"İndiyədək iqlim dəyişikliyilə əlaqəli konfransların heç biri belə siyasi və diplomatik gərginliklə müşahidə olunmayıb. Az qala bütün Avropanın açıq-aşkar boykot etdiyi, cəmi bir neçə Avropa ölkəsinin qatıldığı heç bir digər COP tədbiri olmayıb".
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Osman Gündüz bildirib ki, bu baxımdan, COP29 başlamazdan öncə nəinki heç bir nəticə olmayacağı, hətta böyük uğursuzluq olacağı ilə bağlı iddialar səslənirdi. Bütün bunlara baxmayaraq Prezident İlham Əliyev COP29 açılışında COP-la bağlı Azərbaycana qarşı qarayaxma və boykot aparanlara qarşı daha sərt münasibət sərgilədi.
Ekspertin sözlərinə görə, COP29-un böyük uğurla başa çatmasını nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyini üzərinə götürən andan hər şey, bütün siyasi və diplomatik təzyiqlər nöqtəsinə qədər hesablanıb:
"Digər COP-lardan fərqli olaraq, inkişaf etmiş ölkələrin "dominantlığı" deyil, məhz Prezidentin siyasi iradəsi və komandanın ağır əməyi COP29 -da ciddi dönüş və tarixi nəticələr əldə olunmasında mühüm rol oynadı".
Ekspert bildirib ki, bəzi COP-larda növbədən kənar iclaslar olsa da, gecə saat 4-də Qlobal Razılaşma uğrunda "vuruşma" heç birində olmayıb:
"Gecə saat 4-də hökumətin iki nazirinin, Muxtar Babayev və Ceyhun Bayramovun əldə olunan qlobal razılaşmanı ayaqüstə qeyd etmələri diqqət cəlb edən idi. Düşünmək olar ki, bir neçə cəhdlərdən sonra razılaşmanın son mətninin hazırlanması və ölkələrlə, nümayəndələrlə razılaşma proseduralarının yerinə yetirilməsi və nəhayət razılaşmanın əldə olunmasında XİN-nin diplomatları və ETSN komandası əsas rol oynayıb. Güman ki, bütün COP29 təşkilatçılarının və könüllülərin, xüsusilə də COP29-un Prezidenti Muxtar Babayev və XİN rəhbəri Ceyhun Bayramovun əməyi yüksək qiymətləndiriləcək.
Fikrimcə, hər iki nazirimiz artıq beynəlxalq təşkilatlarda və ya qlobal təşəbbüslərdə rəhbər vəzifələrdə fəaliyyət göstərmələri üçün də tam hazır olduqlarını göstərdilər".
Osman Gündüzün sözlərinə görə, gərgin siyasi və diplomatik mühitə, qlobal iqlim platformasından çıxmağı hədəfləyən Trampın president seçilməsinin proseslərə mənfi təsir göstərməsinə baxmayaraq COP29-da iqlim dəyişiklikləri ilə mübarizə üçün illik 300 milyard dollar öhdəliyinin əldə olunması və karbon kreditləri bazarının formalaşması ilə bağlı konkret razılıq indiyədək mahiyyəti üzrə 30 il davam edən müzakirələr fonunda əldə olunan ən böyük nəticələr hesab oluna bilər:
"Əvvəlki COP-larda bütün proseslər, beynəlxalq əməkdaşlıqlar əsasən inkişaf etmiş ölkələrin liderliyi altında qurulurdu. COP29-da diqqət cəlb edən məqam həm də inkişaf etməkdə olan ölkələrin liderliyinin önə çıxması oldu".