“İKT-də Qızlar” Beynəlxalq Gününün 10 illik yubileyi qeyd edilir

22-04-2021 / 16:06

Bütün dünya ictimaiyyəti kimi, Azərbaycanda da aprelin sonuncu həftəsinin dördüncü günü “İKT-də qızlar” günü kimi qeyd olunur.

Xeberler.az bildirir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis olunan “İKT-də qızlar” gününün keçirilməsinin əsas məqsədi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sektorda fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır.

Hazırda ölkəmizdə qadınların İKT sahəsində rolu gündən-günə genişləndirilir, bu istiqamətdə gender bərabərliyi təmin edilir. Məhz bu amil gənc qızları innovasiyalara yaxından maraq göstərməyə, texnologiyalar sahəsində peşə seçimi etməyə və öz karyeralarını bu sahədə qurmağa sövq edir.

İKT sahəsində yeni fəaliyyətə başlamalarına baxmayaraq, xeyli uğur əldə etmiş xanımlardan STEP IT Akademiyasının məzunu, hazırda banklardan birində çalışan Günay Həşimova ölkəmizdə qızlar üçün bu sahədə yaradılmış münbit şəraitdən danışıb.

“İKT sahəsinə marağım xasiyyətimlə bağlıdır. Hər şey “Hər kəsin mümkün deyil dediyini mümkün etməyi” çox sevdiyimdən başladı. Bir çox insanların cəmiyyətimizdə “IT qızlar üçün deyil” deməsi marağıma səbəb oldu və qərara gəldim ki, mən bu fikrin yanlış olduğunu sübut edəcəyəm və etdim. Bu gün İKT sahəsində xanımlar əvvələ nisbətən daha çoxdur və bu, məni çox sevindirir. Çox şadam ki, “qızlar İKT-də uğursuzdur” stereotipi artıq ölkəmizdə yox səviyyəsindədir. Xanımlarımız bütün sahələrdə uğurlu olduqları kimi, bu sahədə də öz sözlərini deyirlər. İstərdim ki, İKT sahəsi Azərbaycanda daha çox tanınsın və gənc qızlarımız bu sahənin deyildiyi qədər qəliz olduğunu düşünməsinlər”, - deyə G.Həşimova qeyd edib.

İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir. Bu texnologiyalardan istifadə imkanına malik olan qız və qadınlar yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin inkişafı kimi imkanlardan da asanlıqla istifadə edə bilərlər.

Hər il əksər ölkələrdə “İKT-də Qızlar” Günü ilə əlaqədar xüsusi tədbirlər keçirilir. 2011-ci ildən 170-dən çox ölkədə bu günə həsr edilmiş 11 mindən artıq müxtəlif formatlı tədbirdə 400 minədək qız və gənc qadın iştirak edib.

Dünyanın bir çox ölkələrini əhatə edən COVID-19 pandemiyası səbəbindən artıq ikinci ildir ki, İKT üzrə təhsil alan, çalışan, bu sektora öz töhfələrini verən qadınların iştirakı ilə ənənəvi tədbirlər təşkil olunmur. Lakin İKT-də olan qadınlar sosial təcridlə bağlı real həyatdakı mövcud məhdudiyyətlərə baxmayaraq, bu günü internet resurslarından yararlanmaqla virtual formatda qeyd edir və öz həmrəyliklərini nümayiş etdirirlər.

Bu gün ölkəmizdə də “İKT-də qızlar” günü qeyd olunacaq, bir sıra onlayn tədbirlər keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə