Milli Net TK tərəfindən müsabiqənin gedişi ilə bağlı bir sıra məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub. Milli Net TK bildirir ki, qaydalara uyğun olaraq bəzi saytların nominasiyalarında dəyişiklik edilib.
Nominasiyalarda sərbəst rəqabətin qorunması məqsədilə qaydalara müvafiq olaraq, vital.az resursu Ailə, uşaq və sağlamlıq nominasiyasından korporativ saytlar nominasiyasına keçirilib.
Həmçinin Milli Net TK tərəfindən müsabiqədə rəqabətli mühit və ədalətli yarışma yaratmaq məqsədilə Elektron hökumət və İnnovasiyalar Nominasiyasıına verilmiş saytlar öz sahibləri ilə razılaşdırılmaqla digər müvafiq nominasiyalara keçirilib.
Eyni zamanda, 2011-ci ildə müsabiqədə qalib olan az.salamnews.org/az resursu yenidən iştirakla bağlı qaydalarda müəyyən olunan müddət başa çatmadığına görə Milli Net TK qərarı ilə müsabiqədən kənarlaşdırılıb.
Milli Net TK müsabiqə iştirakçısı Aydın Məmmədov tərəfindən daxil olan müraciətə baxaraq da müvafiq qərar qəbul edib və bu haqda iştirakçıya məlumat verilib.
Milli Net Təşkilat Komitəsi bildirir ki, hazırda 1-ci səsvermə prosesi davam edir və dekabrın 2-də başa çatacaq.
1-ci səsvermənin yekunu olaraq müsabiqənin nominantları seçiləcək və onlar arasında 2-ci mərhələ səsvermə aparılacaq. 2-ci səsvermə prosesi dekabrın 3-də başlayacaq və dekabrın 15-də yekunlaşacaq.
2-ci səsvermənin nəticələri əsasında Milli İnternet Mükafatının qalibləri müəyyən olunacaq.
Milli Net qaliblərinin təqdimat mərasiminin dekabrın 24-də keçirilməsi nəzərdə tutulub.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN və Delta Telecom şirkəti də Milli İnternet Mükafatına dəstək verir.