“Roblox” və “PUBG” kimi kütləvi onlayn oyunlar (MMO) uşaqlar üçün böyük maraq kəsb etsə də, əsas təhlükə bu platformaların özündən deyil, onların açıq ünsiyyət imkanlarından və məzmununa nəzarətsiz istifadəçi girişindən qaynaqlanır.
Xeberler.az bildirir ki, bu barədə Azərtaca-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri ekspert Elvin Abbasov deyib.
“Məsələn, “Roblox”un bəzi ölkələrdə, o cümlədən Rusiyada məhdudiyyətlərlə üzləşməsinin səbəbi uşaqların yaşa uyğun olmayan, qeyri-etik və ya təhlükəli mövzulu istifadəçi tərəfindən yaradılmış oyunlara (UGC) asanlıqla daxil olmasıdır. Həmçinin platformaların sərbəst çat funksiyaları vasitəsilə yad insanların (uşaqlara zərər yetirə biləcək şəxslər, şantajçılar) uşaqlarla əlaqə quraraq onları manipulyasiya etmək riski yüksəkdir. Bunun fonunda, “Mavi Balina” tipli “oyunlar” isə tamamilə fərqli və daha qorxulu bir təhdid növüdür. Bu, bir oyun yox, kiberşantaj və psixoloji manipulyasiya prosesidir. Qeyri-etik “kuratorlar” sosial mühəndislik vasitəsilə həssas uşaqları izləyir, onları təhdid və şantaj edərək özünə xəsarətə və sonda intihara sövq edirlər. Bu tip zərərli çağırışlar (“challenge”) uşağın məxfi məlumatlarını ələ keçirərək təzyiq vasitəsinə çevirir”, - deyə ekspert əlavə edib.
Elvin Abbasov vurğulayıb ki, uşaqları bu ikili təhlükədən qorumaq üçün texniki müdafiə və şəffaf ünsiyyət birgə tətbiq edilməlidir: “Təhlükəsizliyi təmin etmək üçün valideynlər “Parental Control” proqramlarından istifadə etməlidirlər. Bu proqramlar qismində “Google Family Link” (Android cihazlar üçün), “Apple Screen Time” (iOS cihazlar üçün) kimi əməliyyat sistemlərinin daxili həlləri və ya “Kaspersky Safe Kids”, “Qustodio”, “Net Nanny” kimi üçüncü tərəf proqram təminatları tövsiyə olunur. Bu proqramlar uşağın ekran vaxtını məhdudlaşdırmağa, yaşa uyğun olmayan məzmunu filtrləməyə və naməlum tətbiqlərin yüklənməsini bloklamağa kömək edir. Valideynlər bu proqramları uşaqdan gizlətməməli, əksinə, bunun onların təhlükəsizliyini qoruyan bir vasitə olduğunu izah etməklə aralarında etimad körpüsünü qorumalıdırlar. Ən əsası isə, uşağın davranışında yaranan istənilən qəfil psixoloji dəyişikliyi müşahidə etmək və dərhal müdaxilə etmək lazımdır”, - deyə ekspert əlavə edib.
Qeyd edək ki, “Roblox” ənənəvi mənada bir oyun deyil, öz arkada oyunlarınızı (arkada - qısa, lakin gərgin oyun ilə xarakterizə olunan kompüter oyunları janrıdır – red.), simulyatorlarınızı və RPG-lərinizi yarada və ya başqalarının oyunlarını oynaya biləcəyiniz platformadır. Dünyanın ən çox gəlir gətirən və hazırda 32 milyondan çox oyunçusu olan “PUBG Mobile” - “Battle Royale” əslində “Hər kəs, hər kəsə qarşı” deməkdir. “Aclıq oyunları” seriyasına da bənzədilən ümumi oyun ssenarisində 100 iştirakçı heç kəsin olmadığı böyük adaya çatanda təyyarədən tullanmalı və həyatda qalmaq üçün ərazidəki silah, qoruyucu və digər təchizat vasitələri sürətlə toplamalıdır. “PUBG” həyatda qalmaq mübarizəsi olduğu üçün əsas məqsəd matçın sonuna qədər sağ qalmaq üçün əlindən gələni etməkdir.
Son illər ərzində “Mavi Balina” oyunu bir çox ölkədə trend mövzusuna çevrilib. Oyunçulardan 50 gün ərzində 50 əmri yerinə yetirmələri tələb olunur. Başlanğıcda, “Gecənin ortasında oyan” və ya “Qorxu filminə baxın” kimi əmrlər zərərsiz görünür. Bununla belə, əmrlər getdikcə daha şiddətli və psixoloji məcburiyyətə çevrilir. Rusiyada yaranan oyun Ukrayna, Hindistan, ABŞ və Türkiyə də daxil olmaqla bir çox ölkədə gənclərin intiharı ilə əlaqələndirilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları