“Freedom House” yeni hesabat yayıb; quruma görə, yüksək qiymətlər də İnternetə çıxışa əsas maneələr sırasındadır...
Vaşinqtonda yerləşən “Freedom House” təşkilatı dünyanın müxtəlif ölkələrində İnternet azadlığı ilə bağlı təhqiqat aparıb və aşkar edib ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda onlayn azadlığa təhlükələr artır.
“Azərbaycanda İnternetdən istifadə son illərdə sıçrayışla irəliləsə də, hakimiyyət bu vasitə üzərinə nəzarəti gücləndirməyə çalışıb. Buna baxmayaraq, İnternet üzərində nəzarət bir çox vətəndaşların xəbər mənbəyi olan çap və teleradio mediasına nisbətən daha az məhduddur” deyə, hesabatda bildirilir.
Hesabatda bəzi veb saytların blok edilməsi, hakimiyyətin onlayn ifadə azadlığını məhdudlaşdırmaq üçün ədliyyə sistemindən istifadə etməsi, 2009-cu ildə iki bloggerin həbs edilməsi xatırlanır. İnternetə giriş nəzərəçarpacaq dərəcədə artsa da, keyfiyyət aşağı olaraq qalır, bir çoxları hələ də dial-up (telefon xətti ilə qoşulma) xidmətindən istifadə edir - deyilir hesabatda. “3-cü nəsil mobil telefon üçün ilk lisenziya 2009-cu ilin ortalarında Vodafone-Azərbaycan şirkətinə verilib. Amma yüksək sürətli mobil internet üçün qiymətlər yüksək olaraq qalır”.
Hesabatda xatırladılır ki, Beynəlxalq Telekommunikasiya Birliyi 2010-cu ildə Azərbaycanda əhalinin 27 faizinin İnternetə çıxış imkanı olduğunu bildirib. Bu isə 2008-ci ildəki 14 faizə nisbətən mühüm artımdır. “Yüksək qiymətlər İnternetə çıxışa əsas maneə olaraq qalır, amma digər faktorlar - təhsil, kompüter biliklərinin olmaması, sosial-iqtisadi status və gender məsələləri də rol oynayır”. “Orta hesabla aylıq qiymətlər ADSL texnologiyası vasitəsilə 1 Mbps sürətli qeyri-məhdud giriş üçün 20-50 manat arasındadır”. “Ancaq Azərbaycan əhalisinin yalnız 12 faizinin kompüteri var. Bir çoxları kompüterdən yalnız işdə, məktəbdə, kiçik şəhərlərdə daha populyar olan internet kafelərdə istifadə edir”. “Bu qiymətlər bir neçə il əvvələ nisbətən daha aşağı olsa da, bir çox azərbaycanlılar üçün hələ də əlçatmazdır; burada aylıq maaş 304 manat təşkil edir. Nəticədə isə əhalinin yalnız 5.9 faizinin İnternet abunəsi imkanı var”.
“Freedom House”-un hesabatında rəsmi statistikaya əsasən deyilir ki, İnternet istifadəçilərinin 90 faizi, xüsusilə də Bakıdan kənarda yaşayanlar, sürəti 56 Kbps-dan artıq olmayan dial-up xətlərindən istifadə edir. İnkişaf etmiş veb proqramları, məsələn, Facebook və Tvitter kimi sosial şəbəkə saytlarından istifadə məhdud deyil. Sosial şəbəkə saytları əsasən hökuməti tənqid edən məzmunların yayılması üçün istifadə olunur. Qeydiyyatdan keçmiş Facebook istifadəçilərinin sayı 2010-cu ilin əvvəlindəki 105 mindən dekabr ayının sonunda 279 minədək çatıb. Müxtəlif demoqrafik qruplar arasında gənc, şəhərli kişilərin İnternetdən daha çox istifadə imkanları var. “Freedom House” deyir ki, Azərbaycanda 27 minə yaxın bloq var, onların çoxu Azərbaycan dilində yazılır: “Yalnız 1000 bloq ingilis, rus və digər dillərdə yazılır. Əli Novruzov, Arzu Qeybulla, İlqar Məmmədov kimi bloggerlər öz müstəqil fikirlərinə görə tanınırlar. Gənclər Azərbaycanda ən fəal bloggerlərdir və ilk senzorluq səyləri ilə də onlar qarşılaşıblar”. Ol! və AN gənclər hərəkatından olan iki gənc fəal - Emin Milli və Adnan Hacızadə 2009-cu ildə xuliqanlıq ittihamı ilə həbs olunsalar da, onların həbsinin əsas səbəbinin YouTube-da yaydıqları satirik video olduğu güman edilir - hesabatda deyilir. “Ən son halların birində - 2009-cu ilin əvvəlində tələbə Pərviz Əzimov imtahanlar zamanı korrupsiya ilə bağlı bloq yazdığı üçün Lənkəran Dövlət Universitetindən xaric olunmuşdu”.
/musavat.com/
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri