İqtisad Universitetində İKT-dən necə istifadə olunur?- Reportaj

16-03-2015 / 16:35

Xəbərlər.az “ Təhsil müəssisələrində İKT-nin tətbiqi” layihəsini davam etdirir.

Lahiyənin bu dəfəki məkanı  Azərbaycan Dövlət İqtisad Universiteti olub.

Universitetin  İKT mühitinin vəziyyəti ilə Sizi tanış edirik. 

İT mərkəzləri

Azərbaycan Dövlət İqtisad Universitetinin İKT infrastrukturu ilə tanışlığa Universitetin İT mərkəzindən başladıq.  Bu mərkəz  1 saylı tədris binasında yerləşib. Bütün tədris binaları üzrə İT mərkəzləri bu tədris binasından idarə olunur.

Universitetin hər bir tədris binasında kiçik İT mərkəzləri fəaliyyət göstərir.

Belə ki, bütün tədris binalarının kamera izləmə sistemi və İT serverləri bu binada yerləşir.

İKT mərkəzinin texniki xidmət və proqram təminat şöbəsinin rəhbəri Elxan Şükürov deyir ki,  universitetin 2 saylı tədris binasını İçərişəhərdəki mərkəzdən kamera ilə izləmək mümkündür.

Online sınaq imatahanları da hər 3 tədris binasında həyata keçirilir.  

Universiteti İT sisteminin fəaliyyətini təmin edən  bütün serverlər 
burada cəmlənib. Xüsusi server otağı fəaliyyət göstərir ki, infrastruktur optik  xətlərlə təmin edilib.

Universitetin İT mərkəzinə 140 Mb/s sürətində   İnternet daxil olur.  Təhsil müəssisəsi  interneti AzEduNet provayderindən alır. Universitetin bütün mərtəbələrinə və korpuslarına internet bu mərkəzdən paylanır.

Bu ilin sonuna qədər  kompüterlər lisenziyalı olacaq

Universitetin daxili idarəetməsində Microsoft Office 365 paketindən istifadə olunur. İnzibati heyət və müəllimlər bu sistemdən ən sadə tekst redaktorundan tutmuş, təqvim, bulud yaddaşı və ani yazışmalar üçün  istifadə edir.

Universitetdə əsasən kafedra müdirləri və inzibati idarəetmə prosesinin iştirakçıları vahid elektron məktublaşma sistemindən ( aseu.edu.az)  istifadə edir və onlar korporativ email ünvanları ilə təmin olunublar.

Universitetin İT Mərkəzinin Microsoft Azərbaycan-la ilə əməkdaşlığı var. Bütün serverlər lisenziyalaşdırılsa da, kompüterlərin əksəriyyətinin lisenziyası yoxdur. Şəbəkə xidmətinin rəhbəri Azər Şükürlü deyir ki, bu ilin sonuna qədər  kompüterlər lisenziyalı olacaq.

Ümumi kafedralar, dekanlıqlar,  imtahan test otaqları üzrə Universitetdə  1200-ə yaxın kompüter var. Onlardan  500-ü imtahan otaqlarında yerləşib. Hər üç tədris binasında imtahan otaqları var və hər biri kompüterlə təmin olunub.

Kafedralarda,  dekanlıqlarda, inzibati şöbələrdə kompüterlər quraşdılıb və İnternetə çıxış təmin olunub. Həmçinin kompüterlərin təhlükəsizliyi üçün anti-viruslar yüklənib və buna texniki işçilər nəzarət edir. Texniki xidmət və proqram təminatı şöbəsinin 16 nəfər İT işçisi var. Onlar Universitetin bütün Hardware and Software işləri ilə məşğul olurlar.

Universitetin İT sektorunda Ofis proqramlarında əsasən  “Windows 7” və “Windows 8”-dən istifadə olunur. İstifadəçinin gördüyü işə və tapşırığa görə “Adope Flash Player”, “Adope reader” kimi proqramlardan da istifadə olunur.

İT mərkəzin rəhbəri Elxan Şükürov onu da deyir ki, Universitetin 4 saylı tədris binasında İnformatika kafedrası fəaliyyət göstərir.  İnformatika fənni üçün  2 sinif otağı təşkil olunub. Otaqlarda tədris üçün ən son kompüter modellərindən istifadə olunur.   60-a yaxın kompüterlər var. Kompüterlər monoblokdur. Standart Ofis proqramlarından,  “Focus “ space kimi proqramlardan istifadə olunur. Dərslər  elektron ( smart board)  lövhələrlə keçirilir.

İqtisad  Universiteti Təhsil Nazirliyinin test imtahanlarını  burada təşkil etməsi üçün bütün İT imkanları yaradır.

Universitet tərəfindən test imtahanları üçün proqram təminatı hazırlanır və imtahan otaqları texnkiki avadanlıqlarla təmin olunur.   Təhsil Nazirliyi müəllimlərin, direktorların və digər təhsil yönümlü  imtahanlarını İqtisad Univeristetində təşkil edir. 
Bu  fəaliyyətdə “ULTRA” şirkəti universitetə  texniki dəstək göstərir. Univeristetdəki kompüterlər hər 4 ildən bir dəyişdirilir. Təhsil müəssisəsi  hər il  kompüter parkı 25 faiz artır və  yeniləyir.  Ötən il  universitetdə 900 kompüter  olduğu halda, hazırda onların sayı 1200-ə çatdırılıb.

Dərs prosesində istifadə edilən interaktiv “smart” lövhələr

Dərslərin elektron monitorlarda tədris edilməsi üçün rektorun xüsusi tapşırığı var və bütün dekanatlıqlar bu tapşırığa uyğun dərsləri keçirlər. Dərs prosesində proyektorlardan və  interaktiv “smart” lövhələrdən istifadə edilir.

Universitetdə Wi-Fi sistemi yoxdur. İnformasiya texnologiyalar mərkəzinin rəhbəri Azər Şükürlü deyir ki, binanın divarları qalın olduğu üçün bu məsələdə çətinlik çəkirlər. Bunun üçün onlara auditoriyada, həm də dəhlizdə, həm də həyətdə  İnternet quraşdırmalıdırlar. İqtisad Universitetinin həyətində Azercell və Bakcell-in Wi-Fi var. Tələbələr Android telefonla bu  imkandan həyətdə istifadə edə bilirlər. 

İstifadədən çıxmış kompüterlər universitetin daxilində təmir olunur. 

Bütün tədris binalarının texniki işçilər bir-birləri ilə telefon və Skype ilə əlaqə saxlayırlar. Lakin korporativ Skype ünvanı yoxdur. Hər kəs öz şəxsi Skype hesabından istifadə edir.

“ULTRA” şirkəti tərəfindən  universitetin 3-cü mərtəbəsində 2 monitor  quraşdırılıb. İlk monitorda univeristetin  hazırda məşhur olan məzunlarının kataloqu var. Digər monitorda isə universitetin fəxri doktorları olan şəxslərin siyahısı var. Monitor touch screen rejimində çalışır.

Universitetin marketinq üzrə mütəxəssisi Ramil Cabbarov deyir ki,  əvvəllər divarlara şəkillər vurulmuşdu, indi isə bunu monitora köçürüblər.

Rektorun otağının qarşısında isə  növbəti böyük ekran monitor var. Burada isə  Ümummilli lider Heydər Əliyevin həyatını əks etdirən film nümayiş olunur. Monitorun qabağında dayananda aktiv olur. İki saatdan sonra monitorun qarşısında heç kim yoxdursa,  avtomatik sönür. Bu  isə monitorun təhlükəsizliyi  üçündür.

Universitetdə yeni elektron, virtual  kitabxana yaradılıb.(library.aseu.edu az)

Tələbə e-kitabxana saytına   istifadəçi adı və  şifrə ilə daxil olurlar. Kitabxana virtual xidmət göstərir. Tələbələr saytda tapa bilmədikləri kitabları, dərs ləvazimatlarını virtual nəzarətçinin yardımı ilə mail vasitəsi ilə əldə edə bilirlər.

E-kitabxana saytından tələbələr evdə və dünyanın müxtəlif ölkəsində istifadə edə bilirlər. 

E-kitabxanada mühazirələr video-dərsliklər, məqalələr var. Kitabları sərlövhə ilə axtarmaq mümkündür. E-kitabxanada bütün işçi heyətinin haqda məlumatlar da var. Hər üç tədris binasında virtual kitabxana fəaliyyət göstərir. Tələbələr kitabxana ilə bağlı suallarına virtual cavab ala bilirlər. Saytda Azərbaycan, Rus və İngilis dillərində kitablar var.  Sayta kitablar proqramçılar tərəfindən yüklənir. Artıq üç aydır e-kitabxana saytı yaradılıb (library.aseu.edu az). Yaxın vaxtlarda təqdimat mərasimi keçiriləcək. Hazırda sayta kitabların yüklənməsi prosesi gedir.

Bütün dərsliklərin “pdf” variantı var.

Təhsil naziri Mikayıl Cabbarovun şəxsi təşəbbüsü ilə “SABAH qrupları” yaradılıb.

Dərs prosesi zamanı otaqlara daxil olduq. Hər sinif otağının qarşısında planşetlər quraşdırılıb. Bu planşetlərdə otaqda hansı müəllimin  olduğu və qrupun, tədris edilən fənnin adı yazılır. Həmçinin  dərsin başlama və bitmə müddəti də  qeyd edilib. “SABAH qrupları” üçün 8 dərs otağı ayrılıb. Otaqlardan birinin  bütün texniki avadanlıqlarını isə “Bank of Baku” üzərinə götürüb, elə otağın adı da “Bank of Baku” adlanır. Otaqlar serverlər,  kompüterlər, proyektor, “smart” lövhələrlə təmin edilib.

“SABAH qrupları”nda jurnal anlayışı yoxdur. Hər biri tələbə auditoriyaya daxil olanda barmağı ilə xüsusi qeydiyyat aparatına toxunur və dərsdə olmağı qeyd olunur.  Dəhlizdə  elektron lövhə quraşdırılıb.  Ölkəmizdə və dünyada baş verən ən son iqtisadi xəbərlər elektron lövhədən yayımlanır. Həmçinin SABAH qruplarının elanları da bu lövhə vasitəsi ilə tələbələrə çatdırılır.

“SABAH” Mərkəzinin rəhbəri Aida Quliyeva deyir ki, “SABAH qrupları” pilot layihə olaraq ötən ildən fəaliyyətə başlayıb. Qruplara imtahan üzrə ən yüksək göstərici də İqtisad Universitetində olub. O bildirib ki, hazırda “SABAH qrupları”nda  224  tələbə 8 ixtisas üzrə 10 qrupda təhsil alır. Burada yalnız İqtisad Universitetinin yox, digər universitetin tələbələri də təhsil alır.

SABAH qruplarının otaqları bütün İKT imkanları ilə təchiz edilib.  Dərslər müəllim və tələbələrin interaktiv müzakirələri və online sual-cavabları şəklində həyata keçirilir. Dərs prosesində müəllim və tələbələr  “smart” lövhələrdən istifadə edirlər. Tələbələrin “smart” lövhələrdə özlərinə bal vermək imkanı da olur. Belə ki, sualların cavabları gizlin şəkildə lövhələrdə yerləşdirilir. Tələbə suala düzgün və yanlış cavab verdiyini elə həmin dəqiqə anlaya bilir.

Universitetdə online sınaq imtahanları keçirilir. Bunun üçün İKT imkanları ilə təchiz olunmuş otaqlar ayrılıb. (sinaqimtahani.net).

Biz otaqlara daxil olanda qiyabi təhsil alan tələbələr üçün imtahana hazırlıq prosesi gedirdi. Texniki işçilər imtahan ləvazimatlarını kompüterlərə yükləyirdilər. Tələbələr otağa daxil olanda üzərlərindəki bütün artıq əşyalar götürülür. Həmçinin otaqda mühafizə kameraları da quraşdırılıb. Bütün tədris binalarında imtahanın gedişatını canlı izləmək olur.

Universitetin marketinq üzrə mütəxəssisi Ramil Cabbarov deyir ki, bu görüntülər ictimaiyyətə açıq  elan olunur.

Universitetin radio bölməsi də fəaliyyətə başlamaq üzrədir. Ramil Cabbarovun sözlərinə görə, yaxın vaxtlarda İqtisad Universitetinin online radiosu da efirə çıxacaq. Radio universitetin rəsmi  saytı üzərindənyayımlanacaq. Universitetin tələbələri tərəfindən müəssisənin daxilində  online veriliş formatları təşkil ediləcək.

Hazırda İqtisad Universitetinin yeni formatda rəsmi saytına hazırlıq işləri gedir. Ramil Cabbarov qeyd edir ki, sayt yeni formada daha interaktiv fəaliyyət göstərəcək. Artıq sayt üçün bütün informasiyalar yenilənir. Həmçinin saytın  domeni də yenilənib. asue.edu.az  hazırda ictimaiyyətə açıq deyil. Yaxın vaxtlarda saytın təqdimatı keçiriləcək.

Universitetin marketinq üzrə mütəxəssisi Ramil Cabbarov bildirib ki, universitetin rektoru  Ədalət Muradovın öz şəxsi facebook səhifəsi var (https://www.facebook.com/pages)  və tələbələr rektorla  səhifədə interaktiv əlaqə yarada bilir. Ədalət Muradov facebook səhifəsi vasitəsi ilə  müraciətləri şəxsən özü cavablandırır. Ədalət Muradov ilk dövlət nümayəndəsidir ki, onun səhifəsi Facebook tərəfindən rəsmi olaraq qeydə alınıb.

İqtisad Universitetində İnnovativ Biznes Mərkəzi də  fəaliyyəti   göstərir. Tələbələr dərsdən sonra Mərkəzə gəlir və yeni ideyaları ilə bağlı müzakirələr aparırlar. 
Bu Mərkəz haqqında 
Xeberler.az –da bu yaxınlarda geniş reportaj verildiyindən qısa olaarq aşağıdakıları qeyd edirik.
Tələbələr mərkəzdə  üç ay kurs keçirlər və daha sonra   layihələrində fəaliyyət göstərirlər. Tələbələrin yeni ideyalarını  xüsusi komissiya dəyərləndirir.

Mərkəzin rəhbəri Mircavid Həsənov deyir ki, tələbələr tərəfindən uğurlu layihələr irəli sürülərsə, mərkəz bu fəaliyyətin genişləndirilməsi üçün layihəni  bütün texniki imkanlar və avadanlıqlarla təmin edir.

Mərkəzdə foto və video çəkilişlər də həyata keçirilir.  Montaj və ssenari işlərini tələbələr özləri həyata keçirir. Hazırda mərkəzdə   7  tələbə çalışır. Onlar yeni layihə üzərində işləyirlər. Belə ki, ölkədə  xidmət göstərən   restoranlar, elektron  avadanlıqlar və  geyim mağazaları veb sayt vasitəsi ilə bronlaşdırılacaq. Mayın 1-də  startap layihəsinin açılışı olacaq.

Mərkəzdə dizayn işləri də həyata keçirilir. Yeni bir layihə də həyata keçirilir. Belə ki, xüsusi proqram vasitəsi ilə dərs başlayan zaman bütün telefonlar avtomatik söndürüləcək. 

Layihə startap olaraq  İT-nin İnkişafı Dövlət Fondu tərəfindən dəstəklənib.

 

Məltəm Talıb

Fotolar: Nəcəf Nəcəfli

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə