“Şirkətlər sosial media işini agentliyə həvalə etməlidir”

15-07-2015 / 11:20

Məhsulun və xidmətlərin tanıtımı, auditoriyanın diqqətini çəkmək hər bir şirkətin uğurunun əsas elementlərindəndir. Satışın və xidmətin effektiv təşkili üçün müştərilərlə ünsiyyət də vacibdir. Bütün bu xüsusiyyətləri özündə cəmləyən marketinq alətlərindən biri də Sosial Media Marketinqidir (SMM).

Xeberler.az Azərbaycanda bu sahənin vəziyyəti, şirkətlərin sosial mediadan necə istifadə etməsi, bu sahəyə gəlmək istəyən gənclərin necə istiqamətlənməsi ilə bağlı İmpler Agentliyinin Digital direktoru, Sosial Media və Digital Marketinq üzrə mütəxəssis İlqar Mirzə ilə söhbətləşib. 

Uzun müddət bu sahədə çalışan, bu sahədə bir sıra uğurlu layihələrə rəhbərlik edən İlqar Mirzənin Xeberler.az-a  müsahibəsini təqdim edirik.

- İlqar bəy, Azərbaycanda Sosial Media Marketinq (SMM) necə inkişaf edir? Bu proses nə vaxtdan etibarən başlayıb?

-Sosial media Azərbaycanda 6-7 ildir ki, məşhurlaşmaqdadır. Son 3-4 ildə isə marketinq aləti kimi də sürətlə inkişaf edir. Sosial şəbəkələr geniş yayılmağa başlayan kimi sosial media marketinq aləti olaraq ilk öncə Facebook məşhurlaşdı. Beləliklə də, sosial media menecment və sosial media marketinq xidmətləri dəbə düşməyə başladı. Barcamp adlı təşkilatımızın da yaranması elə həmin dövrə təsadüf edir. Təşkilatın əsas fəaliyyəti sosial media və İnterneti daha da məşhurlaşdırmaq, mütəxəssislərin fikir mübadiləsi üçün müxtəlif tədbirlər, konfranslar və seminarlar təşkil etmək idi.

- Ümumiyyətlə, sizcə ölkəmizdə SMM mütəxəssislərin fəaliyyətini necə dəyərləndirmək olar? Bu sahədə mütəxəssislər çoxdurmu?
-Azərbaycanda bu sahədə olan mütəxəssislərin sayı olduqca azdır. Bazar sürətlə böyüyür, tələbat olduğu üçün rəqabət də artır. Mütəxəssislər az olsa da, onlara tələbat az deyil. Kadrların formalaşması prosesi ləng getdiyi üçün təcrübəli kadrlar azdır. Çox fəxr edirəm ki, hazırda sosial media və digital marketinq sahəsində çalışan mütəxəssislərin böyük hissəsi Barcamp-ın iştirakçıları olublar. Onların bir çoxu hazırda məşhur şirkətlərdə bu sahədə çalışırlar.

- Sosial media meneceri necə olmalıdır? 
İnternetə vurğun adam olmalıdır. Uzun müddət İnternetdə vaxt keçirməyi sevməlidir. Hər şeydən məlumatlı olmağa çalışmalı və günün, hadisələrin terindini tutmağı bacarmalıdır. Eyni zamanda, bir çox texniki alətlərin zaman-zaman necə dəyişdiyini, hansı imkanların əmələ gəldiyini daim izləməli və onları istifadə etməyi bacarmalıdır. İnternet, sosial media və İnternet marketinq elə sahələrdir ki, sadəcə ona aid materiallar oxumaqla kifayətlənmək olmur.  Sosial media menecerinin işi təkcə kontent hazırlayıb paylaşmaqla bitməməlidir, o həm də müxtəlif marketinq qaydalarını, həmçinin gündəmi və trendləri də işinə tətbiq etməyi bacarmalıdır.

- Müşahidələrimiz göstərir ki, son dövrlərdə SMM sahəsində yadda qalan kampaniyalar, aksiyalar, maraqlı layihələr çox azdır. Bunu necə izah etmək olar ? 
- Qətiyyən razı deyiləm. Əslində deyərdim ki, onların sayı azalmayıb, əksinə həm sayı, həm də keyfiyyəti az-çox artıb. Son zamanlar həm şirkətlər, müxtəlif təşkilatlar, hətta dövlət qurumları belə sosial şəbəkələrdən aktiv istifadə etməyə çalışırlar. Azərbaycanda təkcə Facebook istifadəçilərinin sayı 1,5 milyondan çoxdur. Facebook imkan verir ki, eyni bir reklamı hamı görməsin. Xüsusi yaş, cins, maraq və s. kriteriyalar müəyyənləşdirir və auditoriyanı hədəfləyir. Sosial medianın da gücü ondadır ki, maraqlı kampaniyalar viral olaraq istifadəçidən-istifadəçiyə yayıla bilər. Bu səbəbdən şirkətlər də keyfiyyətli reklam və kampaniyalar etməklə öz auditoriyasının diqqətini cəlb etməkdə maraqlı olurlar.

- Şirkət büdcəsindən pul ayırıb, sosial mediada reklama vəsait yatırmaqda niyə maraqlı olmalıdır? Sosial mediada reklam vacibdirmi?
-İnternet reklam digər reklam imkanları ilə müqayisədə daha ucuz başa gəlir. Müxtəlif alətlərin köməyi ilə reklama yatırılan vəsaiti daha effektiv sərf etmək olur. Bu səbəbdən iqtisadi böhran keçirən ölkələrdə İnternet reklam bazarı sürətlə inkişaf etməyə başlayır. Azərbaycanda Facebook-dan milyon yarım şəxs istifadə edir, Instagram istifadəçilərinin sayı da sürətlə artır. O qədər istifadəçilərin arasında təbii ki, şirkətin potensial müştəriləri var və şirkət onlara daha yaxın olmaq üçün bu alətlərdən-sosial media marketinq və ya digər İnternet marketinq alətlərindən istifadə edir.

-SMM mütəxəssislərin hazırlıq vəziyyəti necədir? Harada hazırlanır bu mütəxəssislər?

-Azərbaycanda bu sahədə ali təhsil yoxdur. Əslində hal-hazırda Sosial Media Meneceri olmaq üçün xüsusi ali təhsil heç vacib də deyil, çünki bu sahə o qədər dinamikdir ki, tələbənin bu il öyrəndikəri gələn il aktual olmaya bilər.

Qeyd edim ki, Azərbaycandakı kimi çevik olmayan təhsil sistemi ilə bu sahədə akademik təhsil qurmaq xüsusən çətindir. Təsəvvür edin, 4 il əvvəl bu sahə yox idi və 4 ildən sonra nəyə çevriləcəyi naməlumdur. Belə dar ixtisasların akademik təhsilini yaratmaq çətin prosesdir. 

Buna baxmayaraq, bizim universitetlər təhsil proqramlarını təkmilləşdirməkdə daha çevik olsalar, tədris prosesində təcrübəyə, praktikaya daha çox yer versələr, həmçinin gənc mütəxəssisləri tədris prosesinə cəlb etməyə çalışsalar, kadr hazırlığı prosesinə böyük dəstək vermiş olarlar.
Gənclərin fərdi inkişafına gəldikdə isə əsas problem onların heç bir təcrübə və dərin bilikləri olmadan yüksək maaş iddia etmələridir, çox kiçik bir hissəsi praktika keçməyin və ixtisaslaşmanın vacibliyini başa düşürlər. 

Şirkətlər də bu sahədə mütəxəssis olmaq istəyən şəxslərə xeyli müddət və investisiya yatırmalıdırlar. Təəssüf ki, bunu heç də bütün şirkətlər etmirlər və bunun bir çox səbəbləri var, bu məsələdə sahibkarları da qınamaq düzgün deyil. Bu baxımdan mütəxəssis olmaq istəyən şəxs öz üzərində çox çalışmalı, mütəxəssisə çevrilməkdə iddialı olmalıdır.

- Ümumiyyətlə bizdə şirkətlərdə SMM mütəxəssislərin, belə demək mümkünsə, “xüsusi çəkisi” yetərincədirmi? Yoxsa  bu vəzifə sıradan bir ştat hesab olunur? Yəni, şirkətlər, əməkdaşlar SMM mütəxəssisin əhəmiyyətini dəyərləndirirlərmi?

- 2-3 il bundan öncə bəzi şirkətlər Facebook-u, Twitter-i, ümumiyyətlə İnterneti ciddi bir reklam mühiti kimi görmürdülər, buna “tələbə işi” kimi baxırdılar. Söhbət təcrübəsiz şirkətlərdən gedir təbii ki. Zaman keçdikcə fikirlər dəyişir. Şirkət rəhbərləri özləri də aktiv İnternet istifadəçilərinə çevrildikcə bu sahənin əhəmiyyətini anlamağa başlayırlar və şirkətlərində bu fəaliyyəti qurmağa çalışırlar.

- Tutaq ki, şirkət yaxşı bir SMM mütəxəssis axtarır, onu necə tapmalıdır? Həm də onun bacarıqlarını necə yoxlayıb işə götürməlidir? Yəni yaxşı SMM mütəxəssis özünü necə təsdiq etməlidir?

- Bu çox spesifik və individualdır. Hər şirkət sosial media menecerinin necə olacağını özünə görə müəyyənləşdirir. Bəziləri sıfırdan mütəxəssis yetiştirməyi daha üstün tutur və ona invetisiya yatırır. Təcrübəli kadrlar az olduğu üçün onların maaş iddiaları da yüksəkdir və heç də bütün şirkətlər belə mütəxəssis saxlaya bilmirlər. Bəzi şirkətlər də var ki, sosial media işini xüsusi agentliklərə, reklam şirkətlərinə həvalə edirlər. Hər şirkətin siyasəti və düşüncələri fərqli ola bilər.

- İlqar bəy, bəs Siz özünüz bu haqda nə düşünürsünüz ?
Mənim bir mütəxəssis kimi fikrimcə şirkətlər üçün ən əlverişlisi agentliyə həvalə etməkdir. Onu da nəzərə almaq lazımdır ki, professional sosial media marketinqdən gedirsə, onun komandası olmalıdır. Misal üçün, keyfiyyətli vizuallar, şəkillər üçün dizaynerin olması mütləqdir. Sosial media marketinq işini  professional görmək istəyən şirkət bir işçidən asılı olmamalıdır və bu işi ixtisaslaşmış şirkətlərin, mütəxəssisin öhdəsinə buraxmalıdır. Azərbaycan şirkətləri isə bu formada işləməyə meyilli deyil. Onlar istəyir ki, işçilər yanında olsun, fiziki olaraq göz qabağında olsun, bütün gününü ona sərf etsin və s. Bu təsəvvürlər sahibkarlarımıza sosial media, digital marketinq sahəsində uğur qazanmağa mane olan səbəblərdən biridir. 

- İlqar bəy, sıfırdan başlayan bir şirkət necə etməlidir ki, o sosial mediada qısa zamanda tanınsın?

Qısa zamanda tanınmaq deyil, düzgün tanınmaq daha vacibdir. Bunun üçün əvvəlcə şirkət müəyyənləşdirir ki, onun alıcısı, auditoriyası kimlərdir. Sonra hesablamalıdır ki, onun auditoriyası nə dərəcədə sosial şəbəkələrdə aktivdir. Daha sonra məqsədləri müəyyən edir ki, şirkəti, məhsulu hansı yöndən tanıtmaq istəyir. Ona uyğun olaraq şirkət mütəxəssisi cəlb edə bilər ki, bu işlə bağlı strategiya yaratmağa kömək etsin. Strategiyada şirkətin sosial mediada iştirakının necə olacağı, nələri edib, nələri etməməli olduqları göstərilməlidir. Daha sonra sosial media meneceri də hazırlanmış strategiyanı nəzərə alaraq işini icra edir. Onu da bilmək lazımdır ki, sosial media şirkətin görünən üzüdür - bütün tənqidlər, təkliflər də bu kanal vasitəsilə daxil olur. Burda buraxılan xətalar da dərhal yayılır və neqativ təsirlər yarada bilər. Sosial Media Meneceri bunlara da hazır olmalıdır. Şirkətlər mütəxəssisləri konsultant kimi dəvət etməyə və agentliklər cəlb etməkdən çəkinməməlidirlər.

Qısası, sosial media kömək etməlidir ki, məhsul, xidmət, marka haqqında istifadəçilərdə təsəvvürlər yaransın. Təbii ki, auditoriyanı düzgün məlumatlandırmağı bacarmaq peşəkarlıqdan irəli gələn məsələdir. O ki, qaldı büdcələrə, 100 manatdan başlayaraq minlərlə manata qədər dəyişə və büdcədən asılı olaraq reklam daha geniş kütləyə yayıla bilər.

-Bəzən müşahidə edirik ki, sosial şəbəkələrdə aktiv olan, məsələn 5000 istifadəçisi olan bir səhifənin admini deyir ki, artıq mən SMM mütəxəssisəm. Bu nə dərəcədə doğrudur?

Bunu qiymətləndirmək onu işə götürən menecerlərin bacarıq səviyyəsindən asılıdır.Yəni kobud desək, əgər işə götürən bilmirsə ki, sosial media nə üçündür və bu işçinin öhdəliyi nədən ibarətdir, təbii ki, işə götürdüyü kadr da səriştəsiz ola bilər. Yəni, səbəbi təkcə mənəm-mənəm deyən şəxsdə yox, onu işə götürəndə də görmək lazımdır.

- Hazırda bu sahədə əsas trendlər hansılardır? Şirkət hansı addımları atmalıdır ki özü, bredləri, xidmətləri, istifadəçilərlə əlaqələr qurulması həllində sosial mediada uğur qazansın?

- Əsas trend məzmunun keyfiyyətini artırmaqdır. Kontent nə qədər keyfiyyətli və auditoriyaya uyğun olarsa reklamın effektivliyi də o qədər yüksək olar. Digər tendensiyalar video kontentə meyllilik, istifadəçiləri addıma sövq edən kontent yaratmaq, həmçinin onları kontent yaratmaq prosesinə cəlb etməkdir. Və təbii ki, getdikcə Azərbaycanda da statistik analizlər önəmli rol oynamağa başlayır-bir çoxları əvvəllər buna məhəl qoymurdular. Statistik təhlilllər vasitəsilə menecer bilməlidir ki, reklam neçə adama çatdı, onun təqdim etdiyi məzmun nə qədər insanı cəlb etdi, məlumatı görənlərin neçə faizi sayta keçir və s. bu statistik göstəriciləri dəyərləndirmək mütləqdir.

- Yalnız like(layk) yığmaq yetərli hesab oluna bilərmi?

- Bəzi səhifələr (onların meneceləri, rəhbərləri) bayaq qeyd etdiyim göstəriciləri deyil, yalnız səhifənin ümumi layk göstəricisini əsas götürürlər və bunu bir sıra müsabiqələrin keçirilməsində rəhbər tuturlar. “layk yarışı” üzərində qurulmuş müsabiqələr səhifənin bəyənmə sayını süni olaraq şişirdir. Bunlar adətən potensial real auditoriya deyil, saxta profillər olurlar. Eyni zamanda, bazarda bəzi xidmət göstərənlər var ki, onlar saxta, fake profillər vasitəsilə səhifənin layk sayını şişirdirlər. Onu da qeyd edim ki, istər Facebook, istərsə də İnstagram ara-sıra saxta profillərlə mübarizə aparırlar və belə hesablar silinir.

Misal üçün, məşhur geyim mağazalar şəbəkələrindən birinin səhifəsini bəyənənlərin sayı 450 mindən çox olduğu halda, saxta profillərin bağlanması nəticəsində bir gecədə 390 minə qədər enmişdi. Belə hallar bir çox böyük səhifələrin başına gəlir və bu da onların həyata keçirdiyi bəzi kampaniyaların effektli olmadığının göstəricisidir. Ona görə də bəyənmələrin sayını artırarkən profilləri “təmiz saxlamaq”, auditoriyanın keyfiyyətini qorumaq lazımdır.

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə