Almaniyada yaşayan azərbaycanlı jurnalist Fəxrəddin Hacıbəyli bildirib ki, xaricdən ölkənin «Azercell» abonentlərinə zəng vurmaq mümkün deyil: «Azercell» nömrələrinə zəng vurduqda dəqiqələrlə çağrı eşidilir, amma cavab verən olmur. Sonradan bilirsən ki, çağrı səsi yanlışmış, əslində aranan şəxsə zəng getməyib. Belə zənglər zamanı pulun getdiyi göstərilir, ödəmə var, amma danışmaq mümkün deyil. «Bakcell» abonentləri ilə əlaqə yaradanda belə problem yaranmır».
Eyni problemlə rouminqdə olan abonentlərin də qarşılaşdığı bildirilir. «İnternyus-Azərbaycan» İctimai Birliyinin əməkdaşları xaricdə ezamiyyətdə olarkən «Azercell» abonentləri ilə rabitə yaratmaqda çətinlik çəkdiklərini söyləyirlər.
«Azercell-Telekom» Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti rəhbəri Rüfət Abbasov «Media forum» saytına açıqlamasında bildirib ki, bu məsələ dəfələrlə qaldırılıb: «Bir müddət əvvəl də abonentlər belə şikayətlə müraciət etmişdilər. O zaman məsələyə aydınlıq gətirmişdik, indi də bildirmək istəyirik ki, Azərbaycana gələn və Azərbaycandan gedən zənglər «Aztelekom» İstehsalat Birliyinə məxsus xətlər üzərindən olur. Biz xariclə birbaşa əlaqəni istehsalat birliyinin xidmətlərindən yararlanmaqla yaradırıq».
R.Abbasov problemlə bağlı «Aztelekom»a dəfələrlə müraciət etdiklərini bildirib.
«Aztelekom» İstehsalat Birliyinin texniki direktoru Zahir Vəliyev «Media forum»a açıqlamasında belə problemə əvvəllər daha tez-tez rast gəlindiyini vurğulayıb: «İndi belə şikayətlərin sayı azalıb. Biz «Aztelekom» üzərindən dünyanın istənilən nöqtəsilə təşkil olunan beynəlxalq rabitənin keyfiyyətli olmasına təminat veririk. Dəfələrlə «Azercell» rəsmilərinin nəzərinə çatdırılıb ki, problemi Azərbaycanda deyil, rouminq müqaviləsi bağladıqları operatorlarla birlikdə araşdırsınlar».
Z.Vəliyevin sözlərinə görə, «Aztelekom» beynəlxalq kanalların texniki vəziyyətinə cavabdehdir və beynəlxalq istiqamətlərdə keyfiyyətli rabitənin təminatçısıdır. Məsələn, Moskvaya, Frankfurta, Londona kimi... Rouminq kanalları ilə təşkil olunan rabitəyə birbaşa mobil operatorların özləri cavabdehdir. Özü də rouminqlə bağlı problemlər nədənsə «Azercell» MMC-də olur. Digər operatorların belə bir problemi yoxdur».
Texniki direktor «Azercell»in üç rouminq-data kanal - Türkiyə, Almaniya və İsveçrə kanalları üzərindən rouminq xidməti həyata keçirdiyini bildirib: «Azercell» özü bu kanallarda hər hansı bir problemin olub-olmadığını vaxtlı-vaxtında yoxlamalıdır. Çünki rabitənin keyfiyyətinə onlar cavab verirlər. Bu kanalların köməyi ilə «Azercell» Məhdud Məsuliyyətli Cəmiyyət dünyanın əksər ölkələri ilə rouminq mübadiləsi yaradırlar».express.com.az
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri