Xeberler.az olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzindən hazırladığımız reportajı təqdim edirik:
Öncə onu qeyd edək ki, ümumiyyətlə ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi ilə bu Mərkəz məşğul olur.
Tədris-İnnovasiya Mərkəzi 2003-cü ildən fəaliyyət göstərir və üç sektordan ibarətdir:
Doktorant və dissertantlarla iş sektoru, Tədrisin təşkili sektoru və Layihələrin idarə edilməsi sektoru. Bunlardan başqa, Tədris-İnnovasiya Mərkəzinin nəzdində iki mərkəz fəaliyyət göstərir: Distant Tədris Mərkəzi və Wiki-Mərkəz.
Qeyd edək ki, Mərkəz institutun 1-ci mərtəbəsində yerləşir və 11 otaqdan ibarətdir.
Mərkəzdə doktorant dissertantlara informatika fənnindən dərslər keçirilir. 2013-cü ildən test üsulu ilə imtahanlar həyata keçirilir. Bütün otaqlarda elektron lövhələr var. Müəllimlər elektron lövhələr vasitəsilə dərs keçirlər. Hazırda mərkəzdə pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşların sayı 40 nəfərdən artıqdır. Bunlar institutun elmi işçiləri və İT üzrə yüksək ixtisaslı mütəxəssislərdir.
Tədris-İnnovasiya Mərkəzi Respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu ilə məşğul olur. Mərkəz həmçinin, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kurslar təşkil edir. Qurum eyni zamanda distant kursların, seminar və konfransların təşkili ilə məşğul olur.
Mərkəzin rəhbəri Rəsmiyyə Mahmudova Xeberler.az-a məsul olduğu qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat verib . Onun sözlərinə görə, bu sistem ötən il yaradılıb: “Naxçıvan və Gəncədən Bakıya gələ bilməyənlər Naxçıvan yaxud Gəncədəki mərkəzdə əyələşərək buradakı müəllimlərlə onlayn tədris prosesinə qoşula bilirlər. Gəncə bölgəsindən olan 7-8 doktorant və dissertantlar burada əyləşərək onlayn tədris prosesinə qoşulur. İyulun 6-da Akademiyanın nəzdindəki Naxçıvan bölməsində Naxçıvanda distant tədris mərkəzi açılıb. Mərkəz təkcə doktorant və dissertantlar üçün nəzərdə tutulmayıb, gələcəkdə bölgədəki ali məktəblər və digər qurumlar da bu imkanlardan istifadə edə biləcəklər”.
Rəsmiyyə Mahmudova qeyd edib ki, Mərkəz 60-a yaxın müasir tipli kompüter, proyektor, çap qurğusu və digər texniki avadanlıqlarla təmin olunub. Mərkəzdə dərslər praktiki və nəzəri olmaqla 2 yerə ayrılır: “Həftədə 2 dəfə 80-90 dəqiqə ərzində dərs prosesi davam edir. Müəllimlərə gəldikdə isə informatika fənnini bizim institutun əməkdaşları tədris edir”.
Qurum rəsmisinin sözlərinə görə, Mərkəzdə dərs prosesi sadəcə Naxçıvan yaxud sadəcə Gəncə ilə kifayətlənmir: “Bir neçə mərkəzlə əlaqə saxlayıb onlayn dərs prosesini tənzimləyirik. Hazırda Tədris-İnnovasiya Mərkəzində 4 nöqtə ilə əlaqəli olan bir sistemdən istifadə edirik. İstifadə etdiyimiz sistem Polikon sistemi adlanır. Texnologiyalar ABŞ-dan gətirilib. Mərkəzimizdə bir neçə tədris forması var. Bizim hazırda istifadə etdiyimiz distant tədris formasında real zaman müddətində müəllim burda oturursa, tələbələr də oradakı auditoriyada toplaşır və dərs prosesinə qoşulur. Əvvəlcədən mövzu müəyyən olunur, iştirak etmək istəyənlər qeydiyyatdan keçir. Daha bir distant tədris forması isə distant tədris mərkəzinə gəlmədən belə adi smartfonla, planşetlə dərs prosesinə onlayn qoşula bilməkdir. Gələcəkdə bu tədris formasının tətbiqi İnstitutumuzda gözlənilir və bu istiqamətdə hazırlıqlar gedir. Tədrisin əsas məqsədi imtahanlara hazırlıqdır. Doktorant və dissertantlar namizədlik işi müdafiə edirlər. Lakin hələ imtahanlar distant formada olmadığı üçün imtahanları bölgələrdən gəlib burada verirlər”.
Rəsmiyyə Mahmudova vurğulayıb ki, Tədris-İnnovasiya Mərkəzinə təhsilin informasiyalaşdırılması dövlət proqramı ilə bağlı bir çox müraciətlər daxil olur. Onun sözlərinə görə, müxtəlif layihələr çərçivəsində Tərtər, Goranboy, Ağstafa, Astara, Göyçay və digər rayonlarda Tədris Mərkəzinin əməkdaşları müəllimlər üçün dərslər keçilib, bilikləri sertifikatlaşdırılıb.
Müəllimin məsuliyyətini artıran video nəzarət sistemi
Rəsmiyyə Mahmudova Xeberler.az-a bildirib ki, Tədris Mərkəzində həmçinin, daxili televiziya da fəaliyyət göstərir. Burada mütəmadi olaraq mərkəzin fəaliyyəti və təklif olunan xidmətlər, eləcə də İKT yenilikləri, təhsil xəbərləri, tədrisdə tətbiq olunan yeni texnologiyalar və s. barədə məlumatlar verilir. Eyni zamanda video nəzarət sistemi mövcuddur: “Video nəzarət sistemi əsasən təhlükəsizlik məqsədilə qurulur, amma bizdə əsas məsələ təhlükəsizlik yox, dərs prosesində müəllimin dərs keçməsi, yaxud izahı, auditoriyanın fəallığına və s. nəzarət etməkdir. Bu da haradasa müəllimin məsuliyyətini artırır.
Onu da öyrənirik ki, Mərkəzdə imtahanlar elektron test üsulu ilə keçirilir. Qeydiyyat sistemi, şəkil, anketlər bazada toplanır. Bazanın əsasında onlar kodlaşdırılır. Tələbə imtahana daxil olub ona verilmiş kodu kompüterə daxil etdiyi zaman, haqqında olan bütün məlumatlar- şəkili, anadan olduğu tarix və s. ekranda görsənir. İmtahan 3 dildə aparılır. Azərbaycan, rus və ingilis. Ümumiyyətlə, Akademiyada tədris 2 dildə aparılır. Azərbaycan və rus dillərində.
Rəsmiyyə Mahmudova qeyd edir ki, xaricdən gələn tələbələri nəzərə alaraq ingilis dili 3-cü bir dil kimi imtahana əlavə olunub. Onun sözlərinə görə, müxtəlif müəssisələrin aspirantları xarici ölkədən gəlib və onlar ingilis dilində imtahan verirlər.
Viki Mərkəzdə, AMEA institutlarının, digər elmi mərkəzlərin, alim və mütəxəssislərin “Vikipediya” ensiklopediyasının zənginləşməsində iştirakı, Azərbaycana aid kontentin virtual mühitdə artırılması məqsədi ilə “Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları” kursları keçirilir.
Mərkəzdə təşkil olunmuş viki-qruplara həm mühazirələr, həm də praktiki seminarlar keçirilir. Kurs çərçivəsində AMEA-nın institut və təşkilatlarında toplanmış informasiya resurslarının, alimlərimizin kitab və elmi əsərlərinin “Vikipediya”nın tələb və standartlarına müvafiq qaydada yerləşdirilməsi, viki-mühitdə Azərbaycana qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanla bağlı yerləşdirilmiş kontentin zənginləşdirilməsi və s. ilə bağlı lazımi bilik və təcrübə aşılanır. Kursu bitirənlər imtahan verir və onların bilikləri sertifikatlaşdırılır.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri