İş adamları üçün yüngül və güclü noutbuk - Ultrabuklar

29-10-2015 / 11:22

İnsanların, xüsusilə, iş adamlarının noutbuk almağa ən böyük səbəbi odur ki, onu özləri hər yerə apara bilsinlər, mobil olsun, yüngül olsun və s. Lakin noutbukların ağır çəkisi, böyük ölçüləri və batareyalarının qısa iş müddəti bu arzunu doğrultmağa çox da imkan vermir. Bu boşluğu doldurmaq üçün ortaya çıxan noutbuklar isə zamanın artan tələbləri qarşısında tab gətirə bilmədi.

İncə, yüngül, yığcam və güclü noutbuklar uzun müddət idi ki, mövcud idi. Xüsusilə, belə noutbuk axtaranların seçimi adətən Apple Macbooklar olurdu. Lakin İntel şirkətinin səyləri nəticəsində artıq 2012-ci ildən “Ultrabook” ticarət nişanı altında yeni noutbuk kateqoriyası yarandı. Ultrabukların necə olmasına dair şirkətin çox sərt tələbləri var. Burada əsas tələblər kompüterin batareyasının enerji tutumunun uzun müddətli olması və incə olmasıdır.

Noutbukların orta rəqəmlə çəkisi 2,5 kiloqram və displey ölçüsü 15.6 düymdür, ultrabukların isə orta rəqəmlə çəkisi 1.3 kiloqram və displey ölçüsü 13.3 düymdür. Yəni ultrabuklar öz ölçüsünə və çəkisinə görə netbuklarla noutbukların arasında yerləşsə də, performansına və incəliyinə görə çox güclüdür. Həmçinin tələblərdən biri də batareyanın minimal 5 saatlıq enerji tutumunun olmasıdır.

Ultrabukların eyni zamanda həm tablet, həm noutbuk kimi istifadəsi nəzərdə tutulduğundan bəzilərinin displeyini çıxararaq və ya çevirərək tablet kimi də istifadəsi də nəzərdə tutulub, buna görə də bir çoxunun sensor ekranı var:

Ultrabukların qiymətləri öz texniki göstəricilərinə görə fərqlilik göstərsə də, orta rəqəmlə qiymətlər 700-800 manatdan başlayaraq 2000-2200 manata qədər yüksələ bilir. 

Biz Sizin ultrabukları daha yaxından tanıya bilməyiniz və onların özəlliklərinə bələd ola bilməyiniz üçün bir neçə markaya aid, oxşar göstəricilərə sahib ultrabukun ümumi analizini təqdim edəcəyik.

Acer Aspire S5-391

Acer Aspire S5-391 olduqca yığcam və xoş dizayna sahibdir. Siyahıdakı ultrabuklar arasında ən incəsi və yüngülüdür. Mikroprosessorun sürəti nisbətən aşağı olsa da, 3.0 GHz-ə qədər yüksələ bilir. Bu ultrabukun toxunaqlı (sensor) ekranı mövcud deyil. Həmçinin digər bir çox ultrabuk kimi HDD yaddaşa yox, SSD yaddaşa sahibdir ki, bu da onun daha sürətlə işləmisənə kömək edir. Ekran ayırdetməsi isə aşağıdır və əlavə video kartı yoxdur. Batareya maksimal altı saatlıq enerji tutumuna malikdir. Orta satış qiyməti 1720 manat olan ultrabuk baha görünə bilər. Lakin Acer şirkətinə məxsus noutbukların qiymətləri rəqiblərinə nisbətən hər zaman bir az baha olur.

 

Asus Zenbook UX303LN 

Asus-un ultrabuklar seriyası olan Zenbook modelləri arasında olan UX303LN həm toxunaqlı ekranı, həm də Nvidia video kartı ilə diqqət cəlb edir. İncəliyinə görə digərlərindən bir az arxada qalır. Mikroprosessorun sürəti turbo rejimdə 3.10 GHz-ə qədər yüksələ bilir. Yaddaş tutumu 256 Gb və digərləri kimi SSD texnologiyaya malikdir. Həmçinin yüksək ekran ayırdetməsinə sahib olduğundan, görüntülərlə işləmək işləyən şəxslər üçün əlverişli ola bilər. Orta satış qiyməti 1650 manatdır.

 

Lenovo Yoga 2 13

Lenovo Yoga seriyasından olan bu noutbuk həm toxunaqlı, həm də 360 dərəcə dönə bilən ekrana sahibdir ki, bununla da ondan həm də tablet kimi istifadə etmək mümkündür. Yoga 2 13 modeli, Yoga 2 Pro modelindən göstəricilərinə görə nisbətən arxada qalsa da, ümumilikdə ultrabuk kimi olduqca maraqlı seçimdir. Ekran ayırd etməsi yüksəkdir, lakin əlavə video karta sahib deyil. Şirkət iddia edir ki, batareyanın enerji tutumu səkkiz saata qədər davam edir. Orta satış qiyməti 1550 manatdır.

 

Murad Məmmədzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə