RABİTƏ NAZİRLİYİ LƏĞV EDİLƏ BİLƏR?

11-04-2009 / 11:22

Ayna qəzeti , Apr. 11, 2009 ,AYNURƏ

Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya İqtisadi Forumunun və digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan MDB məkanında mobil telefon danışıqlarının ən baha olduğu ölkələrdən biri kimi göstərilir. \"Multimedia\" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin sədri Osman Gündüz bizimlə söhbətində vurğuladı ki, ölkə daxilində mobil telefon danışıqları tariflərinin öyrənilməsi və digər ölkələrlə müqayisəsi də eyni faktı ortaya çıxarıb:\"Bizim müşahidələrimiz onu göstərir ki, bu proses uzun müddətdir dəyişməz qalır. Sanki mobil operatorlar abonentləri iflas etməyə qərarlıdırlar. Əfsuslar olsun ki, bu qiymətlərin fonunda belə keyfiyyət həmişə ikinci planda olub\".

Səbəblər barədə söhbət açan müsahibim deyir ki, bu, təkcə mobil operatorların günahı deyil. Məsələ ondadır ki, bu bazarda sərbəst və azad rəqabət formalaşmayıb. O.Gündüzün dediyinə görə, vaxtında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) bazarı tənzimləməyib. \"Nəticədə \"Azercell\" hökmran mövqeyə sahib oldu və bu belə davam edir. Baxmayaraq ki, bazara daha ucuz qiymətlərlə iki mobil operator - \"Nar\" və \"Katel\" daxil olub. Ancaq yenə də abonent və resursların, infrastrukturun əksəriyyəti birinci adını çəkdiyim şirkətə məxsusdur. Bazara son daxil olan operatorlar qiymətləri həddindən ziyadə ucuzlaşdırsa da, digər operatorlar danışıq qiymətlərində əhəmiyyətli dəyişikliklər etmirlər ki, ümumilikdə ölkəmizdə mobil telefon danışıqlarının qiymətləri ucuzlaşsın. Gürcüstanda, Rusiyada mobil telefonla danışıq qiymətləri \"su\" qiymətinədir. Mən Brüsseldə 15 avroya bir ay müddətində səhərdən axşama qədər telefonla danışırdım. Bu da Avropanın mərkəzindəki \"bahalı\" qiymət. Bir daha vurğulayıram ki, bu, RİTN-in səhv siyasətinin bəhrəsidir. Bu fikri dərin araşdırmaların nəticəsinə əsaslanaraq söyləyirəm\", - deyə mərkəz sədri vurğuladı.

Bəlli olduğu kimi, fevralda RİTN mobil operatorlar arasında ara bağlantılarının qiymətini 5 qəpikdən 2 qəpiyə endirdi. Amma nədənsə, mobil operatorlar hələ də ara bağlantıların qiymətini endirməklə bağlı qərar verməyə tələsmir. Halbuki rabitə və informasiya texnologiyaları naziri həmin vaxt mətbuata açıqlamasında \"keyfiyyətə toxunmadan ara bağlantılarının qiymətlərində dəyişikliklərin edilməsi gözləniləndir\" demişdi. O.Gündüz isə deyir ki, indiki məqamda mobil operatorlar arasında ara bağlantılarının qiymətinin aşağı düşməsinə ümid etməyə dəyməz. Onun sözlərinə görə, mobil operatorların digər xərcləri çoxdur:

\"Təsəvvür edin ki, dörd mobil operator sözügedən nazirliyin kassasına dövlətə məxsus tezliklərdən istifadə ilə bağlı 20 milyon manat ödəyirlər. Özü də aylıq. Maraqlıdır ki, bu məbləğdə pullar büdcəyə deyil, nazirliyin kassasına ödənilir. Bu pullar nə üçün dövlət büdcəsinə keçirilməməlidir? Dünyada belə mexanizm mövcud deyil. Mən nazirlikdə bu pulun mənimsənildiyini iddia etmirəm. Lakin şəffaflıq, ictimai nəzarətin təşkili naminə bu pullar büdcəyə ödənməlidir. Qəribədir ki, nazirliyin bəzi əməkdaşları bu məlumatları dövlət sirri kateqoriyasına daxil edirlər. Halbuki qanuna əsasən, bu cür informasiyalar məcburən saytda yerləşdirilməlidir. Nazirlik isə bu məlumatı \"dövlət sirri\" ifadəsi işlətməklə verməkdən boyun qaçırır. Bununla onu da demək istəyirəm ki, mobil operatorların vergi ödəmələri böyükdür. Bunlar da aşağı salınmalıdır\".

Həmsöhbətim söyləyir ki, vəziyyət bazarda qayda-qanun yaradılmayana qədər dəyişməyəcək. Onun fikrincə, kapitalizm, bazar iqtisadiyyatı adı altında özbaşınalığa yol verilməməlidir. O.Gündüzün dediklərindən məlum oldu ki, uzunmüddətli araşdırmalardan sonra internet və mobil telefon bazarında qiymətlərin baha olmasının səbəbi tapılıb. Demə, RİTN-in əlində kommersiya, idarəetmə və eyni zamanda tənzimləmə funksiyasının cəmlənməsi, bir sözlə, qanunvericiliklə nazirliyə verilən səlahiyyətlər problemlərin kökündə dayanır. Müsahibimin təbirincə desək, bu səlahiyyətlər adıçəkilən nazirliyi \"əjdaha\"ya çevirib. Onun söylədiklərindən öyrəndik ki, Avropada 15, MDB dövlətlərinin əksəriyyətində (üç dövlət istisna olmaqla) bu sistem 10 il öncə ləğv edilib. Yəni bu funksiyaların hər birini ayrı-ayrı qurumlar icra edir.

\"Nazirlik bir-birinə zidd üç funksiyanı necə icra edə bilər ki? Oyun qaydasını müəyyən edən qurumu digərlərindən fərqləndirən səlahiyyətləri olmalıdır və onun heç bir kommersiya marağı olmamalıdır. Gürcüstanda, Ukraynada Milli Telekommunikasiya Şurası fəaliyyət göstərir. Onlar tənzimləmə funksiyasını yerinə yetirirlər. Məsələn, təsəvvür edin ki, televiziya sahəsindəki vəziyyətə nəzarət edən Milli Televiziya və Radio Şurasının öz telekanalı var. Deməli, burada şuranın öz maraqları olacaq. Hazırda RİTN bu vəziyyətdədir\".

Mərkəz sədri təklif edir ki, müstəqil telekommunikasiya şurası yaradılmalı və tənzimləmə funksiyası ona verilməlidir. MDB dövlətlərində onun sədri prezident tərəfindən təyin edilsə də, o, müstəqil qurum kimi fəaliyyət göstərir. Kommersiya funksiyası isə özəl şirkətlərə verilməlidir. Yerdə qalır idarəetmə, yəni dövlətin siyasətini müəyyənləşdirən qurum. Bu isə RİTN-ə verilə bilər. Müsahibim deyir ki, digər ölkələrdə bu halda nazirliyin adı dövlət telekommunikasiya agentliyi ilə əvəz edilir. Söhbət əsnasında öyrəndik ki, sözügedən mərkəz bir aydır bu istiqamətdə təkliflər hazırlayır: \"Ya RİTN ləğv olunmalı və yaxud da səlahiyyətləri məhdudlaşdırılmalıdır. Bundan sonra Milli Telekommunikasiya Şurası və Dövlət Telekommunikasiya Agentliyi yaradıla bilər. On gün ərzində təkliflərimizi prezidentə təqdim edəcəyik\".


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə