Dekabrın 2-də işinə başlayan "Bakutel-2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində "Əşyaların interneti - Internet of Things" adlı beynəlxalq forum keçirilir.
Tədbir Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Telekommunikasiya
İttifaqı və Ümumdünya İqtisadi Forumunun dəstəyi ilə baş tutur. Tədbirin əsas
sponsoru "Intel" korporasiyasıdır.
Tədbir iştirakçıları milli və
beynəlxalq iqtisadiyyatlarda rolu və əhəmiyyəti dayanmadan artan
"Əşyaların interneti" ilə bağlı məsələləri müzakirə edirlər.
Konfransın məqsədi
"Əşyaların interneti"nin bütün aspektləri üzrə müzakirələr aparmaq, məlumat
və təcrübə mübadiləsini təmin etməkdir.
Tədbirdə iştirak edən aparıcı
dövlət ekspertləri, iş adamları, elm işçiləri və qeyri-hökumət təşkilatlarının
nümayəndələri gələcək əməkdaşlıq perspektivlərini araşdırır və vacib kibertəhlükəsizlik
məsələlərinə dair əsas anlayışları təqdim edirlər.
"Əşyaların interneti" hər
hansı bir obyektin onun ölçüsü və ya təbiətindən asılı olmayaraq rabitə məkanına
inteqrasiyasını təsvir edən ifadədir. Kütləvi ictimai transformasiya yaradan "Əşyaların
interneti"nə maraq son bir neçə il ərzində bütün dünyada durmadan artıb.
İnternetin növbəti inkişaf mərhələsində
bizi əhatə edən bütün faydalı əşyaların (məişət avadanlıqlarının, elektrik
cihazlarının, gündəlik istehlak mallarının, nəqliyyat vasitələrinin, istehsal
qurğularının, əmək alətlərinin, informasiya daşıyıcılarının, tibbi ləvazimatların,
mühafizə və nəzarət sistemlərinin, bitki və heyvanat aləminin) bu qlobal şəbəkəyə
qoşulması, "Əşyaların interneti" konsepsiyasının bir hissəsidir.
"Əşyaların interneti" termini ilk dəfə 1999-cu ildə Massaçusets
Texnologiya İnstitutunun Auto-ID laboratoriyası RFID (radiotezlik
identifikasiyası) texnologiyaları vasitəsi ilə internetə qoşulan obyektlərin şəbəkəsini
ifadə etmək üçün işlədib. Bu şəbəkədə təkcə insanlarla əşyalar arasında deyil,
həmçinin əşyaların öz aralarında da qarşılıqlı əlaqələrin qurulması nəzərdə
tutulur.
"Əşyaların interneti" –
kompüter, internet və mobil telefon rabitəsindən sonra informasiya
texnologiyaları sənayesinin növbəti inqilabi inkişaf mərhələsi kimi xarakterizə
olunur. Bu konsepsiya reallaşacağı təqdirdə yaxın gələcəkdə bizi əhatə edən
bütün faydalı əşyalar İP ünvanına malik olacaq. Proqnozlara görə, cəmi 3-5 ildən
sonra "Əşyaların interneti" hər yerdə və hərtərəfli şəkildə
insanların həyat tərzinə daxil olaraq, onu əhəmiyyətli dərəcədə dəyişəcək.
Ekspertlərin qiymətləndirmələrinə görə, "Əşyaların interneti"nin
istifadəçilərinin sayı 2 milyard nəfərə, sektorun dünya iqtisadiyyatına töhfəsi
1,7 trilyon ABŞ dollarına çatacaq.
2019-cu ilədək IoT sektoru həcminə
görə smartfon, fərdi kompüter, planşet, daşınan qurğular və "ağıllı"
avtomobillər bazarını iki dəfədən çox üstələyəcək və 2020-ci ilə qədər bütün
dünyada internetə qoşulan terminalların sayı 50 milyarda çatacaq.
Bu istiqamətdə şəbəkənin reallaşdırılması ilə cəmiyyətdəki bir sıra mühüm
problemlərin həlli proqnozlaşdırılır. O cümlədən, tibbi xidmətlərin keyfiyyətinin
yüksəldilməsi, ictimai təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsi,
idarəetmə proseslərinin təkmilləşdirilməsi məsələləri öz həllini tapacaq. Bütövlükdə,
"Əşyaların interneti" texnologiyalarının uğurla reallaşdırılması
insanların həyat şəraitinin yaxşılaşdırılmasına, yeni və daha əlverişli iş yerlərinin
açılmasına, biznes üçün yeni imkanların yaranmasına, istehsalda məhsuldarlığın
və rəqabətə davamlılığın artmasına gətirib çıxaracağı gözlənilir.
Mənbə: ictnews.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri