“Belə görünür ki, BTRİB MTN -nin tam nəzarətində olub”

13-11-2015 / 14:20

Telefon dinləmələri necə həyata keçirilib və bundan sonra hansı qaydalar olacaq?

Son günlər “MTN işi” ilə bağlı dinləmə və izləmə məsələsi yenidən gündəmi zəbt edib. Mediada yayılan məlumatlara görə, MTN bir sıra şəxslərin telefon danışıqlarının qeyri-qanuni  dinlənilməsi üçün RYTN–nin rəsmi şəxslərindən də istifadə edib. 

Telekommunikasiya sektorunda  dinləmə və izləmənin kifayət qədər ictimai əhəmiyyət kəsb etməsini nəzərə alaraq Xeberler.az vaxtaşırı bu istiqamətdə açıqlama və araşdırmalar təqdim edir.

 Dinləmə və izləmə ilə bağlı qanuni və qeyri-qanuni metodlara bir daha aydınlıq gətirmək üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbət etdik:

 - Osman bəy, “MTN işi” ətrafında baş verənlər göstərdi ki, bu qurumda müəyyən səlahiyyətli bir qrup qanunsuz addımların atılması üçün əsasən telefon dinləmələrindən, internet və digər rabitə kanallarında qeyri-qanuni izləmədən istifadə edib. Qeyri-qanuni dinləmə və izləmə dedikdə nə nəzərdə tutulur?

 - Əslində,  telekommunikasiya və əməliyyat-axtarışla bağlı qanunvericilikdə  MTN-ə rabitə sektorunda qanuni dinləmə və izləmə səlahiyyəti verilib. Uzun müddət MTN rabitə sektorunda dinləmə və izləmə aparmaq səlahiyyətinə malik olan yeganə qurum olub. Mövcud qanunvericiliyə görə,  bütün rabitə operatorları MTN üçün belə şərait yaratmağa borclu olublar. Rabitə  sektorunda  qanuni izləmə ondan ibarətdir ki, ilk növbədə bu prosesə istənilən an nəzarət etmək, istənilən an rabitə şəbəkələrindən informasiya almaq üçün  bəlli bir informasiya sistemi qurulur. Bu  barədə mətbuatda ətraflı məlumat verilib artıq. Hansı ki, bu sistemin əsası MTN-dəki Monitorinq Mərkəzidir. Qanuna görə, bu Mərkəzin bütün telekommunikasiya və informasiya şəbəkələrinə çıxışı olmalıdır. Əlbəttə, bu məqsədlə ATS-lərin də resurslarından istifadə edilə bilir. 

Əgər  kimsə müəyyən olunmuş bir cinayətdə və baş verə biləcək dövlət üçün təhlükəli hərəkətlərdə şübhəli bilinərsə,  məhkəmənin qərarı və ya istintaq orqanının razılığı ilə bu məqsədlə ayrılmış əməliyyat qrupu  şübhəlinin  telefon, poçt,  e-mail, sosial media hesablarını nəzarətə götürür. Yəni, şübhəli şəxs(lər)in bütün informasiya münasibətləri, əslində, paralel şəkildə digər bir yerdə izlənilir və dinlənilir. Qanunvericilikdə bu fəaliyyətin necə qurulması, hansı cinayətlərdə şübhəli bilinənlər izlənə bilər,  bunun izi necə qalmalıdır, toplanan informasiyadan necə istifadə olunmalıdır kimi məsələlərin xüsusi mexanizmi müəyyənləşdirilib.

Qeyd edim ki, qanunda birmənalı şəkildə yazılıb ki, toplanan informasiyadan şantaj üçün istifadə olunmamalı, insan hüquq və azadlıqları pozulmamalıdır.

 - Qeyri-qanuni dinləmə məsələsinə keçmədən bilmək istərdik ki,  belə sistemlər digər ölkələrdə varmı?  Bu sahədə beynəlxalq təcrübə necədir?

 - Əlbəttə,  bütün ölkələr öz təhlükəsizliyini qorumaq üçün bu tip sistemlər qurur. Xatırlayıram ki,  2001-ci il də ABŞ-da baş vermiş terror hadisəsindən sonra bütün ölkələrin hökumətləri, qanunverici orqanları bu tip sistemlərə daha da üstünlük verməyə başladı. İnkişaf etmiş ölkələrin də hər birində bu tip sistemlər var. Fərq odur ki, onlarda bu cür sistemlərdən istifadənin daha fərqli bir proseduru var - kimlərin dinlənə bilməsi, məhkəmə qərarı olmadan dinləmənin mümkünsüzlüyü və s. İnkişaf etmiş ölkələrdə də bu cür sistemlərdən qanuni və qeyri-qanuni  istifadə ilə bağlı tez–tez müxtəlif  münaqişələrin şahidi oluruq.

 Azərbaycanın dörd bir tərəfində olan ölkələrin bizə münasibətlərini, müharibə vəziyyətində olmağımızı, müstəqilliyimizi həzm edə bilməyənlərin olduğunu nəzərə alsaq, görərik ki, informasiya məkanına nəzarət bizim dövlətimiz üçün də olduqca əhəmiyyətlidir. Deməli, bizdə də belə bir sistemin qurulması normaldır. Sadəcə əsas məsələ bu tip sistemlərdə dövlət və ictimai nəzarətin və  hesabatlılığın təmin edilməsindən ibarətdir. Bizim qanunvericilikdə də bu sahədə müəyyən boşluqlar var. Biz bu haqda zaman-zaman açıqlamalar vermişik . Təəssüf ki, bizdə uzun müddət,  cari ilin iyun ayınadək   yalnız bir qurum – MTN bu sahədə bütün hüquqlara  sahib olub. Güman ki, son dövrlərdə MTN-dən bu sahədə ciddi şübhələr yaranıb. Ola bilsin ki, elə bu səbəbdən də son dövrlərdə  Prezident tərəfindən bu sahədə ciddi qayda-qanun yaradılması üçün dərhal bir neçə hüquqi-normativ sənəd qəbul edilib. Artıq bundan sonra bu sektorda əməliyyat-axtarış tədbirləri yeni qaydalar üzrə və daha bir neçə qurumun iştirakı ilə həyata keçiriləcək.

 Fikrimcə, hazırda söhbət məhz bu səlahiyyətlərdən sui-istifadə edilməsi, rabitə sektorunda qeyri-qanuni dinləmə və izləmədən,  yəni az qala kütləvi, əsassız olaraq həyata keçirilən, müxtəlif qeyri-qanuni məqsədlər üçün  olan dinləmələrdən, toplanan informasiyaların qanunvericilikdə nəzərdə tutulduğu qaydada məhv edilməməsindən, başqalarının şantaj edilməsindən gedir.

 - Onda belə çıxır ki, MTN-də adı hallanan qrup qanuni mexanizmlərdən qeyri-qanuni məqsədlərlə istifadə edib, eləmi? İzlənmə və dinləmə nəticəsində əldə olunan informasiyalardan başqa məqsədlər üçün istifadə edilib?

 - Əslində,  rəsmi informasiyalar olmadığından yalnız ehtimallar və gümanlar üzərində dayanmaq olar. Belə ki, “MTN işi” başlayan anda əməliyyat-axtarışı həyata keçirənlər tərəfindən  Monitorinq Mərkəzinin nəzarətə  götürülməsi və dərhal da BTRİB rəhbərinin həbs olunması doğrudan da belə qənaətə gəlməyə əsas verir ki, həm mövcud Monitorinq Mərkəzindən qeyri-qanuni məqsədlərlə və güman ki, həm də dinləmə üçün BTRİB-in resurslarından qeyri-qanuni  istifadə edilib. İstisna etmək olmaz ki,  qeyri-qanuni dinləməni həyata keçirmək üçün toplanan informasiyalardan şantaj məqsədilə də istifadə edilib. Əslində, düşünürəm ki, mobil danışıqların dinlənilməsi üçün  Monitorinq Mərkəzinin resursları yetərli ola bilərdi.  BTRİB məsələsi onu göstərir ki,  dinləmək üçün həm də ev telefonları və iş telefonları da seçilib. Ehtimal var ki,  lap yüksək vəzifəli şəxslər, hətta onların ev telefonları vasitəsilə ailə üzvləri də dinlənilib və nəzarətdə olub. Belə görünür ki, BTRİB tam şəkildə MTN-in nəzarətində olub.

 - Bəs bu məsələ ilə bağlı RYTN-nin rolu,  onun bu proseslərdən xəbərdar olması ilə bağlı nə deyə bilərdiniz?

 - Bu haqda hazırda dəqiq nəsə demək çətindir. Çünki məsələ ilə bağlı rəsmi açıqlama yoxdur. Amma bəzi media qurumlarının hökumət mənbələrinə istinad edərək dünənki açıqlamalarından belə düşünmək üçün əsaslar ola bilər ki, Nazirlik tərəfindən BTRİB-ə  nəzarətdə problemlər olub. Əslində, gizli deyildi və dəfələrlə bildirmişəm ki BTRİB-in keçmiş rəisi Beytulla Hüseynov onsuz da bu sektorda heç kimlə hesablaşmırdı, söz sahibiydi, özünün provayderləri vardı və s. Güman etmək olar ki, Baş Prokurorluq, DİN və XDMX-nin həyata keçirdiyi əməliyyat-axtarış təbirləri zamanı BTRİB-də məhz  qeyri-qanuni dinləmələrin olduğu aşkara çıxarılıb. Ehtimal etmək olar ki, dinlənilənlər arasında elə şəxslər də olub ki, bunlar haqqında dərhal yuxarılara məlumat verilib.

 Əgər adi bir əməliyyat-axtarış gerçəkləşdirilirsə, buna bəlkə də etinasız yanaşmaq olar. Bildiyim qədər, əgər MTN məxsusi bir dinləmə həyata keçirirsə, məsələn, Prezidentin təyinatı ilə vəzifəyə  təyin olunan birisini  və ya onun ailə üzvlərini BTRİB-də  dinləyirlərsə,  gərək bununla bağlı dərhal yuxarı  qurumlara məlumat verilsin. Ola bilər ki, BTRİB  bu informasiyaları nazirlikdən gizlədib, ya da elə dinlədiyi informasiyalarla nazirlikdəkiləri şantaj edib. Baş verənləri təhlil edəndə güman etmək olar ki, elə sabiq nazir Əli Abbasov da buradan qeyri-qanuni dinlənilib.

Görünən budur ki,  bu cür qeyri-qanuni dinləmələrin həyata keçirilməsi ilə bağlı  ya  RYTN–nin məlumatı olmayıb, ya da ola bilər ki, elə Beytulla Hüseynov tərəfindən şantajla bunun qarşısı alınıb. Ola bilər ki, etibardan sui-istifadə olunub. Açıqlanan məlumatlardan belə düşünmək olar ki,  RYTN qeyri-qanuni dinləmələrlə bağlı yuxarıları məlumatlandıra bilməyib. Ola bilər ki, MTN-dəki məlum qrup bu cür məlumatlandırmanın qarşısını almaq üçün də məhz qeyri-qanuni topladığı informasiyalardan Nazirlik əməkdaşlarına qarşı şantaj üçün istifadə edib. Hazırda bütün bunlarla bağlı araşdırma gedir və ümid edirəm ki, yaxınlarda rəsmi açıqlamalar veriləcək.

Amma baş verənlər onu göstərir ki, BTRİB və digər operatorlara nəzarət  zəifləyibmiş. Təsəvvür edin ki, son dövrlərdəki hadisələrlə bağlı bu sektorda elə təşkilat adları  hallandı ki, şəxsən mən özüm bu günə qədər belə  təşkilat adı eşitməmişdim.  Nazirlik də  rəsmi açıqlama verib ki, prosesdə adı hallanan bəzi qurumlar, adlar   var ki, bu sektorda heç vaxt eşidilməyib, tanınmır. Bu necə ola bilər ki, araşdırma aparan Prokurorluq elan edir ki,  hansısa bir operator nəzdində bir qurum, idarə varmış və uzun illərdir ki,  min kilometrlərlə optik kabel çəkir, amma cəmiyyətin və elə Nazirliyin də xəbəri yoxdur? Ona görə deyirəm ki, Nazirliyin də olanlara nəzarəti yetərli olmayıb.

- Deməli, hətta nazirlik rəsmi təkzib etsə də, faktiki belə qurumlar olub? Demək olarmı ki, operatorlar bunu gizli və ya aşkar  yaradıblar və məhz bu tip qurumlar vasitəsilə mənimsəmələrə yol verilib?

 - Çox güman ki,  məhz elə olub.  Baş Prokurorluğa istinadən artıq belə məlumatlar gedibsə və mediada da belə qurumların adları və rəhbər şəxsləri qeyd edilibsə, deməli doğrudur. Məsələn,  bu sektorda Optik Qurğular İdarəsi adlanan qurum olub. Uzun müddətdir ki, hansısa operatorun  (BTRİB və  ya digərinin) nəzdində işləyib. Bu qurumlarda da açıq-aşkar həmişə inhisarçılıq olub. Yəni, digər operatorlara  və provayderlərə  imkan verilməyib, yalnız bu tip qurumlara imkan yaradılıb.

Bu günlərdə hətta rəsmi qurumların saytından oxuyuram ki, hansısa bir xarici telekommunikasiya operatoru beynəlxalq trafikin ötürülməsi ilə bağlı Azərbaycanın Caspian Telecommunication qurumu ilə müqavilə bağlayıb. Təsəvvür edin ki, bunu rəsmi orqan yayır.  Mən 20  ildir ki,  bu sektordayam, amma beynəlxalq trafiklə məşğul olan belə qurum  adı eşitməmişəm. Nazirlikdən soruşduqlarım da xəbərsiz olduqlarını bildirdilər. Bildiyim ondan ibarət olub ki, bu səlahiyyət ya BƏHM–də (indiki AzİnTelecom-da), ya da Aztelekom-da ola bilər. İndi təsəvvür edin ki, belə qurum varmış və hətta strateji bir sahə olan beynəlxalq danışıqlarla  bağlı müqavilə bağlamaq səlahiyyətinə də  malik olub. Deməli, belə düşünmək üçün əsaslar var ki, əgər söhbət beynəlxalq trafikin, beynəlxalq danışığın ötürülməsindən gedirsə, demək  bu qurum güman ki MTN-də adı çəkilən bəlli qrupla da bağlı olub.

 - Osman bəy,  yuxarıda qeyd etdiniz ki,  artıq ölkədə rabitə sektorunda dinləmə və izləmə ilə bağlı yeni qaydalar müəyyən olunub. Bundan sonra bu proses necə həyata keçiriləcək?

 - Bəli, həqiqətən də Prezidentin  2 oktyabr tarixli Fərmanı ilə yeni Qaydalar və yeni səlahiyyətli qurumlar müəyyən olunub. Ümumiyyətlə, qeyd etdiyim kimi, artıq  iyun ayından etibarən dinləmə və izləmə ilə bağlı avadanlıqların,  sistemin istismarı ilə bağlı səlahiyyətlər MTN–nin əlindən alınmışdı. Hazırda bu səlahiyyət XDMX-dədir. Yəni,  avadanlıqalardan və sistemdən istifadə səlahiyyətinin XDMX-də olmağı o deməkdir ki, yalnız bu qurum birbaşa Monitorinq sisteminə  daxil ola və birbaşa izləməni təşkil edə bilər. Dinləmə və izləməni həyata keçirmək istəyən digər qurumalar – DİN, MTN, Sərhəd Qoşunları və s.  gərək bu quruma sorğu ilə müraciət etsinlər. Hələlik Qaydalar  tam açıqlanmadığından bunun ayrıntıları  haqqında konkret nəsə əlavə etmək doğru olmazdı. Amma istənilən halda  dinləmə və izləmə sistemini bütün səlahiyyətli qurumlara açıq qoymaqdansa, gərəkli bilgilərin bəlli sorğular əsasında bir qurumdan əldə edilməsini pozitiv, doğru addım kimi  qəbul etmək olar. Digər ölkələrdə, elə qonşu Türkiyədə də bu məqsədlə yarı dövlət, yarı özəl bu tipdə qurum yaradılıb. Eyni zamanda  gələcəkdə neqativ halların  təkrarlanmaması üçün də bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və hesabatlılığın, dövlət və ictimai nəzarətin gücləndirilməsini zəruri hesab edirəm.

 

Ruhəngiz Muradova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə