İnternetin sürətindən kütləvi şikayətlər var

04-09-2018 / 10:11

«Zirədə yaşayıram və 10 il olar internet istifadəçisiyəm. Əvvəllər kənddə internetin sürəti lap pis idi. Kiçik videoya baxmaq üçün o, gərək saatlarla fırlanaydı, sonra yüklənəydi. Elə indi də çox şey dəyişməyib, cüzi dəyişiklik var. İnternet yenə çox zəifdir. Tez-tez donmalar olur. Tək mən yox, kənddə hamı deyir ki, internet zəifdir. Hər dəfə şikayətə gedəndə deyirlər ki, kənddə xətlər dəyişir, nə bilim nə. Hər il xətlər «dəyişir», amma keyfiyyət dəyişmir. Hava küləkli olan kimi telefon kəsilir, internet zəifləyir, ya da işləmir», –

Xeberler.az bildirir ki, bu sözləri «Bakinternet» istifadəçisi Mehriban Hüseynli “Azadlıq” radiosuna deyib.

Azərbaycanda internetin sürəti hər zaman müzakirə mövzusudur, xüsusən də son bir neçə ayda keyfiyyət haqda şikayətlər artmaqdadır. Provayderlər isə müştərilərin iradlarını rədd edir, ya da sualı cavbalandırmaqdan yayınırlar. Məsələn, «Metronet» bu yöndə ümumi suala yox, konkret müştərinin şikayətinə cavab verəcəyini bildirir, konkret müştərinin adını, ünvanını söylədikdə isə, kodunu istəyirlər. KATV-nin mərkəzi ofisindən isə bildirdilər ki, sual qeydə alınıb, mümkün olsa, cavablandıracaqlar.

Azərbaycan İnternet Forumunun üzvü Vahid Qasımov deyib ki, Azərbaycanda istər mobil internet, istərsə də kabel internet keyfiyyət baxımdan aşağıdır, bağlantı bəzən çətinliklə yaranır, bunun müqabilində isə qiymətlər bahadır. O, əksər mütəxəssislər kimi bunu dövlət qurumlarının bazarda inhisarçı olması ilə izah edir. Üstəlik də əlavə edir ki, heç bir dövlətdə kommunikasiya və ya texnologiya dövlətin əlində olmur: «Monopoliya dövlətin əlindədirsə, gərək biz inkişafdan danışmayaq. Bizdə «Azərtelekom», «Delta Telekom», «Bakinternet», ATS-lərin 90 faizdən çoxu, yəni bütün infrastruktur dövlətin əlindədirsə, aydındır ki, burda milyon məsələ ortaya çıxacaq».

“Azadlıq” radiosu bu yöndəki sualları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlayıb. Nazirlik sualları yazılı cavablandırıb:

– Azərbaycanda son aylarda internet istifadəçilərinin çoxu xidmətin keyfiyyətindən, sürətin aşağı olmasından narazılıq edir. Bu, istər dövlət, istərsə də özəl provayderlərin göstərdiyi xidmətə aiddir. Buna səbəb nədir?

– Bu gün Azərbaycanda ölkə əhalisinin təxminən 80%-i internet istifadəçisidir. Məsələn, respublika üzrə hər 100 ailəyə düşən abunəçilərin sayı 79-a bərabərdir. 2003-2017-ci illər ərzində internet istifadəçilərinin sayı 14 dəfə artıb. Təbii ki, bu sayda istifadəçi arasında ayrı-ayrı hallarda internetin keyfiyyəti ilə bağlı şikayətlərin olması mümkündür. Amma bu, çoxsaylı provayderlərin xidmət göstərdiyi milyonlarla istifadəçinin internet təchizatında problem olması anlamına gəlmir. Ölkədə internet təchizatının inkişafına yönəlmiş bir çox irimiqyaslı layihələr həyata keçirilməkdədir. Bunlardan ən başlıca genişzolaqlı internet infrastrukturunun inkişaf etdirilməsi, ən son yeni texnologiyaların tətbiqinin genişləndirilməsidir. Hazırda bu istiqamətdə Bakıda və bölgələrdə geniş miqyaslı işlər aparılır.

– Bunlar hansı işlərdir?

– Əhalinin internetə daha rahat çıxışının təmin edilməsi üçün paytaxtın 17 ən böyük parkında və əhalinin geniş istifadə etdiyi müxtəlif ictimai məkanlarda pulsuz wi-fi şəbəkəsi qurulub. Pulsuz wi-fi şəbəkəsinə qoşulma sayı 6.5 milyona çatıb. Xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə «Bakı Telefon Rabitəsi» MMC kabel-kanal sistemində yenidənqurma işlərini davam etdirir. İlk növbədə düzgün istismar edilmiş kabel-kanal sistemi ilə məlumatların keyfiyyətli ötürülməsi təmin edilir. Bundan əlavə, rabitə infrastrukturu məhdud olan paytaxt ətrafı ərazilərdə kabel çəkilişi tələb etməyən «simsiz rabitə» şəbəkəsi qurulur. Həyata keçirilən işlər çərçivəsində paytaxt ərazisində fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik olan GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası tətbiq edilir.

Hazırda Bakı şəhəri üzrə 30 minə yaxın mənzilə genişzolaqlı şəbəkə üçün infrastruktur hazırdır. Daha çox insana yüksəksürətli multimedia xidmətlərinin göstərilməsi üçün layihənin ikinci mərhələsinə start verilib. İlin sonunadək bu rəqəmin 100 minə çatdırılması nəzərdə tutulur.

Yeni nəsil «Simsiz rabitə» şəbəkəsi olan LTE (Long Term Evolution) texnologiyasının tətbiqi isə uzun zamandır mövcud olan telefon çəkilişi və digər telekommunikasiya xidmətləri ilə təchizat problemini aradan qaldırıb. Rabitə infrastrukturunun məhdud olduğu bu ərazilərdə əhalinin telefon, internet və digər multimedia xidmətləri ilə təmin edilməsinə başlanılıb. Bu xidmətin əsas üstünlüyü məhdud infrastrukturlu ərazilərdə kabel xətlərindən asılılıq olmadan 100 mb/s-ə qədər məlumat ötürmə sürəti, hava şəraitindən asılı olmayaraq kəsintisiz xidmət və müştəri seçimi üçün sərfəli tariflər təqdim edilməsidir.

Maştağa, Mərdəkan, Şüvəlan, Bilgəh, Albalılıq, Binə, Hövsan, Yeni Ramanı, Yeni Suraxanı, Sabunçu, Zabrat, Qala, Buzovna, Pirşağı, Binəqədi kəndi, Qaradağ və Badamdar, Biləcəri, Zirə, Türkan, Nardaran, Qaraçuxur, Keşlə, Rəsulzadə qəsəbəsinin Vorovski yaşayış massivi, Həzi Aslanov və Əhmədli ərazilərinin bir hissəsində simsiz şəbəkəni uğurla istifadəyə verib.
 

– Zirə qəsəbəsində yaşayan «Bakinternet» istifadəçisi Mehriban Hüseynlinin sözlərinə görə, internetin sürəti çox aşağıdır. O sual edir: «Ödədiyi pulun müqabilində müştəriyə keyfiyyətli xidmət göstərilməməsinin səbəbi nədir?».

– Bir çox hallarda analoji müraciətlər araşdırılarkən kiçik internet sürət paketinə bir neçə cihazın eyni anda qoşulması, wi-fi şifrəsinin ətrafda yaşayan insanlara ötürülməsi, ünvanla paylayıcı qutu arasında uzaq məsafənin olması faktları aşkar olunur. Aşağı sürətli paketləri seçən istifadəçilərin bir paylayıcı avadanlıq üzərindən bir neçə cihaz qoşaraq böyük həcmli rəqəmsal kontent əldə etmək istəyi olur ki, bu da öz növbəsində sabit xidmətdən faydalanmağa imkan vermir.

Xidmət sektorunun digər sahələrində olduğu kimi, rabitə sahəsində də qismən də olsa, narazılıqlara rast gəlinir. Abunəçilərin yaranmış nasazlıqlar və digər məsələlərlə bağlı sorğuları 24/7 fəaliyyət göstərən 155 Vahid Çağrı Mərkəzində operatorlar tərəfindən qəbul edilərək həll olunması üçün müvafiq qaydada yönləndirilir. Abunəçi Mehriban Hüseynli ilk növbədə aidiyyəti xidmət mərkəzimizə və ya 155 Vahid Çağrı Mərkəzinə müraciət etməlidir. Müraciəti araşdırıldıqdan sonra abunəçinin sorğusunu obyektiv cavablandırmaq və yaranmış nasazlığı aradan qaldırmaq mümkündür.

– «Aztelekom» MMC hələ iki il öncə bildirmişdi ki, «keyfiyyətin artırılması üzərində planlı şəkildə iş gedir». Keyfiyyətin artırılması prosesi nə zaman başa çatacaq? İstər paytaxtda, istər əyalətlərdə keyfiyyətli internet nə zaman əlçatımlı olacaq?

– Şəhər və kənd əraziləri arasında olan rəqəmsal fərqin aradan qaldırılması üçün bir sıra işlər görülür və layihələr həyata keçirilir. Hazırda telekommunikasiya xidmətləri üzrə keyfiyyətin artırılması məqsədilə «Aztelekom» həm magistral, həm də paylayıcı şəbəkələrin müasirləşdirilməsi istiqamətində işlər görür. Əsas şəbəkənin yenilənməsi üzrə layihənin artıq 3-cü mərhələsi başlanıb. Müəyyən bir müddət tələb edən bu yönümlü layihələr internet qoşulmasının sabitliyini və ötürülmə tutumunun artırılmasını təmin edəcəkdir. Bir sıra regionlarda köhnəlmiş avadanlıqlar da yeni tipli avadanlıqlarla əvəz olunub. Bununla yanaşı, telefonlaşmayan ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün 4-cü nəsil texnologiyaların (4G) tətbiqi nəzərdə tutulur. Pilot layihə olaraq, Xaçmaz rayonunun bəzi kəndlərində simsiz şəbəkə qurulub. Bu regiondakı abunəçilərin 100 Mbit/san sürətlə internet xidməti ilə yanaşı, digər multimedia xidmətlərindən istifadəsinə də imkan yaradır. Gələcəkdə çətin relyef və coğrafi mövqedə yerləşən ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi istiqamətində işlər davam etdiriləcək. Bununla yanaşı, müştəri məmnunluğunun artırılması üçün «Aztelekom» davamlı olaraq dünya bazarını araşdırır və ən son texnologiyaları tətbiq edir.

– Bir çox mütəxəssislər bu sahədəki problemləri dövlət inhisarçılığı ilə izah edirlər. Hesab edirlər ki, rabitə sahəsində bir sıra önəmli qurumların dövlətin nəzarətində olması rəqabətsizliyə və nəticədə keyfiyyətin aşağı olmasına yol açır. Yaxın zamanlarda «Azərtelekom», «Bakinternet» kimi qurumların özəlləşdirilməsi gözlənilirmi?

– Hazırda ölkədə 40-dək internet-provayder fəaliyyət göstərir ki, onlardan 37-si özəl sektora məxsusdur. Bu sahədə sağlam rəqabət mühitinin formalaşdırılmasına daim diqqət göstərilir. Bu gün ölkədə beynəlxalq normativlərə uyğun olaraq internet provayderlərin fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) tələb edilmir. Qeyd etdiyiniz «Azərtelekom» özəl şirkətdir. Yalnız «Bakinternet» – «Bakı Telefon Rabitəsi» Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərir. Onun da xidmətləri paytaxt əhalisinin cəmi 35 faizini əhatə edir. Özəlləşdirmə prosesi isə «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»ndə nəzərdə tutulduğu kimi, dövlətin iqtisadi maraq və mənafeyinə uyğun dəyərləndirilir və buna uyğun müvafiq addımlar atılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə