"Ötən gün Naxçıvanda “Kiber suverenlik” mövzusunda keçirilən müzakirələrdə diqqət cəlb edən məsələlərdən biri də DİN rəsmisinin
açıqlaması oldu.
Panel müzakirəsində çıxış edən DİN-nin İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirdi ki, son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manat oğurlanıb".
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspertin sözlərinə görə, bir çoxları ümumiyyətlə kartlarından oğurluq haqqında rəsmi məlumat vermir, bu o deməkdir ki, hər ay təxminən 2 milyon manat kartlardan talanır:
"Əslində bu rəsmi açıqlamadan sonra Mərkəzi Bank dərhal reaksiya verməli, problemə aydınlıq gətirməliydi. Hələlik isə bunlar müşahidə olunmur.
Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, DİN rəsmisi kartlardan nə qədər pul oğurlandığını açıqlayacaq".
Bu nə vaxta qədər belə davam edəcək?
Osman Gündüz bildirib ki, nə qədər faydalı və vacib olsa da, maariflənmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq:
Bir daha, banklara, Mərkəzi Banka, ümumiyyətlə hökumətə və cəmiyyətə şərəf gətirməyən bu vəziyyətin düzəlməsi istiqamətində faydalı ola biləcək təklifləri təkrarlamaq istərdim :
1. Ən çox oğurluq olan banklar haqqında məlumatlar şübhəsiz ki Mərkəzi Bankda və DİN-dədir. Bu məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yarada bilər və maliyyə sektorunun məsuliyyətini daha da artıra bilərdi.
Güman ki banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq.
DİN-in hər gün açıqladığı statistika çox əhəmiyyətlidir. Düşünmək olar ki DİN-ə qarşı da müəyyən təsirlər var ki ən çox talanma olan bankların adları açıqlanmasın. Belə olan halda isə bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilərdi.
2. Mərkəzi Bank Qaydalarına əl gəzdirməlidir, identifikasiya işləri sərtləşdirilməlidir, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır.
“Siz təsdiqləmisiniz” deyərək məsuliyyətdən yayınmaq qəbulolunmazdır. Mobil tətbiqlərin kodları audit olunmalıdır, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır.
3. Banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarət gücləndirilməli, daxili audit sistemləri qurulmalıdır. Xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır.
Maraqlıdır ki, mövcud hüquqi normalar görə kritik qurumu audit edən kiber provayderdə xarici vətəndaş işləyə bilməz, amma kritik qurumun həssas strukturlarında “xarici vətəndaş işləyə bilməz” deyən bir müddəa yoxdur.
4. Mobil tətbiqlərdə “kreditə STOP” və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün “SOS” əlaqə imkanı yaradılmalıdır.
5. Fərdi məlumatların qorunması haqqında qanun sərtləşdirilməli, bank kartlarından talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalıdır, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir və s.