“Nazir Əli Abbasovun verdiyi pulu layihəmizə xərcləyəcəyik”

14-08-2015 / 13:26

“Spinal layihəsini hazırlamaq üçün universitetdə qazandığımız biliklər o qədər də rol oynamadı”

Xəbər verdiyimiz kimi, iyul ayının 27-31-də Sietlda (ABŞ) “Microsoft Imagine Cup 2015” innovasiya müsabiqəsinin finalı keçirilib. Final mərhələdə Azərbaycanı “NoObs” komandası təmsil edib.

Azərbaycanlılardan ibarət komanda Spinal layihəsi ilə “İnnovasiya” nominasiyası üzrə ikinci yerə çıxıb. Spinal qurğusu onurğa sütunun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda Bluetooth modulu vasitəsi ilə Windows Phone əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur.

Xeberler.az “NoObs” komandasının üzvləri ilə görüşüb.

Qeyd edək ki, komanda 4 nəfərdən ibarətdir:

Ülviyyə Rüstəmova, Arif Mövsümzadə Nizami İsmayılov Bakı Dövlət Universitetinin II kurs tələbələridir. Fidan Rüstəmova isə Xəzər Universitetinin II kurs tələbəsidir.

Komanda üzvlərinin Xeberler.az-a verdiyi müsahibəni təqdim edirik:

-Arif, sizdən başlayaq, “NoObs” komandası necə yarandı?

-2014-cü ildə keçirilən ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasında komanda olaraq qatılmışdıq. Mart ayında belə bir müsabiqənin keçirildiyini eşitdik və komandanı yenidən qurduq . Layihə haqqında isə universitetin bufetində oturub qərara gəldik(gülür). Gördük ki, tələbələr stulda əyri oturur və bu problemi həll etməyi düşündük. Və nəticədə Spinal layihəmiz ortaya çıxdı.

-Layihəniz necə oldu ki, uğur qazandı? Necə hazırlaşmışdınız bu yarışmaya?

- Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Milli finalda bu layihə ilə “İnnovasiya” nominasiyasında birinci yerə çıxmışdıq. İyulun 27-də isə ABŞ-a yola düşdük və Sietl şəhərində Vaşinqton universitetinin yataqxanasında bizə yer ayrılmışdı. Yarışma Microsoft-un əsas binasında keçirildi. Ən güclü rəqib kimi Yaponiya və Hindistanı görürdük, amma onlar heç bir uğur əldə edə bilmədi.

-Komanda olaraq, hər birinizə bu sualı verirəm: qələbə qazanmaq necə bir hissdir?

Ülviyyə Rüstəmova: Yarışmada yer tutan komandaların çoxu  layihələrinin üzərində 3-4 il çalışmışdı. Hətta onların arasında layihələrini satışa çıxarıb pul qazananlar da var idi. Amma biz bu layihəni 2-3 ay ərzində hazırlamışdıq. Ona görə, açığı qalib olduğumuz üçün təəccübləndiyimi gizlətmirəm(gülür). Bizim üçün qalibiyyətdən də vacib təcrübə, dəstək, motivasiya qazanmaq idi və bunu əldə edə bilmişdik.

Arif Mövsümzadə: Çox istərdik ki, Azərbaycan hər il bu müsabiqədə iştirak etsin və komandalar daha yüksək nəticə əldə etsin. Biz də bu yarışmada olan təcrübəmizi gənclərlə paylaşaq.

Nizami İsmayılov: Qələbə qazanmaq çox möhtəşəm hissdir. Azərbaycanı belə yarışmada təmsil etmək bizim üçün qürurverici idi, komanda olaraq sevinirdik.

- Bundan sonra hansı layihələr üzərində işləməyi fikirləşirsiz? Xeberler.az-a açıqlaya bilərsinizmi?

-Komanda olaraq bir neçə startap və kampaniyalara qatılmaq fikrindəyik. Sinqapurda keçiriləcək konfransa qatılmaq üçün müraciət etmişik və bu konfransın milli finalı Azərbaycanda keçiriləcək. İnşallah burada keçirilən milli finaldan qalib çıxsaq, Sinqapura gedəcəyik.  Spinal adlı layihəmizi genişləndirib Startap müsabiqəsində iştirak etmək istəyirik. Onu da deyim ki, nazir Əli Abbasovun mükafat olaraq təqdim etdiyi pulları da layihəmizə sərf edəcəyik.

-Arif, deyəsən komanda üzvləri arasında aktiv olanı sizsiniz. İT sahəsinə olan bu marağınız necə yarandı?

-Uşaqlıqdan bu sahəyə marağım yaranıb. Kompüterimdə problem yarananda çalışırdım ki, o problemi özüm aradan qaldırm. Proqramlaşdırma sahəsindən ona görə xoşum gəlir ki, bu sahədə yaradıcılıq var. Sən nə isə yarada bilirsən. Sökmək asandır, amma yeni bir şey yaratmaq çox çətindir.

- Spinal layihəsini ərsəyə gətirərkən ali məktəbdən qazandığınız biliklər sizə yetərli oldumu? Necə düşünürsünüz, tələbə öz biliklərini necə təkmilləşdirməlidir?

-Tələbə bilik və bacarığı təhsil müəssisəsindən əldə etməli, daha sonra isə biliklərini digər vasitələrlə (internetdən, iş yerlərindən, müxtəlif kitablardan və s.) təkmilləşdirməlidir. Bizə bu cəhətdən köməklik edən BDU-nun dosenti, informatika üzrə olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadəyə çox minnətdarıq. Dediyim kimi, daha böyük layihələr hazırlamaq üçün müxtəlif vasitələrdən istifadə edirik. Onu da deyim ki, yarışmada bizi qalib edən Spinal layihəsini hazırlamaq üçün universitetdə qazandığımız biliklər o qədər də rol oynamadı. Biz bu layihə üzərində işləyərkən lazımi informasiyaları digər mənbələrdə axtarmağa başladıq.

-Gələcəkdə özünüzü İT sahəsində harada görürsünüz?

-Arif Mövsümzadə: Gələcəkdə öz şirkətimi açmaq istəyirəm. Kiminsə şirkətində yox öz şirkətimdə işləmək istərdim.

-Arif, öz şirkətində NoObs komandasının üzvlərini görmək istərdinmi?

Arif Mövsümzadə: Məncə, onların hər biri öz şirkətini açacaq(gülür).

-Hansı sosial şəbəkə və saytlardan istifadə edirsiniz?

-Layihəmizlə bağlı Facebook səhifəmiz var. Orada layihəmizlə bağlı məlumatlar paylaşırıq. Şəxsi Facebook səhifəmizdə o qədər də aktiv deyilik. Daha çox real ünsiyyətə üstünlük veririk. Xarici saytlardan daha dolğun informasiya əldə etmək olur. Ona görə daha çox Euronews, CBC kimi saytlardan xəbərləri oxuyuruq.

-Necə düşünürsünüz, xarici dilləri bilmək proqramçılar üçün vacibdirmi?

-Ülviyyə Rüstəmova: Çox vacibdir. Yarışmaya qatılanda xarici dilləri bilməyən komanda üzvlərimiz çox əziyyət çəkdi. İngilis dilini bilməyimiz bizə çox kömək oldu. Hakimlər gəlib bizə ingilis dilimizin mükəmməl olduğunu bildirirdilər. Hətta, sayəmizdə Azərbaycanı ingilis dili yüksək səviyyədə inkişaf etmiş ölkə kimi tanıdılar.(gülür)

-Məktəblilər arasında Beynəlxalq İnformatika Olimpiadası keçirildi və biz bu olimpiadadan əliboş qayıtdıq. Buna münasibətiniz

-Arif Mövsümzadə: Biz düşünürük ki, məktəblərdə informatika fənninə diqqəti artırmaq lazımdır. Qəbul imtahanlarına salınan fənnlər arasında informatikanı da görmək istərdik. İnformatikadan bəhs edən kitablar çox yaxşıdır, amma müəllimlər bu fənni daha yaxşı tədris etsələr, daha yaxşı uğurlar əldə edə bilərik.

Nizami İsmayılov: Bizim bu olimpiadadan əliboş qayıtmağımızı uğursuzluq hesab etmək olmaz. Çünki,  informatika fənni ölkəmizdə təzə-təzə inkişaf edir. Ən əsası yarışda iştirak etməkdir. 2019-cu ildə Beynəlxalq İnformatika Olimpiadasının ölkəmizdə keçirilməsi belə böyük bir uğurdur.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə