Osman Gündüz: Bəzən söz sahiblərinin çıxışlarını anlamaq çətin olur

30-10-2024 / 17:57

"Sonuncu Qlobal İnnovasiya Hesabatında innovasiya sektorunda Azərbaycanla bağlı vəziyyətin hədsiz pis olması vurğulanıb, 133 ölkə arasında Azərbaycan 95-ci yerdə qərarlaşıb. Sıralamada elə ölkələrlə yanaşı düşüb ki, heç danışılası belə deyil".

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə, adı çəkilən innovasiya hesabatının bir bölməsi də Mədəniyyət Nazirliyi ilə əlaqəlidir:

"Həmin qlobal innovasiya hesabatında “Mədəniyyət və yaradıcılıq istiqaməti” də qiymətləndirilib. Azərbaycan bu istiqamət üzrə nəinki orta dünya göstəricisindən, hətta Azərbaycanın ümumi innovasiya göstəricisindən xeyli aşağıdır. Təsəvvür edin ki, məhz İnnovasiyaların “Mədəniyyət və yaradıcılıq istiqaməti” üzrə Azərbaycan 133 ölkə arasında 112-ci yeri tutub. Bu istiqamət üzrə elə alt indekslər var ki, sıfır və sıfra yaxındır".

Ekspert qeyd edib ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masada iştirak edib. Tədbirdə mədəniyyət nazirinin müavini Səadət xanım Yusifovanın çıxışının diqqət çəkdiyini deyən ekspert vurğulayıb ki, nazirin müavininin çıxışı bu qurumda innovasiyalar sahəsində hər şeyin əla olduğu qənaətini yaradıb:

"Səadət xanım müsbət istiqamətdə olan bir neçə parametrləri də xatırlatmağı unutmadı. Məəttəl qaldım. Hiss elədim ki, nazir müavinin çıxışı deyəsən, adı çəkilən hesabatdan yetərincə məlumatlı olan, bu sahədə əlaqələndirici şəxslərdən biri olan Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran müəllimi də heç qane etmədi".

Osman Gündüzün sözlərinə görə ki, Mədəniyyət Nazirliyi bütün istiqamətlər üzrə nəsə etməyə çalışır:

"Ötən günlər Nazirliyin rəsmiləri RİNN-də "İnnovasiya və texnologiya" istiqaməti üzrə bu hesabatla bağlı keçirilən görüşdə də perspektivə yönəlik bir təqdimat etdilər. Bildiyim qədər, sabah da mədəniyyət sektorunda rəqəmsal transformasiya ilə əlaqəli bir təqdimat da nəzərdə tutublar. Bu baxımdan düşünürəm ki, əslində adı çəkilən hesabatdan və reytinqdən yetərincə məlumatlı olan şəxslərin toplaşdığı bir məclisdə bu formada reallığı əks etdirməyən münasibət sərgiləməkdənsə elə nazirlikdə planlaşdırılan işləri sadalamaq daha doğru olardı".

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə