Internet Azərbaycanda nəyi dəyişdirə bilib?

17-10-2010 / 01:50

Azərbaycanda internetdən aktiv istifadəyə keçiddən 4 il keçir. Məhz o dövrdə indi vətəndaş cəmiyyətində tanınan gənclər fəaliyyətə başladı. Bu həmin gənclər idi ki, sonradan bloqçuluq, fotojurnalistika və başqa sahələrdə səsləri eşidildi, tanındılar.

Bəs, bundan dörd il əvvəl-internetdən aktiv şəkildə istifadə edənlərin kifayət qədər olmadığı zamanda vəziyyət necə idi?

Bakıdan jurnalist Xanım Cavadovanın BBC Azərbaycan xidməti üçün hazırladığı reportajın mətnilə aşağıda tanış ola bilərsiniz.

Dörd il əvvəl bir tədbirə dostunun köməyi ilə qatılan bloqer Əli Novruzov bu görüşdən sonra internetin daimi istifadəçisi olur. Email açır, o dövr üçün populyar olan yahoogroups-lara daxil olur, bir sözlə «online» həyata start verir. Novruzov deyir: “İlk öncə indiki bizim aktiv gənclər var, demokratik gənclər hərəkatları. Bu insanlarla mən onda tanış oldum. Emin Milli, AN şəbəkəsi, bu çevrədəki uşaqlar.. Kapellhouse-a yol tapdım, Kapellhouse-da hər bazar günü Erkin Qədirlinin və ya digərlərinin leksiyaları olurdu. ”

Bloqçuluğa isə iki il əvvəl, uzun müddət yalnız məzəli üslubda siyasətdən yazılan bir bloqun daimi izləyici olduqdan sonra başlayıb. “Gördüm ki, artıq mənim istədiyim kimi yazılar yoxdur internetdə və mən xoşladığım şeyə rast gəlmirəm. Onda onu niyə mən özüm yaratmayım, bloq var və başlayım mən də yazmağa”-Əli deyir.

Peşəsi beynəlxalq münasibətlər üzrə ekspert olan Əli deyir ki, bloq açmaqda məqsədi siyasi və sosial məsələlərdən yazmaq deyildi.
Lakin bu o demək deyil ki, o indiki bloqundan və ziyarətçilərindən narazıdır.

Ziyarətçiləri arasında daha çox Qafqazla maraqlanan ekspertlər, diplomatik korpus nümayəndələri və monitorinq qrupları üstünlük təşkil edir, xarici media da tez-tez ona istinadən materiallar yayır.

O deyir ki, daha çox professional bir bloq yaratmaq istəyib: “Beynəlxalq siyasətlə, diplomatiya ilə maraqlanırdım. Yəni, mən beynəlxalq məsələlərdə bağlı bir bloq açım.”

Orta məktəbdən fotojurnalistikaya həvəsi olan Əhməd Muxtarov da peşəsinin sirlərini internetlə tanış olandan sonra öyrənib. İlk dövrlərdə, yəni dörd il əvvəl professional fotoaparatı olmadığından internetdən ancaq foto nümünələr yığmaq və fotoesselər oxumaqla yetinib.

"Əsgərliyə getdim gəldim. Artıq internetin geniş yayılmıs vaxtı idi və redaksiyada professional aparat vardı, birinci internetdən həmin aparatın işlənmə qaydasını öyrəndim" - deyir Muxtarov.

Daha sonra fotolarla bağlı müxtəlif kitablar yükləyib, filmlərə baxıb. Fototənqid saytlarına daxil olub. Deyir ki, internetin olmasi bütün istiqaməti dəyişib, ona yeni yollar açıb.

Həm Əli, həm də Əhməd eyni ildən internet istifadəçisi olsa da, ikisi də bloqunu 2008-ci ildə açıb. İnternet mütəxəssisi Vahid Qasımov deyir ki, elə 2008-ci il Azərbaycanda internetin interaktiv dövrünün başlamasına təsadüf edir.

"WEB 2.0 Azərbaycanda 2008-ci ildən dərk olunmağa başlandı, məhz o vaxtdan etibarən külli miqdarda bloq və saytlar yaranmağa başladı, internet istifadəçiləri güclü şəkildə artdı" - deyir Vahid Qasımov.

Ekspert yerli internet aləmi ilə global şəbəkəni belə müqayisə edir: "Ümumiyyətlə, Azərbaycan interneti ümümdünya internetini yeddi-səkkiz il arxadan təqib edir, belə ki, biz hələ WEB 1.0 dövrünü tamamlamamışıq ki, WEB 2.0 -yə tam şəkildə keçək. 2001-2002-ci illərdən WEB 2.0 –dən danışan internetə biz hələ indi qoşuluruq. WEB 3.0 -dən ola bilsin ki, dünya qoşulandan altı-yeddi il sonra istifadə edək".

İzahat üçün deyək ki, WEB 1.0 sistemi birtərəfli məlumat ötürməyə və yalnız texniki professionallara əsaslanır.

WEB 2.0 - sosial şəbəkələr, bloglar, vikipedia, audio-video bölüşmə saytları və sairədir.

WEB 3.0 semantik veb - internetdə qarşımıza çıxan alətlərin oxuyub, başa düşüb hər hansı bir şərh verə biləcəyi bir sistemdir. Məsələn, iGoogle kimi.

Əli isə yeni medianın sonrakı mərhələsinə- video məzmun dövrünə hazırlaşdığını deyir: " Əgər internetin məzmunu videoya doğru gedirsə, mən ənənəvi bloqer kimi ya oyundan çıxmalı, ya da adaptasiya olmalıyam. Ona görə də indi mən videonu öyrənirəm".

Azərbaycana internet 90-cı illərin əvvəllərində gəlsə də, o zaman istifadəçilər xaricdə oxuyan tələbə və yaşayanlar idi. 2000-ci illərdə yayılmağa başlayan internetdən çox az istifadə edilirdi. 3-4 il sonra isə artıq kommersiya şirkətlərinin vebsaytları fəaliyyətdə idi.

Elektron kommersiyaya isə Azərbaycan İnterneti 2009-cu ilin əvvəlində qoşulub.
 

p.s. Yazının orijinal variantı http://www.bbc.co.uk/azeri/news/story/2010/10/101016_internet.shtml


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə