Kütləvi informasiya vasitələri xüsusilə qlobal çağırışlar və dünyada baş verən dəyişikliklər fonunda ictimai rəyin formalaşmasında və xalqlar arasında münasibətlərin qurulmasında mühüm rol oynayır.
Xeberler.az Report-a istinadən məlumat verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Azərbaycan-Özbəkistan Media Forumunda deyib.
K.Həsənov bu forumun təcrübə və fikir mübadiləsi üçün unikal imkan yaratdığını vurğulayaraq, onun Azərbaycan ilə Özbəkistan arasında kommunikasiya və media siyasəti sahəsində əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün katalizator rolunu oynayacağına əminliyini ifadə edib.
O, həmçinin xatırladıb ki, Azərbaycan və Özbəkistanı çox qədim zamanlardan ortaq tarix, dil, kök, adət-ənənə və mədəniyyət birləşdirir.
“Müstəqillik illərində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edib, bu gün isə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin mahir siyasəti, eləcə də onların şəxsi dostluğu və sıx əlaqələri sayəsində bu əməkdaşlıq daha da inkişaf edib. Bizim münasibətlərimiz artıq yeni səviyyəyə yüksəlib - bu gün Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir. Bildiyiniz kimi, bu ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı Müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Xüsusilə vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanın cəmi 4 dövlətlə müttəfiqlik münasibətləri var və bu ölkələrdən biri də Özbəkistandır. Hesab edirəm ki, bu fakt ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir”, - deyən K.Həsənov əlavə edib ki, müasir dünyada müttəfiqlik əlaqələri siyasət, iqtisadiyyat və hərbi sahələrlə yanaşı, informasiya təhlükəsizliyi sahəsində də əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
“Bu gün media və kommunikasiya sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas və mühüm tərkib hissəsidir. Hər il bu cür əməkdaşlıq daha aktual və zəruri olur. Bu gün biz qlobal informasiya inqilabı ilə əlaqədar beynəlxalq münasibətlər məsələsində böyük dəyişikliklərin şahidi oluruq. Bu isə təkcə milli deyil, həm də beynəlxalq səviyyədə informasiya təhlükəsizliyi məsələsini gündəmə gətirir”, - o vurğulayıb.
Prezident Administrasiyasının nümayəndəsi onu da bildirib ki, təcrübə və uğurlu modellərin mübadiləsi yeni bacarıq və yanaşmaların öyrənilməsi üçün çox vacibdir: “Bu cür biliklər daha məsuliyyətli və məlumatlı jurnalist cəmiyyətinin formalaşmasının əsasını təşkil edir və hazırkı aktiv dezinformasiya dövründə son dərəcə vacibdir. İnformasiyanın əsas resurs hesab edildiyi müasir dünyada onunla manipulyasiya ictimai asayişin, sabitliyin pozulmasına, dövlət qurumlarına inamın sarsılmasına gətirib çıxara bilər. Sosial şəbəkələr reallıq haqqında yanlış təsəvvür yaradan, vətəndaş cəmiyyətinin əsaslarını sarsıdan yalan məlumatların yayılması üçün platformaya çevrilir. Bu təhriflər siyasi qütbləşməni dərinləşdirmək potensialına malikdir. Saxta məlumatlar fakt kimi qəbul edilməyə başlayanda sosial münaqişələr artır, konstruktiv dialoq qabiliyyəti itir, cəmiyyətin böhran vəziyyətlərinə mental dayanıqlığı zəifləyir”.
Onun sözlərinə görə, yalan xəbərlərin sayı son illər on dəfələrlə artıb, təsadüfi deyil ki, bu gün dezinformasiya əsas qlobal təhlükələrdən sayılır.
“Etibarsız məlumatların sayı o qədər sürətlə artır ki, ənənəvi dəqiqləşdirmə üsulları artıq bu axınla ayaqlaşa bilmir. Süni intellekt texnologiyalarının inkişafı isə vəziyyəti daha da çətinləşdirir”.
K.Həsənov hesab edir ki, bu təhlükənin qarşısını almaq üçün dövlət və vətəndaş cəmiyyətinin konsolidasiyası tələb olunur. Media savadlılığının artırılması, tənqidi təfəkkürün gücləndirilməsi və faktların yoxlanılmasına dair vahid sisteminin yaradılması üçün kompleks tədbirlərə ehtiyac var.
“Bu prosesdə əsas rolu media, peşəkar jurnalistlər, mətbuat nümayəndələri oynamalıdır. Dezinformasiya və saxta xəbərlərin qarşısında həqiqətin müdafiəsində və media savadlılığının təşviqində məhz peşəkar jurnalistika həlledici rol oynayır.
Bunu daha məlumatlı və dayanıqlı cəmiyyət yaratmaq üçün məsuliyyətli tənzimləmə də adlandırmaq olar. Bu məsələdə əməkdaşlıq və əlaqələrin qurulması çox mühüm rol oynayır”, - o qeyd edib.
Sektor müdiri xatırladıb ki, iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın əsası 2022-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması ilə qoyulub. 2023-cü ildə isə Özbəkistan Prezidentinin Bakıya dövlət səfəri çərçivəsində bu əməkdaşlığın inkişafı üçün Yol Xəritəsi imzalanıb.
“Mən çox şadam ki, rəsmi strukturlar arasında bu əməkdaşlıq mediamız və jurnalistlərimiz tərəfindən kifayət qədər uğurla həyata keçirilib. İki il ərzində biz Bakıda qardaş Özbəkistanın bir neçə nümayəndə heyətini və jurnalist qruplarını qəbul etmişik, onlar təcrübə mübadiləsi çərçivəsində aparıcı KİV-lərə, o cümlədən dövlət media orqanlarına baş çəkiblər.
Bu gün isə Media Forumun iştirakçıları ilə yanaşı, Azərbaycan mediasının nümayəndələri, eləcə də nazirlik və dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları təcrübə mübadiləsi çərçivəsində Daşkəndə gəliblər. Biz də özbək həmkarlarımızın tezliklə Bakıya səfərini gözləyirik və ümid edirik ki, bu təcrübə mübadiləsi həmkarlarımızın bir-biri ilə daha sıx əlaqələr yaratmasına imkan verəcək.
Bu kontekstdə əminəm ki, bu gün biz ölkələrimizin kütləvi informasiya vasitələri arasında informasiya mübadiləsində təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan və Özbəkistan arasında sıx əməkdaşlığın daha bir əsasını qoyuruq”, - o əlavə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri