İnformasiya Texnologiyaları Universiteti üzrə imtahan nəticələri bu günlərdə elan ediləcək

24-07-2013 / 09:47
Azərbaycanda yeni yaradılan İnformasiya Texnologiyaları Universitetinə (İTU) ilk qəbul imtahanları artıq iyulun 21-də başa çatıb. İTU-nun da daxil olduğu I ixtisas qrupu üzrə nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Hazırda isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. İnformasiya Texnologiyaları Universitetinə qəbul yerlərinə gəlincə, 2013–2014-cü tədris ilində İTU-ya  tələbə qəbulu üçün 60 plan yeri ayrılıb.
Belə ki, "İnformasiya təhlükəsizliyi" üzrə 15 yer, "Kompüter elmləri" üzrə 15 yer, "Kompüter mühəndisliyi" üzrə 15 yer, "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" üzrə 15 yer nəzərdə tutulub. Plan yerlərinin hamısı əyanidir. Universitetdə tədrisin ingilis dilində aparılması nəzərdə tutulur. Müsabiqə rus bölməsi ilə birgə aparılır. Komissiya abituriyentlərin nəzərinə hazırkı müsabiqə şərtlərini də çatdırıb.
Belə ki, ixtisas seçiminə ümumi balı 250- dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayanların buraxılması nəzərdə tutulur.
Qeyd edək ki, universitet "2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında" prezidentin 2013-cü il 16 yanvar tarixli 2664 nömrəli sərəncamına uyğun olaraq, 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb.
Ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq fəaliyyətə başlayan universitet informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının  formalaşdırılmasını təmin etmək məqsədi daşıyır.(ictws.az)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə