Həkim qəbuluna “e-Tabib” tətbiqi üzərindən yazılmaq mümkün olacaq

01-05-2023 / 16:57

İcbari Tibbi Sığorta Agentliyi (İTSA) icbari tibbi sığortanın keyfiyyətini artırmaq və yerlərdə göstərilən xidmətlərin vəziyyətini öyrənmək üçün araşdırmalar aparıb, nəticələri açıqlayıb.

Xeberler.az məlumat verir ki, agentlik bunun üçün 4 ayı ərzində TƏBİB-in tabeliyində olan 12 tibb müəssisəsində monitoriq aparıb. 

Monitorinqlər Bakı şəhəri üzrə Xətai və Lökbatan tibb mərkəzlərində, Binəqədi rayonu ərazisindəki 10, 15, 35 saylı şəhər poliklinikalarında, Səbail rayonunun 33 saylı şəhər poliklinikasında, habelə Abşeron Rayon Mərkəzi Xəstəxanasında və Abşeron rayonunda fəaliyyət göstərən Hökməli, Qobu, Mehdiabad, Novxanı, Xırdalan ailə sağlamlıq mərkəzlərində keçirilib.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, monitorinqlər gələcəkdə belə monitorinqlərin Agentliklə  müqaviləsi olan özəl tibb müəssisələrində də aparılması nəzərdə tutulur. 

Monitorinqin nəticələri təhlil edildikdən sonra aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim edilir. Monitorinqlər nəticəsində məlum olub ki, bir sıra tibb müəssisələrində qeydiyyat prosesinin aparılması, növbələrin idarəedilməsi, göndərişlərin rəsmiləşdirilməsi ilə bağlı işlərin təkmilləşdirilməsinə ehtiyac var: «Məsələn, pasiyent axınının effektiv idarəedilməsi üçün müvafiq xəstəxanalarda növbə tənzimləyən sistemin quraşdırılması təklif olunub. Həmçinin həkim qəbuluna qeydiyyatın “e-Tabib” mobil tətbiqi üzərindən aparılması məqsədəuyğun hesab edilib». 

Digər bir təklif tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətlər haqqında məlumatların gündəlik qaydada elektron sistemə daxil edilməsi ilə bağlıdır: «Çünki olur ki, vətəndaş dövlət xəstəxanasından hər hansı xəstəxanaya göndərişlə müraciət etdikdə diaqnostik avadanlığın işləməməsi səbəbindən tələb olunan müayinədən keçə bilmir. Vaxtında məlumatlandırma isə vətəndaşlara daha operativ xidmətlərin göstərilməsinə və onların məmnunluğunun təmin olunmasına şərait yaradacaq»,— H. İbrahimli bildirib. 

Monitorinqlər zamanı o da məlum olub ki, vətəndaşlar ambulator tibbi xidmətlər üçün yaşadıqları ərazidən uzaq məsafədə yerləşən rayon mərkəzi xəstəxənalarına müraciət edirlər. Bu da mərkəzi xəstəxanaların yüklənməsinə səbəb olur. Belə vəziyyətin yaranmasına səbəb odur ki, rayon ərazilərində yerləşən ailə sağlamlıq mərkəzləri olduqca dar sahədə xidmət göstərirlər. Yaranmış vəziyyətin aradan qaldırılması üçün ambulator-poliklinik tibb müəssisələrində ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi üçün zəruri addımların atılması təklif olunub. Təkliflərin əsas məqsədi vətəndaşlara  yaşadıqları yer üzrə ilkin tibbi-sanitariya yardımını və ambulator tibbi xidmətləri əlçatan etməkdir.

Qeyd edək ki, ötən ilin oktyabr ayında başlanılan monitorinqlər artıq Bakı şəhərinin 1, 5, 6, 8, 9, 12, 17, 19, 24, 25 və 26 saylı şəhər poliklinikaları, 7, 12, 13, 20 saylı uşaq poliklinikaları, Kliniki Tibbi Mərkəz, Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Mərkəzi Neftçilər Xəstəxanasını əhatə edib. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə