Xeberler.az “Təhsil müəssisələrində İKT-nin tətbiqi” layihəsini davam etdirir.
Məqsədimiz təhsil müəssisələrində İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, İKT-nin tədris prosesinə inteqrasiyası və ümumiyyətlə, təhsil müəssisəsinin İKT infrastrukturu haqqında məlumatları geniş auditoriyaya çatdırmaqdır.
Lahiyənin budəfəki məkanı Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) oldu.
Universitetdə informasiya–kommunikasiya texnologiyaları mərkəzi (İKT) fəaliyyət göstərir. Universitetin İKT şöbəsinin müdiri Sərxan Talıbzadə Mərkəzin fəaliyyəti ilə bağlı ətraflı məlumat verir. Öyrənirik ki, İKT Mərkəzi 3 şöbədən ibarətdir:
“Texniki xidmət şöbəsi – İT ilə bağlı yaranan bütün texniki problemlərin aradan qaldırılması, sistem adminstratoruna nəzarət, şəbəkədə baş verən problemlərin həlli ilə məşğul olur. İnformasiya texnologiyaları şöbəsində gələcək perspektivlər, İKT-nin təhsildə tətbiqi , veb layihələrin qəbul olunması, sosial şəbəkələrin idarə olunması və s. məsələlər öz həllini tapır. Treninq şöbəsi –bir neçə funksiyanı yerinə yetirir. Əsas funksiyalarından biri yeni tətbiq olunmuş texnologiyaların universitetdə istifadə olunan və ya yeni çıxan proqram təminatlarının müəllim, eləcə də işçilərə öyrədilməsidir. Şöbələrin daxilində kiçik sektorlar fəaliyyət göstərir. Məsələn, Veb-sektor informasiya texnologiyaları şöbəsindən idarə olunur”.
Öyrənirik ki, İKT Mərkəzi idarəetmədə lazım olan İKT avadanlıqlar, eləcə də server, texniki təmir zamanı zəruri olan avadanlıqlarla təmin olunub.
Sərxan Talıbzadə qeyd edir ki, universitetin İT mərkəzinə 50 Mb/s sürətində internet daxil olur. Söhbət əsnasında onu da öyrənirik ki, İT Mərkəzin və serverlərin təhlükəsizliyinə xüsusi olaraq diqqət yetirilir. Server bir neçə il əvvəl alınıb və yeni texnologiyaların tətbiq olunması üçün daim təkmilləşdirmə işləri aparılır: “Hazırda HP avadanlıqlarından istifadə olunsa da, daha müasir olan Cisco sisteminə keçməyə qismən çalışırıq. Hər il müasir tələblərə uyğun texnologiyadan istifadə etməyə çalışırıq”.
Universitetdə İnnovativ Biznes İnkubator fəaliyyətə başlayıb
Biznes inkubator - başlanğıc mərhələdə kiçik sahibkarlığın yaranması üçün startaplara məsləhət, hüquqi, mühasibat və digər xidmətlərlə kömək edən təşkilatdır.
Biznes inkubatorun yaradılmasının əsas məqsədi gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir.
Sərxan Talıbzadə qeyd edir ki, universitetdə tələbələr üçün artıq bir neçə aydır elan olunan “İnnovativ Biznes Layihə” adlı müsabiqə sona çatıb: “Prosesin yekununda təqdim olunan layihələrə universitet rektoru və ekspertlər tərəfindən baxılmış və qərar verilib. Layihələrdən yalnız ikisi kriteriyalara və parametrlərə uyğun hesab edilərək seçilib.
Qalib iştirakçıları “Memarlıq” fakültəsinin tələbəsi Qasımova Süsən və “Mexanikləşdirmə və İnformasiya Texnologiyaları” fakültəsinin tələbəsi Məmmədzadə Naməti təbrik edir və uğurlar arzu edirik”.
Tələbələrə hansı proqramlar tədris olunur?
Tələbələrə AutoCAD, 3D Max, SAP və s. zəruri olan proqramlar da tədris olunur. Universitetdə müəllimlərin İT sahəsi üzrə biliklərinin artırılması istiqamətində daim təlimlər keçilir.
Tələbələr İT ilə bağlı müxtəlif olimpiadalarda, sərgilərdə, konfranslarda layiqincə iştirak edir və uğurlar qazanırlar. Məsələn, 2013 və 2014-cü illərdə Gürcüstan Texniki Universitetində İT ilə bağlı keçirilən olimpiadada fakültə tələbələri universiteti təmsil edərək uğurlu çıxış edib. 2014-cü ildə Qazaxıstanın Nazarbayev Universitetində keçirilən "İT üzrə Beynəlxalq tələbələrarası müsabiqə"də ən yaxşı innovativ layihə üzrə II yer, 2015-ci ildə StartUp Azərbaycan layihəsi çərçivəsində “E-gov mobil tədbiqləri” nominasiyası üzrə “Robi Guide” layihəsinin qalibi, 2015-ci ildə Dünya ölkələri arası StartUp layihə müsabiqəsi olan Rockstart Answer müsabiqəsinin Azərbaycan üzrə “Robi Guide” layihəsi üzrə qalib olan tələbəmiz Namət Məmmədzadə 2015-ci il oktyabr ayında Amsterdamda keçiriləcək Dünya Sammitində iştirak hüququ qazanıb. Eyni zamanda həmin layihə universitetin İnnovativ Biznes inkubatorunda qrant əldə etmək üçün seçilmiş 2 layihədən biridir. Tələbələrdən Taleh Qafarov www.infoencyclopedi.com saytını yüksək səviyyədə hazırlayıb təqdimatını keçirib.
Öyrənirik ki, 2009-cu ildən imtahanlar elektron formada keçirilir. İmtahanlar mərkəzləşdirilmiş qaydada müşahidə kameraları ilə təchiz olunmuş imtahan zallarında keçirilir. Universitetdə yazılı imtahanların keçirilməsi və yoxlanılması mexanizmi işlənib hazırlanıb, tələbələrin yazı işlərinin şifrələnməsi və yoxlanılması rektorluqda həyata keçirilir.
Təkcə qabiliyyət tələb edən fənn imtahanları yazılı formada aparılır. İmtahan otaqları kompüterlər, eləcə də bütün zəruri avadanlıqlarla təmin olunub. Bir imtahan zalında 200 ədəd kompüter var.
Elektron Universitet sisteminin saytını universitetin rəsmi saytından ayırmışıq
Sərxan Talıbzadə qeyd edir ki, tələbənin şəxsi kabineti sistemini ötən ildən birinci kurslarda tətbiq etməyə başladıq və azmiu.eu adlı sayt yaratdıq.
Sentyabr ayından tələbə və müəllimlərin şəxsi kabineti yaradılıb. Həmin sistemin Beta versiyası isə yaxın günlərdə fəaliyyətə başlayacaq. Yəni, bütün kurslarda tələbənin şəxsi kabineti sistemindən istifadə edəcəyik. Tələbənin jurnal, dərs cədvəli, tədris proqramından, elektron mühazirələrdən, balından, imtahan nəticələrindən tutmuş bütün bu parametrlər “tələbənin şəxsi kabineti” adlanan sisteminə yerləşdirilir. İstifadə girişlərinin yüngülləşdirilməsi və xüsusiləşdirilməsi məqsədilə azmiu.eu adlı saytımız da yaradılıb. Müəllimin elektron jurnalda qeyd etdiyi bütün detallar (qiymət, dərsə davamiyyət) birbaşa tələbənin şəxsi kabinetində öz əksini tapır.
Öyrənirik ki, hazırda tələbənin şəxsi notifikasiyası sistemi üzərində iş aparılır: “Bu mərhələdə işimiz uğurlu alınsa, artıq tələbənin SMS-lə məlumatlandırılması, o cümlədən mobil tətbiq vasitəsilə bildirişlərin göndərilməsi prosesi həyata keçiriləcək. İşlər həddindən artıq çoxdur, İT sahəsi günü-günüdən inkişaf edir. Mümkün qədər yeniliklərə uyğunlaşmağa çalışırıq”.
Universitetdaxili yazışmalar necə həyata keçirilir?
Sərxan Talıbzadə deyir ki, bütün universitetdə lokal şəbəkə olduğu üçün hamının texniki olaraq bir-birini görmək imkanı var: “Eyni zamanda universitetxarici bütün yazışmalar universitetin rəsmi email ünvanı üzərindən həyata keçirilir. İKT sahəsində təcrübələrdən yararlanmağa çalışırıq. Türkiyənin bir neçə universitetləri ilə- İstanbul Texniki, Orta Doğu Texniki Universiteti ilə əməkdaşlıq edirik və imkanlardan yararlanmağa çalışırıq. Ümumiyyətlə çalışırıq ki, başqa universitetlərin İKT sahəsində yenilikləri və üstünlükləri varsa həmin təcrübəni öz universitetimizə tətbiq edək. Yəni, müasir texnologiyaları universitetə gətirməyin tərəfdarıyıq. Amma birbaşa qarşılıqlı müqavilə bağladığımız universitet yoxdur”.
Digər tərəfdən, proqram təminatı olaraq bəzi şirkətlərlə əməkdaşlıq edirik. Onlar bizi pulsuz proqram təminatları ilə təmin edirlər. Və bu, bizim bugünkü miqyasımızda kifayət edir, tamamilə bizim tələblərimizi ödəyə bilir.
Qeyd etdiyimiz kimi, universitetin İT mərkəzinə 50 Mb/s sürətində internet daxil olur.
Sərxan Talıbzadə qeyd edir ki, hazırda internetlə bağlı iki istiqamətdə danışıqlar aparırıq: “ Birincisi odur ki, internetin sürətini artırmaq. İkinci isə alternativ xətt çəkdirmək istəyirik ki, internetlə bağlı bütün problemlər aradan qaldırılsın. Lakin bütün bunların əsasında maliyyə məsələləri dayanır və İKT sahəsi bahalı sahədir. İldən-ilə çalışırıq ki, öz maliyyə gəlirlərimizlə arzularımızı bir-birinə uyğunlaşdıraq (gülür). Bizim üçün prioritet məsələ budur. Müasir texnologiyalardan istifadə edək, amma maliyyə imkanlarına uyğun olsun”.
Elektron kitabxana sistemi və elektron oxu zalı
Universitetdə 517 mindən çox kitab fonduna malik olan elektron kitabxana fəaliyyət göstərir. AzMİU-nun elektron kitabxanasında müxtəlif dərsliklər, mühazirələr və müxtəlif dillərdə olan kitablar var.
Onu da öyrənirik ki, xüsusi bahalı kitablara çiplər yerləşdirilib. İldən-ilə çalışacağıq ki, bu kitabların hamısı bu qaydada tələbələrin ixtiyarına verilsin. Hazıda kitabların tələbələrə verilməsi barkod skaner ilə həyata keçirilir. Kitabxanaçı kitabı skanerə yaxınlaşdırır və skaner həmin kitabı qeydiyyata salır. Amma çiplər olan kitablar isə tamam optimaldır. Eyni zamanda, kitabxanalar xüsusi mühafizə sistemi ilə də təmin olunub. Qeydiyyatan keçməyən kitabı tələbə kitabxanadan çıxarmaq istəyəndə sistem işə düşür. Müəllif hüquqlarının qorunması məqsədilə sistem lokal (qapalı) fəaliyyət göstərir və kitabxanamızda kompüterlər də var. Həmin kompüterləri daşımamaq şərti ilə tələbə istifadə edə bilər.
Distant təhsilə şərait yaradılıbmı?
Şöbə müdiri bildirir ki, təhsilin distant olması üçün hüquqi əsaslar olmasa da AzMİU-da distant təhsil üçün bütün şərait var: “ UNESCO-nun Avicenna layihəsinə qoşulmuşuq və hansı ki, bu layihəyə dünya üzrə 15-dən çox universitet qoşulub. Layihənin məzmunu ondan ibarətdir ki, bütün dərslər birbaşa video formatda hazırlansın. Hazırda işlər bu sahədə davam etdirilir və distant təhsil üçün xüsusi otaq da ayırmışıq. İT avadanlıqlar da UNESCO tərəfindən göndəriləcək. Bununla bağlı işlər gedir. Maliyyə mənbəyi var, sistemə inteqrasiya olmaq bizim üçün daha asandır. Sadəcə təhsilin distant olması üçün hüquqi əsaslar olmalıdır”.
O qeyd edib ki, universitetin müəllimləri dərsləri beynəlxalq proqrama uyğunlaşdırmağa həvəsli görünür: “Distant təhsilin üstünlüyü odur ki, bütün universitetlərarası dərs mübadiləsi gedəcək və dərslər tamamilə beynəlxalq proqrama uyğunlaşdırılacaq”.
Öyrənirik ki, əksər otaqlar proyektorlarla təmin olunub və tələbələrə dərslər proyektorlar vasitəsilə tədris olunur. AzMİU-da 5 mindən çox tələbə təhsil alır və 800 kompüter var. 5 tələbəyə 1 kompüter düşür. 15 kompüter zalı , 60-dan çox proyektor var. Elektron lövhələrdən də həmçinin istifadə olunur.
“Elə bir fənn yoxdur ki, dərslər proyektorla keçirilməsin . Müəllimlər müasir texnologiyaları öyrənməyə məcburdur. Artıq tələbələr mühazirəyə qulaq asmaq istəmir. Onun elektron variantını tələb edir. Müəllimlərimiz sosial şəbəkələrdə qruplar yaradır, həmin faylları orada yerləşdirirlər. Kim necə bacarırsa, tələbəyə o formada informasiyanı ötürür”.
Universitetin rəsmi saytını ( http://www.azmiu.edu.az)30- dan çox şəxs idarə edir
Sərxan Talıbzadə bildirir ki, rəsmi sayt İKT mərkəzin işçiləri tərəfindən idarə olunur. Universitetin rəsmi mail ünvanı var və demək olar ki, bütün işçilərdə həmin mail ünvanın şifrəsi var.
AzMİU “Ali təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi üçün şəraitin yaradılması - ENOTES" (ECDL National Operator and Test Centers in Azerbaijan) adlı TEMPUS layihəsində 2012-ci ildən iştirak edir. Bu layihə çərçivəsində bir neçə nəfər əməkdaş qısamüddətli təlim səfərlərində olub, universitetin müəllimləri tərəfindən bir dərs vəsaiti yazılıb, AzMİU-da İKT sahəsində müasir avadanlıqla təchiz olunmuş ECDL təlim və test mərkəzi yaradılıb.
Mirvari Nəcəf,
Fotolar: Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri