İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalandı

14-01-2021 / 16:07

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi və ABŞ-ın ən aparıcı vençur və akselerator şirkəti olan "500 Startups” arasında "Sahibkarlığın İnkişafı Sahəsində Əməkdaşlıq” üzrə memorandum və birgə fəaliyyətlə bağlı müqavilə imzalanıb.

 
Xeberler.az bildirir ki, pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən virtual imzalama mərasiminin moderatoru İnnovasiyalar Agentliyi və "500 Startups” şirkəti arasında imzalanacaq memorandumun mahiyyəti haqqında məlumat verib. Müqaviləyə əsasən, "500 Startups” Azərbaycan startap ekosisteminin inkişafına yönləndirilmiş bir sıra xidmətlər göstərəcək, İnnovasiyalar Agentliyi ilə birgə akselerasiya proqramları və investisiya proqramlarını həyata keçirəcək.
 
İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli birgə əməkdaşlıq çərçivəsində keçiriləcək akselerasiya proqramı haqqında geniş məlumat verib. T. Kərimli bu layihənin tək Azərbaycan innovasiya ekosistemi üçün deyil, bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Həmçinin, beynəlxalq şirkətlə planlaşdırılan ilk müştərək akselerasiya proqramının Azərbaycanda ən miqyaslı akselerasiya proqramı olacağını söyləyib və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərin də bu proqrama olan marağından danışıb.
 
Hazırda "500 Startups”ın akselerasiya proqramlarında 2 Azərbaycan startapının olduğunu bildirən şirkətin baş direktoru Kristina Tsai gələcəkdə onların sayının artacağına ümid etdiyini söyləyib. 10 ildən artıq təcrübəyə malik olan "500 Startups” şirkətinin bir çox ölkələrdə startap ekosistemlərinin yaranmasında iştirak etdiyini qeyd edən Kristina Tsai şirkətin Azərbaycan ekosisteminə verə biləcəyi töhfələr haqqında məlumat verib.
 
Qeyd edək ki, cari il ərzində İnnovasiyalar Agentliyinin səyləri nəticəsində Azərbaycan startap ekosisteminə xarici bazarların böyük oyunçularının cəlb edilməsinə nail olunub. Azərbaycanda ilk müştərək 5 mln dollarlıq vençur fondun açılması, Türkiyə ilə birgə texnoparkların yaradılması, indi isə "500 Startups” kimi beynəlxalq şirkətin gəlməsi ölkəmizi regionun lideri və texnoloji qovşağı kimi formalaşdırır. "500 Startups” kimi dünyanın aparıcı akselerator şirkəti ilə əməkdaşlıq Azərbaycanda startap ekosistemini həm maddi, həm texnoloji, həm də elmi baza ilə təmin edərək ona regional liderlik ilə yanaşı, beynəlxalq bazarda güclü oyunçuya çevrilməsi istiqamətində lazımi şəraitin yaradılmasında mühüm addımdır.
 
ABŞ-ın aparıcı akselerator və vençur şirkəti "500 Startups”, qlobal akselerator kimi 75 ölkədə təmsil olunur. 2400-dən artıq startapa investisiya edən "500 Startups” şirkəti onları erkən inkişaf mərhələsindən dəstəkləyir və investisiya ilə təmin edir. Dünyanın 5 qitəsində 8 ofisi olan şirkətin missiyası sahibkarlıq vasitəsi ilə iqtisadiyyatı yüksəltməkdir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə