İcra hakimiyyəti orqanlarının “Elektron hökumət”ə keçidi niyə ləngiyir?
Azərbaycanda “Elektron hökumət”in fəaliyyət üçün hüquqi baza respublika prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ hüquqi aktlar əsasında yaradılıb.
“Elektron hökumət” layihəsi özündə bir neçə məqamı ehtiva edir. Belə ki, layihə vasitəsilə Azərbaycan dünyanın ən qabaqcıl ölkələri ilə bir sırada özünə yer tutur, yəni bütün hökumət elektronlaşır, ölkəyə biznes potensialı olan əcnəbi axını üçün münasib şərait yaradır. Ən əsas məsələ isə korrupsiya bəlasından “Elektron hökumət”in icrası ilə qurtulmağımız mümkün olacaq
“Elektron hökumət” layihəsi vətəndaşla dövlət məmuru arasında tam şəffaf bir pəncərədir.
“Elektron hökumət”in köməkliyi ilə ölkəmizdə yaşayan bütün fiziki və hüquqi şəxslər məmur aparatlarında aylarla və illərlə süründürməçiliklə qarşılaşmayacaq, çirkli vasitələrə əl atmağa məcbur olmayacaqlar. Təsadüfi deyil ki, 2013-cü ilin oktyabrında yenidən prezident seçilən İlham Əliyev də andiçmə mərasimində etdiyi çıxışının böyük hissəsini iki məsələyə - Qarabağ probleminə və korrupsiyaya qarşı mübarizəyə həsr etdi. Məhz bu çıxışında “Elektron hökumət” layihəsinin əhəmiyyətini yenidən vurğulayan prezident birmənalı olaraq elektron xidmətlərin sayının artırılmasının vacibliyini önə çəkib.
Bu gün “Elektron hökumət” layihəsi rəsmi saytı ( www.e-gov.az) vasitəsilə bütün dövlət qurumlarında olan elektron xidmətləri bir yerə toplayır və vətəndaşların elektron xidmətlərdən daha asan şəkildə istifadəsini təmin edir. Son rəqəmlərə əsasən, “Elektron hökumət” portalına ümumilikdə 392 845 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 229 398 nəfər, müraciətlərin sayı isə 392 845 təşkil edib. Ümumən isə elektron xidmətlərə 579 643 müraciət olunub.
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 58,6%-ni yeni istifadəçilər, 41.4%-ni isə təkrar müraciət edənlər təşkil edib.
Qeyd edək ki, portala “www.e-gov.az”-a RİTN tərəfindən verilən e-imza kartı, “Elektron hökumət” sistemi tərəfindən vətəndaşa verilmiş kod, mobil autentifikasiya sertifikatı və smartfonla daxil olmaq mümkündür. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı artıq bu gün 21 500-ə çatıb. Layihə sosial şəbəkələrdə də maraqla izlənilməkdədir. Artıq bu gün portalın “Facebook” sosial şəbəkəsində istifadəçilərinin sayı isə 92 700 nəfəri ötür.
Portal üzərindən təqdim edilən xidmətlərin sayı 272-yə çatıb. Amma bütün bunlarla yanaşı, bəzi məsələlərə xüsusi diqqət yetirilməsi də olduqca vacibdir. Aktuallığını saxlayan belə məsələlərdən biri elektron xidmətlərin təsdiq olunmuş siyahısı ilə bağlıdır.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 417 elektron xidmətdən portala indiyədək yalnız 273-ü yerləşdirilib. Halbuki təsdiq olunmuş elektron xidmətlərdən qurumların öz saytlarında olanların sayı isə 327-dir. Elektron xidmətlərdən bu qurumların öz saytlarında yerləşdirilənləri olsa belə, həmin elektron xidmətlərin “Elektron hökumət” portalına inteqrasiya etməsində hələ də ləngimə müşahidə edilir.
“Elektron hökumət”ə keçiddə ən böyük geriləmə məhz yerli icra hakimiyyəti və bələdiyyə -yerli özünüidarəetmə orqanlarındadır. Qeyd edək ki, uşaq bağçaları icra hakimiyyətlərinin nəzdinə verildikdən sonra valideynlərin icra hakimiyyəti orqanlarına müraciəti kütləvi şəkildə artıb. Bu və ya digər məsələlərdə icra hakimiyyəti orqanlarının “Elektron hökumət” layihəsinə keçidi olduqca zəruridir. (ictnews.az)