İlham Əliyev səyyar “ASAN qatar”la tanış olub-Foto

28-12-2016 / 14:00

Prezident İlham Əliyev Bakıda 1 saylı “ASAN kommunal” Mərkəzinin açılışında iştirak edib və Biləcəri stansiyasında səyyar “ASAN qatar”la tanış olub.

Xeberler.az-ın məlumatına görə, dövlət başçısı mərkəzi işə salıb.

Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib..

“ASAN kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin bu ilin mayında imzaladığı Fərmanla bu mərkəzlərin yaradılması Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Pilot layihə çərçivəsində 1 saylı “ASAN kommunal” Mərkəzi paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan 653 600 vətəndaşa xidmət edəcək.

Mərkəzdə dövlətimizin başçısının ASAN xidmət binalarının açılışı, həmçinin Azərişıq, Azərsu, Azəriqaz qurumlarının müxtəlif tədbirləri zamanı çəkilən fotolarından ibarət stend də pıub. Ümumi sahəsi 2800 kvadratmetr olan Mərkəzdə 3 qurum - Azərişıq və Azərsu Açıq Səhmdar cəmiyyətləri, həmçinin Azəriqaz  İstehsalat Birliyi tərəfindən vətəndaşlara 45 növ xidmət göstəriləcək. Burada, eyni zamanda, bank və sığorta xidmətləri də təşkil edilib. Mərkəzdə 85 əməkdaş və 20 könüllü xidmət edəcək. Müasir İKT avadanlığı ilə təchiz olunan binada istirahət və stress əleyhinə otaqlar, kafe, ana-uşaq otağı, uşaq əyləncə mərkəzi də fəaliyyət göstərəcək. Mərkəzdə növbə sisteminin tənzimlənməsi üçün xüsusi monitorlar, daim internetə açıq özünəxidmət kompüterləri, rüsumlar, xidmətlər haqqında məlumatları və ərizə nümunələrinin doldurulmasını əks etdirən “elektron məlumat köşkü”, “ASAN ödəniş” terminalları, 108 Çağrı mərkəzi-nə zəng köşkü quraşdırılıb.

Akademik Həsən Əliyev küçəsində yaradılan Mərkəzdə 40 avtomobil üçün yeraltı dayanacaq var. Bu Mərkəzin yaradılması Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə görülən əhəmiyyətli işlərin ardıcıl xarakter aldığını bir daha nümayiş etdirir. Belə layihələrin icrası dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanı formalaşdırıb. Bu isə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyevə “ASAN ödəniş” sisteminin mobil tətbiqi barədə məlumat verildi. Bu sistemlə istifadəçilər abonent kodlarını, bank hesablarını, protokol nömrələrini və digər ödəniş təyinatlarını tətbiqin yaddaşında saxlaya və bir toxunuşla ödəniş edə bilərlər. Mobil tətbiqdə nəzərdə tutulmuş avtomatlaşdırılmış ödənişlər imkanı vaxtı gəldiyində ödənişləri istifadəçilərin əvəzinə icra edərək, bu barədə istifadəçini məlumatlandıracaq. Bu, mobil əməliyyat sisteminin Azərbaycan dilində yazılmış dövlət ödənişləri sektorunun ilk mobil tətbiqidir.

Qeyd edək ki, “ASAN Viza” portalı vasitəsilə elektron viza almaq istəyənlər ödəniş etdikdən sonra həmin şəxsin vizası 3 iş günündə elektron poçt ünvanına göndəriləcək. Bu xidmət Azərbaycana gələn turistlərin sayının artmasında da mühüm rol oynayacaq. “ASAN Viza” sistemi “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” dövlətimizin başçısının 2016-cı ilin iyununda imzaladığı Fərmana uyğun olaraq Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində yaradılıb.

Prezident İlham Əliyevə ASAN Radio-nun 1 illik fəaliyyəti ilə bağlı da məlumat verilib. 100 FM dalğasında yayıma başlayan radio dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Əsas missiyası maarifləndirmək olan radioda il ərzində 1200-dən artıq veriliş, 5500-dən çox ASAN xəbər buraxılışı, 18 mindən artıq maarifləndirici reportaj yayımlanıb.

 

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə