsabiqə üzrə maliyyələşdirilmənin cəmi həcmi bir milyon iki yüz min manat nəzərdə tutulub. Elmin İnkişafı Fondu müsabiqəyə bir milyon manat maliyyə vəsaiti ayırıb. Müsabiqəyə maliyyə həcminə görə kiçik (10 000 manatadək) və orta (10 000 - 100 000 manat arasında) maliyyə həcmli layihələr qəbul olunacaq.
 
"Müsabiqədə AMEA təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi tədqiqat qurumlarından, QHT-lərdən, İKT ilə əlaqəli şirkətlərdən alim və mütəxəssislər, fərdi şəkildə alimlər iştirak edə bilərlər. Tətbiqi xarakterli layihələrə və müvəqqəti yaradıcı kollektivlərə, adıçəkilən müxtəlif qurumların nümayəndələrindən təşkil olunmuş layihələrə üstünlük veriləcək. Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqəyə təqdim olunmuş layihələrin birgə ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqə bitdikdən sonra uğurlu layihələrin nəticələri üzrə məqalələr toplu (kitab) şəklində çap olunacaq.
 
Müsabiqəyə təqdim edilmiş bütün layihələrin ideyasının obyektiv formada orijinal ifadəsi müəlliflik hüququnun obyekti kimi Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçiriləcək.
Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub".
 
Məlumat üçün bildirək ki, müsabiqə 2013-cü ilin sentyabr - oktyabr aylarını əhatə edəcək. Bu müddət ərzində layihələr qəbul olunacaq, onların texniki və elmi ekspertizası işi təşkil ediləcək. Müsabiqənin nəticələrinin 2013-cü il 10 noyabr tarixində açıqlanması planlaşdırılır.
 
Əlaqə telefonu: (012) 563-61-11 (EİF); (012) 598 19 88 (RİTN)
Elektron-poçt ünvanı: [email protected]; [email protected]
Elmin İnkişafı Fondunun icraçı direksiyası (sdf.gov.az)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (mincom.gov.az)
(ictnews.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə