Hər il dünyanın nəhəng İT şirkət, proqram təminatı, axtarış sistemi, sosial şəbəkə nümayəndələrinin toplaşdığı bir məkan var: İrlandiyanın paytaxtı Dublin. Burada noyabr ayında 10 minlərlə texnoloji sahə ilə əlaqəli insan toplaşır, ideyalarla bölüşürlər. Artıq 2-ci ildir Azərbaycanın da nümayəndələri Dublin Veb sammitinə qoşulurlar. Tədbirdə Azərbaycanı təmsil etmiş alkredit.az , nettrends.az layihələrinin rəhbəri, İT mütəxəssisi Elşad Yusifli Dublin səfərinin detalları ilə bölüşüb.
- Dublinə əsasən alkredit.az
layihəsi ilə getmişim. Rəşad Əliyev “Bethclip”, Dilarə Rüstəmzadə “TuningFork”,
İlqar Tağıyev “MedNot” startap layihələrini veb sammitdə təqdim etdilər. Ötən ilə nisbətən bu il daha möhtəşəm
keçdi. Ora dəvətlə gedəndə daha asan başa gəlir, amma bu il bir az tələsik oldu
deyə elə öz təşəbbüsümlə Dublinə yollandım. Mən maliyyə ilə bağlı layihələrə baxdım,
dünyada buna qısaca “fintech” deyirlər. Yəni “finans” və texnologiyanın birləşməsi.
- Oxşar layihələr varmı?
- Əlbəttə az deyil. Dünyada elektron
ticarət çox inkişaf edib, bir çox layihə ödəmə ilə əlaqəlidir. Yəni mobil telefon,
kartdan ödəmə, təhlükəsiz ödəmənin müxtəlif yolları axtarılır. Bir ölkədən başqa
ölkəyə pul köçürmələri əhəmiyyət kəsb edir. “İnternetdən alış-veriş edirəm, ödəməni
necə reallaşdırım” sualı hamını düşündürür.
- Yəqin dünyada alkredit.az kimi,
yəni bir platformada banka getmədən kredit əldə etmək imkanı verən layihə çoxdan
var.
- Dünyada belə layihələr kifayət
qədərdir. Ölkədə xeyli gerilik var bu sahədə. Hamıda 10 ildir artıq olan onlayn
müraciət bizdə hələ yoxdur. Azərbaycanda qlobal layihə reallaşdırmaqdansa, elə ortada
olan qüsurları gərək aradan qaldıraq. Bazar dolmalıdır ki, sonra keçək daha qlobal
texnologiyalara. Məsələn, virtual portmane kimi. Bizdə bir “Axundov qrup” var, düzəldir
bunu.
- Nəyə xidmət edir bu virtual portmane?
- İnternetdə “WebMoney”, “PayPal”,
“Yandeks denqi” kimi belə portmanelər çoxdur. Ora pul yerləşdirilir. Bütün alış-veriş
oradan reallaşır, daha hər yerdə bank hesablarınızın izini qoymursunuz. Həm əlverişlidir,
həm də bu sistemlər də kifayət qədər təhlükəsizdir.
- Daha nə maraqlı layihələrlə maraqlandınız?
- “Big data” problemi var hazırda
dünyada, yəni məlumat sayı o qədər artıb ki, artıq məlumatda maraqlı tərəfə bu informasiyaları
qarışıq yox, səliqəyə salınmış, analiz edilmiş vəziyyətdə çatdırmalısan. Bu məhsulunu
reklam edən şirkətlərə çox vacibdir. İstifadəçi hara girib, hansı mövzu ilə maraqlanıb
kimi məsələlərə diqqət yetirirlər. Hər bir kompüter izlənilir müxtəlif proqramlarla,
bu məlumatlar toplanır bir data bazada, analiz edilir, istifadəçinin obrazı formalaşırdırılır,
ona uyğun da reklam təqdim edilir.
- Veb sammitdə nə qədər iştirakçı
vardı?
- Tədbirdə yalnız qeydiyyatdan keçən,
stend quran 2600 startap gəlmişdi. Yəni öz innovativ biznes ideyasını dünyaya təqdim
edən bu qədər iştirakçı vardı. Bunları da kateqoriyalara bölmüşdülər, deyək, musiqi,
maliyyə, elektron ticarət və sair. Robot qurucuları, 3D printer yaradıcılarına da
rast gəldim. Əgər ötən il bir böyük zal, 2 kiçik zal vardısa, bu il artıq əlavə
bir binanı da kirayə etmişdilər. Həm startap, həm də şirkət çox idi. Dublin sammitinə
28 min insan qoşulmuşdu. Bizə belə dedilər.
- Dublin kimi bir kiçik şəhər bu qədər
insanı necə qəbul etmişdi?
- O əslində çox maraqlı məsələdir.
Dublin balaca şəhərdir, bu başından o başına yarım saata gedərsən. Oteldən elə sərgi
salonuna piyada da gedirdik. Di gəl, şəhərin turist qəbul etmək imkanları çoxdur.
Çoxlu balaca “hostel”lər var, şəraiti normal, qiyməti də aşağı. Yəni 20 dollara,
səhər yeməyi də daxil olmaqla təmiz, gözəl “hostel”lər boldur. Dublində böyük şirkətlərin
nümayəndəlikləri də az deyil. Onların otellərlə müqavilələri var, yaxşı endirim
edilir. Turist axını da böyükdür deyə, turizm sektoru dolanır. Google, Facebook-un
əsas Avropa mərkəzləri İrlandiyadadır, bu səbəbdən həm də biznes insanlarının axını
var bura.
- Startaplardan əlavə hansı böyük
şirkətlərin nümayəndələri sərgidə təmsil olunmuşdu?
- Dünyanın bütün əhəmiyyətli İT şirkətləri
orada təmsil olunurdu. Twitter, Google, Facebook, İntel, HP – hamı oradaydı.
- Yəqin nəhəng şirkətlərin də öz maraqları
var: ideya axtarırlar. Kiçik startapa ideya reallaşdırmaq çətindir, böyük şirkətlə
yəqin iş birliyi qurmaq da olar.
- Texnoloji şirkətlərin bəzi investor
qolları da gəlir sərgiyə. Bizdə hər il “Bakutel” sərgisi keçirilir, onların bu təcrübəsindən
istifadə edilmir. Yəni Dublin sammitində sərgidən əlavə 4-5 dənə 500-1000 nəfərlik
konfrans zalları var. Tədbir boyunca orada debat keçirilir, proqramı da hamıya girişdə
paylanılır, hər şirkətin öz çıxışları olur. Kim istəsə, qoşula bilər. Məsələn, “Twitter pulu necə qazanır” mövzusunda debat ola
bilər, ya Google nümayəndəsi gəlir “big data” problemindən danışır. Çünki hər gün
artan məlumat bazası bu şirkətin əsas problemidir, necə saxlamaq, hara yerləşdirmək,
lazımsız fayllardan necə yaxa qurtarmaq haqda
danışılır. Həmin konfrans zallar ağzına kimi dolu olur.
- Nəsə bir maraqlı tanışlıq, əlaqə
qura bildinizmi?
- Orada sistem belədir: hər 2-3 metrdən
bir stend düzülür. Bu stendlərin arası ilə gəzib öz marağına uyğun layihə axtarırsan.
Mənə maraqlı startaplarla əlaqə qurdum, tanışlıq etdim. Burada qarşılaşdığım bəzi
problemləri onlardan soruşurdum. “Bunu necə həll etdiniz”, “bu çətinlikdən necə
qurtuldunuz” suallarını verirdim. Hamı da açıqdır dialoqa, danışırdıq, bir-birimizə
yardım edirdik.
İsmayıl Rafiqoğlu
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri