Bu gün sosial şəbəkələr ölkəmizdə xeyli populyardır. Bir çox kütləvi informasiya vasitələri, şirkətlər, ayrı-ayrı qurumlar, tanınmış insanlar-ictimai-dövlət xadimləri, məmurlar, eləcə də adi vətəndaşlar bu sosial media vasitələrindən yetərincə bəhrələnməyə çalışır, özlərinin və ya öz məhsullarının PR-ını aparırlar, müxtəlif xidmətlər təklif edirlər.
Günümüzün reallığıdır ki, sosial şəbəkələr bu gün virtual ünsiyyət qurmaq, məktublaşmaq və s. vasitəsi olmaqdan daha çox bu işə xidmət edir.
Lakin, etiraf etməliyik ki, sosial şəbəkə istifadəçilərinin heç də hamısı bu PR-dan düzgün qaydada istifadə etmir. Bir çoxları işgüzarlıq nümayiş etdirərək real oxucu kütləsi qazanmaq əvəzinə, saxta yollara baş vururlar. Xüsusən də, Facebook-da layk (like) saxtakarlığı baş alıb gedir və istifadəçilər öz səhifələrinin reytinqini qaldırmaq, başqalarını öz şəxsi paylaşımlarına, eləcə də səhifələrinə cəlb etmək və s. kimi məqsədləri üçün süni şəkildə bəyənmə vasitələrinə əl atırlar.
Xeberler.az olaraq növbəti yazımızda sosial şəbəkələrdə süni bəyənmə halllarının artırılması və onunla necə mübarizə aparmağın yollarına baş vurduq.
Öncə qeyd edək ki, bu işlə məşğul olan xeyli sayda İnternet resurslar var və həmin resursların əksəriyyəti ingilis və ya türk saytlarıdır. Hubblaa.me, fisaliker. com, begen.Us, takips. Com, takipcik.com, ucuz-takipci-al.com, takipcihavuzu.gen.tr, twittroloji.com və s. sadalamaq olar.
Onlardan bir neçəsini sizə təqdim edirik:
Begen.us- Facebook-dan asılı olmayan, Facebook kimi müxtəlif sosial şəbəkələrdə bəyənmə sayını artıran tətbiqdir. Sistem heç vaxt istifadəçilərinə zərərverici spamlar göndərmir. Facebook-da baş verən hər hansı bir nasazlığa görə bu sistem heç bir məsuliyyət daşımır. Google Chrome və Firefox internet brauzerindən istifadə edərək tətbiqetməni həyata keçirə bilərsiniz.
Takips.com- Bəzi twitter istifadəçiləri sosial şəbəkədə tanınmaq üçün bu tətbiqdən istifadə edirlər. Hazırda 10 mindən çox istifadəçi bu proqrama qoşulub və süni şəkildə minlərlə abunəçi və retwett qazana bilirlər. Sayt kredit sistemiylə işləyir. Belə ki, sistemdən qeydiyyatdan keçən hər bir kəsə abunəçi olmaqla və onların twittlərini retwitt etməklə kredit qazanırsınız və qazandığınız ballar əvəzində sizin də abunəçilərinizin sayı artır.
Azəri like sistemi – (Azelike.ru) - Facebook-da layk sayını artırmaq üçün yaradılan saytdır. Sayt rəsmisindən əldə etdiyimiz məlumata görə, hazırda sayt işlək vəziyyətdə deyil, tezliklə istifadəçilərin istifadəsinə veriləcək.
Bəs, görəsən, ümumiyyətlə, sosial şəbəkələrdə həyata keçirilən bu saxtakarlıq nələrə gətirib çıxarır? Süni şəkildə “like” qazanmağın mənfi və müsbət tərəfləri nələrdir?
Rəqəmsal yayımcılıq üzrə mütəxəssis Rüstəm Həsənov Xeberler.az-a bildirib ki, başda Facebook olmaqla sosial mediada, süni izləyici və bəyənmə sayının satın alınması ödəniş qarşılığında həyata keçirilir.
Onun sözlərinə görə, pulla izləyici satın alan hesablar, həmin hesabların məxsus olduğu şirkət və ya qurumlar bu yolla haqsız rəqabətə yol açırlar:
“Əslində proses çox sadə şəkildə işləyir. Hansısa şəxs və ya şirkət spam alqoritmi yazır və yazılmış alqoritmi müəyyən kanallar vasitəsi ilə çox saylı istifadəçi kütləsinə çatdırır. Sosial şəbəkələr, elektron poçtlar, qaynağı bilinməyən proqramlar bu kanallara ən yaxşı nümunələrdir. Əsasən qısaldılmış link olaraq göndərilən bu zərərli bağlantıları klikləyən istifadəçilər, özləri belə fərqində olmadan tələyə düşürlər. Sözü gedən zərərli bağlantılar vasitəsi ilə kompüterə yoluxan, əməliyyat sisteminin və ya istifadə olunan veb brovser-in arxa fonunda çalışan zərərli proqramlar, bu bağlantıları klikləyən istifadəçilərin hesablarını pis niyyətli insanların ixtiyarına verir. Bu üsulla da zərərli proqramların sahibi istədiyi zaman, istədiyi səhifəni və ya paylaşımı istədiyi istifadəçinin adından bəyəndirə və izlətdirə bilir”.
Rüstəm Həsənov istifadəçilərə bir neçə məsləhətlər görür: “Sosial media mühitində problemlər kimi çarələr də tükənməzdir. Amma yenədə bu tipli təhlükələrdən qorunmaqda əsas yük istifadəçilərin öhdəliyinə düşür. İstifadəçilər kompüterlərində antivirus və ya bənzər anti-spam proqramlarının olmasına diqqət yetirməlidir. Veb brovserlərin genişləndirilmələri yalnız rəsmi mağazalardan və ya etibarlı qaynaqlardan yüklənilməlidir. Mənbəyi bilinməyən proqramlar kompüterə quraşdırılmamalıdır. Tərkibindən əmin ounmayan və özəlliklədə qısaldılmış şəkildə sosial şəbəkələr və ya elektron poçt vasitəsi ilə göndərilmiş linklər açılmamalıdır”.
“Səhifənin süni yolla bəyəndirilməsinin qiyməti 10-15 manat arasında dəyişir”.
Rüstəm Həsənov bildirir ki, süni izləyici və bəyənmə sayının satın alınması zamanı qiiymətdə endirim də olur: “Günümüzdə yerli bazarda ortalama olaraq 1000 istifadəçi tərəfindən səhifənin süni yolla bəyəndirilməsinin qiyməti 10-15 manat arasında dəyişir. Hətta kütləvi şəkildə bəyənilmə olduqda qiymətdə endirim də edirlər”.
“300.000 bəyənilmə sayı olan səhifənin aktivlik dərəcəsi 50-dirsə, vəziyyəti “şübhəli” hesab etmək olar”.
Mütəxəssisin sözlərinə görə, bir neçə il öncə bu saxtakarlıq tendensiyası sadəcə Facebook mühitində vardısa, bu gün bu sıraya spam profillərinin çoxluğundan əziyyət çəkən Twitter və İnstagram-da qoşulub: “Ödəniş qarşılığında yayımlanan reklamlarla bəyənmək və izləyici sayının artırılması böyük sosial şəbəkələrin əsas gəlir modelidir. Belə olduğu halda şirkətlərdə bu neqativ halla mübarizə yollarını axtarmağa və ya mövcud mübarizə usullarını daha da təkminləşdirməyə məcbur olurlar. Misal üçün 2013 - cü ilin iyun ayında Twitter “yumurta hesab” olaraq adlandırdığı bir əməliyyat ilə saxta və uzun müddət aktivlik göstərməyən hesabları sosial şəbəkədən silmişdi.
2014 - cü ildə İnstagram ilk dəfə saxta profillərin sayının sürətlə artığını və profillərə qarşı sosial şəbəkə daxilində xüsusi anti-spam sisteminin təkminləşdirildiyini açıqlamışdı.
Son olaraq, martın 12-də Facebook səhifə bəyənmə alqoritmələrində dəyişiklik etdi. Son dəyişikliklə bərabər böyük izləyici kütləsi olan səhifələrin bəyənilmə sayında böyük olmasada azalmalar hiss olunurdu. Ortalama 3 milyon bəyənilmə sayı olan bir Facebook səhifəsi ən az ümumi bəyənilmə sayının 1% dəyərindəki “istifadəçi” kütləsini itirdi. Normal hallarda bu tip saxtakarlıqları ilk baxışda da müəyyən etmək mümkündür. Misal üçün: 300.000 bəyənilmə sayı olan səhifənin aktivlik dərəcəsi 50-dirsə, vəziyyəti “şübhəli” hesab etmək olar”.
Rüstəm Həsənov onu da qeyd edir ki, hətta bu xidmətləri xarici ölkələrdə açıq-aydın satan şirkətlərdə mövcuddur. Onun sözlərinə görə, məşhur marka və brendlərin də bu şirkətlərin ən yaxşı müştəriləri sırasında yer aldığı bilinən bir reallıqdır.
Sahil İT şirkətinin direktoru, ekspert Vahid Qasımov Xeberler.az-a bildirib ki, süni izləyici və bəyənmə sayının artırılması adətən saxta profillər tərəfindən həyata keçirilir:
“Facebook rəhbərliyi bu yaxınlarda tənzimləmə siyasəti həyata keçirdi və xeyli sayda saxta profilləri sildi. Məlum oldu ki, bu günə qədər aparıcı mobil operatorların yığdıqları 10 minlərlə layklar saxta imiş. Təəssüf ki, həmin səhifələr bəyənmə sayını artırmaq üçün süni qaydalara əl atmışdı”.
“Facebook bu tətbiqlərdən istifadə edən istifadəçilərin profilini bağlaya da bilər”
Vahid Qasımovun sözlərinə görə, süni izləyici və bəyənmə sayının artırılmasının heç bir müsbət tərəfi yoxdur: “Yeganə müsbət cəhət o ola bilər ki, səhifənin “layk göstəricisini” artırır. Əgər, kimsə səhifəyə sırf rəqəmə görə hörmət qoyursa, münasibət bildirirsə, bu proqramlardan istifadə edənlər üçün hər hansısa bir müsbət tərəfi ola bilər. Amma hər halda hər hansısa bir saxtakarlığın müsbət tərəfi ola bilməz”.
Vahid Qasımov onu da vurğulayıb ki, saxta profillər Facebook qaydalarına ziddir və Facebook rəhbərliyi bununla mübarizə aparır: “Facebook bu tətbiqlərdən istifadə edən istifadəçilərin profilini bağlaya da bilər. Hər halda bu Facebook rəhbərliyinin siyasətindən asılıdır”.
Sosial media üzrə mütəxəssis Fərid Hacıyev süni şəkildə laykların artırılma mexanizmindən danışır: “İnternetdə Facebook səhifələrə və ya paylaşımlara süni şəkildə layk artırmaq üçün bir çox ödənişli servislər var.
Bu servislər çox ucuz qiymətlərə (1000 layk təxminən 10 dollara) xidmət təklif edirlər. Amma məsələ bundadır ki, bu layklar rəqəmdən başqa bir şey olmur, yəni həmin layklar real insanlar olmur, real görünən profillər olsa da onların səhifədə aktivliyi olmur.
Real profillər tərəfindən like verən servislərinin işləmə mexanizmi belədir: insanlar servisə qoşulur( Əsasən Türkiyə, Hindistan, Yapoiya və s.) və onlara hər layka görə müəyyən məbləğ verilir (məsələn: 0.001 dollar) bu şəkildə servisə like sifariş verən müştəriyə xidmət göstərilir”.
Fərid Hacıyev hesab edir ki, insanları səhifəyə cəlb etmək üçün real imkanlardan faydalanmaq lazımdır:
“Əgər biznes qurumumuz üçün və ya məhsulunuzun tanıtımı üçün səhifə yaradırıqsa və bu səhifəyə insanları cəlb etmək istəyiriksə, bunu Facebook-un təklif etdiyi reklam imkanı ilə etmək daha yaxşı olar. Çünki burada səhifəni real insanlar bəyənəcəklər və onlar səhifədə aktivlik göstərəcəklər. Bizə isə saydan önəmli olan məhsulun tanıdılmasıdır , satışdır və s.”.
“Bəzi şirkət rəhbərləri az pul xərcləməklə çox layk yığmağa təşəbbüs göstərirlər”
Rəqəmsal marketinq üzrə mütəxəssis Fərhad Ələkbərov Xeberler.az-a məsələylə bağlı şərh verib. O, vurğulayıb ki, bəzi şirkət rəhbərləri az pul xərcləməklə çox layk yığmağa təşəbbüs göstərirlər:
“Bəzi şirkət rəhbərləri öz imiclərini qaldırmaq üçün səhifələrində etdikləri hansısa paylaşımın izlənmə sayının çox olmasını istəyirlər. Lakin buna çox az pul xərcləmək istəyirlər.
Göstəricinin çox olması yaxşı bir haldır, amma bu say göstəricisi real olmalıdır. Məsələn, Romantik mağazalar şəbəkəsi həmişə elan edir ki, biz Azərbaycanda ən çox bəyənilən səhifəyik. Azercell həmişə bildirir ki, biz ən çox bəyənilən mobil operatoruq. Bu prestij sayılır və aydındır ki, buna çoxlu pul xərcləyiblər. Belə desək, hər bir laykın arxasında real istifadəçilər oturur və bu bəyənilən haldır. Pul xərcləmək istəməyən şirkətlər isə İnternetdə yerli istifadəçiləri təqdim edən insanların əməyindən istifadə edirlər. Onlara 400-500 manat verməklə, səhifədə 10-50 min süni bəyənmə sayını artıra bilirlər”.
Fərhad Ələkbərov da qeyd edib ki, səhifələrdəki süni laykları müəyyən etmək elə də çətin deyil. Əgər səhifədə 10 min layk varsa, və heç bir aktivlik yoxdursa, deməli bu ölü layklardır. Say var, amma aktivlik yoxdur: “Adi istifadəçilər süni şəkildə bəyənmə sayını artırmaq xidmətindən istifadə etməkdə çətinlik çəkə bilər. İnkişaf etmiş kompüter istifadəçisi xüsusi proqramlardan istifadə edərək bunun yoluna tapa bilər. Fake profillər yaratmaqla proqram vasitəsilə səhifələrin bəyənilməsində istifadə edə bilərlər”.
Mütəxəssis onu da vurğulayıb ki, media analitik və tədqiqat şirkəti olan Socialbakers (socialbakers.com) tərəfindən media, eləcə də əyləncə saytlarında, Facebook səhifələrdə aktivliyin monitorinqi aparılır və monitorinqin nəticələri həftəlik və aylıq olaraq açıqlanır.
Facebook-da kifayət qədər tanınan, 570 mindən çox olan real oxucuları öz ətrafında cəmləşdirə bilən “Bizimyol.info” səhifəsinin admini, saytın əməkdaşı Cavid Qurbanov oxucuları səhifəyə cəlb etməyin sirrlərini Xeberler.az-la bölüşüb:
“Səhifəmizi bəyənənlər bunu öz xoşları ilə edir. Əsas məsələ insanları bezdirməmək və kütləni nəzərə almaqdır. Heç kimi narazı salmamaq yolu ilə üzvlərin sayını artırmaq olar. Bundan əlavə üzvlərin özlərinin çəkdiyi hər hansı bir hadisəni işıqlandıranda ona istinad etmək lazımdır. Bunu görən oxucu artıq 2-ci dəfə bir hadisəni gördükdə çəkir və bizə göndərir.
Səhifəni aktiv saxladığımıza görə hər gün əlavə izləyicilər qoşulur. Şou mövzulardan başqa bütün sahələrdən xəbərləri paylaşmaq lazımdır. Şounu onsuz da televiziyada görür insanlar. Gündəm nədirsə həmin mövzunun abu-havasına uyğun paylaşımlar etmək lazımdır.
Onu da deyim ki, Səhifəmizdə indiyə qədər reklam verilməyib. "Verilib" deyənlərə dəfələrlə demişik ki, screenshoot göndərin, amma göndərə bilməyiblər”.
Mirvari Nəcəf
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri