Azərbaycanda gizli telefon dinləmələri

30-11-2009 / 17:41

Bu gün dünyada nüfuzlu iş, siyasət adamlarını bir məsələ xüsusi narahat edir: telefon danışıqları, ofisləri, evləri dinlənilir, ya yox. Texnologiya inkişaf etdikcə insanların dinlənilməsi, uzaqdan təqib olunması, izlənməsi də asanlaşır.

Ümumiyyətlə, mobil rabitə dövriyyəyə girəndən insanların dinlənilməsi çox asanlaşıb. Mobil telefonlar təkcə istifadə olunarkən, yəni zəng göndərib zəng qəbul edərkən dinlənilmir. Mobil telefonumuz 24 saat siqnal verdiyindən həm də addımbaaddım izlənməyimiz və kimlərlə görüşüb nələr danışmağımızın qeydə alınması mümkündür.

Əksər ölkələrdə mobil telefon siqnalları, danışıqlar operatorlar tərəfindən serverlərə qeyd edilir. Əslində mobil operator şirkətinin bu qeydləri dərhal silməsi lazımdır. Problem həm də ondadır ki, danışıqlarımız tək mobil operatorların serverlərində saxlanılmır. Dinləmənin digər dörd üsulu var. Bura proqram yükləmə, antena vasitəsilə dalğanı tutma, peyk vasitəsilə, nəhayət, mobil operatorun siqnal ötürücü stansiyasından dinləməni həyata keçirmə daxildir.

Mütəxəssislər telefonlar üçün dinləmələri müəyyən edən və telefon sahibinə xəbər verən proqramlar hazırlayıb. Mobil telefonlara yüklənən bu proqramlar qanundankənar dinləmələri müəyyən etdikdə telefona mesaj və ya siqnal göndərir. Bu isə mobilin dinləndiyini bildirir.

Bəs görəsən, bizim siyasətçilərin telefon danışıqları dinlənirmi? Bu hal baş versə, qarşısını almaq üçün xüsusi cihazdan istifadə edilirmi?

Xeberler.az-ın Yeni Müsavat-a istinadən verdiyi məlumata görə, ADP sədri Sərdar Cəlaloğlu telefon dinləməsini qeyri-etik hərəkət adlandırıb bunu həm də qanun pozuntusu adlandırdı: “Bu hərəkəti düzgün saymıram. İnsanların şəxsi həyatının toxunulmazlıq hüququ var. Adətən bu dinləmələrlə bağlı insanların şəxsi həyatı ilə bağlı məlumatlar da əldə edilir. Dinləmə o zaman qanuni sayıla bilər ki, ortada hüquq-mühafizə orqanlarının rəsmi müraciəti olsun. Təəssüf ki, bizim kimi ölkələrdə bu cür hallar qeyri-qanuni həyata keçirilir. Buna baxmayaraq mən öz telefonumun dinlənməsindən o qədər də narahat deyiləm. Çünki qanunu pozacaq danışığım, fikrim, ideyam yoxdur. Bir az şəxsi həyatıma qarışmaq kimi olduğun nəzərə alıb narahat oluram. Dinləmənin qarşısını alacaq hər hansı alətdən istifadə etməyə də gərək duymuram. Heç maraqlanmıram məni dinləyirlər, ya yox. Telefonda danışdıqlarımı qəzetdə açıq şəkildə deyirəm. Yəni bu baxımdan hökumətdən, cəmiyyətdən gizləyəcək heç nəyim yoxdur”.

lent.az portalının rəhbəri Qabil Abbasoğlu telefonunun dinlənilmədiyini və heç bir qurğudan istifadə etmədiyini bildirdi: “Məndə telefonumun dinlənməsi ilə bağlı hansısa məlumat yoxdur. Dinlənilsəm də jurnalistlərlə, dostlarımla, müxtəlif insanlarla söhbətdən, gözəl ideyalardan başqa heç nə eşidə bilməyəcəklər. Dinlənmək üçün xüsusi həssas qrupa özümü daxil etmirəm. Bu təhlükəni real da saymıram. Hesab etmirəm ki, telefonumdakı həmin söhbətlər dövləti maraqlandıra, yaxud narahat edə bilər”.

ADİP sədri, deputat Asim Mollazadə dinlənmədiyini dedi: “Maraqlanmamışam telefonum dinlənir, ya yox. Çünki hərəkətlərimin hamısı qanun çərçivəsindədir. Ona görə də xüsusi narahatlığa gərək yoxdur. Ən azı dinləndiyimi hiss etməmişəm. Əgər telefonumun dinləndiyini hiss etsəm, əlbəttə, məhkəməyə müraciət edərəm”.

Müsavatçı millət vəkili İkram İsrafil dinlənmənin onu narahat etmədiyini dedi: “2003-cü il hadisələri ilə əlaqədar keçirilən məhkəmə proseslərində açıq şəkildə müəyyənləşdi ki, siyasi partiya liderləri dinlənilirmiş. Amma bu gün mənim telefonumun dinlənməsinə dair narahatçılığım yoxdur. Dinləmənin qarşısını alan cihazdan da istifadə etmirəm”.

Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu da telefonunun dinləndiyini sanmır: “Bu cür dinləmə hallarının olduğunu bilirəm. Ancaq bu, məhkəmə qərarı ilə olur. Başqa ölkələrdə telefon dinləmələri məhkəmə yolu ilə həyata keçirilir. Mən telefonumda hansısa dinləmənin qarşısını alan cihazdan istifadə etmirəm”.

mediaforum.az portalının rəhbəri Azər Qaraçənli də dinlənmədiyini deyir: “Telefonumun dinlənməsi haqda məlumatım yoxdur. Yəni deyə bilmərəm telefonum dinlənilir, ya yox. O ki qaldı dinləmənin qarşısını alan cihaza, belə cihazdan istifadə etmirəm. Heç o cihazlar mənə bəlli də deyil”.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə