“Bebras” İnformatika və Alqoritmik Düşüncə yarışması keçiriləcək

25-11-2024 / 13:44

2-9 dekabr 2024-cü il tarixlərində Azərbaycanda “Bebras” Həftəsi keçiriləcək.

Xeberler.az məlumat verir ki, "Bebras" İnformatika və Alqoritmik Düşüncə Yarışması şagirdlərin alqoritmik və hesablama təfəkkürlərini inkişaf etdirmək məqsədilə təşkil olunur və proqramlaşdırma bilikləri tələb etmədən informatika üzrə tapşırıqları həll etməyə yönəlib. Müsabiqə onlayn rejimdə baş tutur ki, bu da ölkənin istənilən nöqtəsindən şagirdlərin iştirakını asanlaşdırır və logistika baxımından əlverişlidir. Şagirdlər 40 dəqiqə ərzində öz yaş qruplarına uyğun müxtəlif tapşırıqları həll edirlər. Bu tapşırıqlar şagirdlərin analitik düşünmə, məntiqi əlaqələri qurma və problem həll etmə bacarıqlarını inkişaf etdirir.

Qeyd edək ki, informatikanın və rəqəmsal inkişafın təbliğini hədəfləyən bu tədbir “İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi” və “Təhsil İnstitutu”nun təşkilati dəstəyi ilə keçirilir. Yarışmanın rəsmi təşkilatçısı ÖzünÖyrən MMC-dir.

“Bebras” Həftəsi bu il daha geniş iştirakçı kütləsi ilə ölkə üzrə böyük marağa səbəb olub. Hazırda Azərbaycanın müxtəlif bölgələrindən, Qarabağ da daxil olmaqla 1000-dən çox məktəb iştirak üçün qeydiyyatdan keçib. Müsabiqə, 1-ci sinifdən 10-cu sinifədək bütün şagirdlər üçün açıqdır.

Bildiririk ki, beynəlxalq "Bebras" İnformatika və Alqoritmik Düşüncə Yarışması ilk dəfə 2004-cü ildə Litvada keçirilib. Hazırda ABŞ, Almaniya, Fransa, Yaponiya, Türkiyə və başqa ölkələr də daxil olmaqla 70-dən çox ölkədə bu müsabiqə keçirilir. 

Azərbaycanda isə "Bebras" müsabiqəsi 2014-cü ildən keçirilir. 2023-cü ildə 61 rayon və şəhərdən 242 məktəbi əhatə edərək ümumilikdə 5395 şagird müsabiqədə iştirak edib. Ən yüksək bal toplamış şagirdlər 2024-cü ilin aprel ayında final mərhələsinə dəvət olunub və qaliblər “İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi” tərəfindən qiymətli hədiyyərlə təltif edilib.

Müsabiqəyə qeydiyyat davam edir. Maraqlananlar daha ətraflı məlumat və qeydiyyat üçün http://bebras.az veb-saytından yararlana bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə