Özbəkistanda sənaye və innovasiya sahəsində yeni mərhələnin əsasını qoyacaq “Dördüncü sənaye inqilabı mərkəzi”nin yaradılması planlaşdırılır. Bu təşəbbüs çərçivəsində bazar əsaslı keyfiyyətə nəzarət sistemi tətbiq ediləcək, həmçinin əmək məhsuldarlığının artırılması məqsədilə 200 milyon dollar maliyyə vəsaiti cəlb olunacaq.
Xeberler.az xəbər verir ki, Prezident Şavkat Mirziyoyev dekabrın 26-da Oliy Məclisə və Özbəkistan xalqına müraciətində investisiya siyasətinə yeni yanaşmanı təqdim edib. Bildirilib ki, bundan sonra ölkənin investisiya prioritetləri yüksək texnologiyaların transferinə yönəldiləcək.
Prezidentin çıxışında vurğulanıb ki, Özbəkistan azad iqtisadi zonalara (AİZ) dünya miqyasında tanınmış brendlərin cəlb edilməsini genişləndirəcək. Yeni yanaşmaya əsasən, AİZ rezidentləri beynəlxalq texniki reqlamentlərdən, ekoloji və əmək standartlarından istifadə edə, mübahisələri isə beynəlxalq hüquq çərçivəsində arbitraj yolu ilə həll etmək imkanı qazanacaqlar. AİZ-lər üçün investisiya, vergi, gömrük və hüquqi sahələrdə xüsusi güzəştli rejim tətbiq olunacaq.
Gözləntilərə görə, bu islahatlar 2030-cu ilədək 180 milyard dollar həcmində xarici investisiyanın cəlb edilməsinə və 1 milyon yeni iş yerinin yaradılmasına imkan verəcək.
Eyni zamanda investisiyalarla operativ işləyən və razılaşmaların real layihələrə çevrilməsini təmin edən yeni sistem yaradılacaq. Bu yanaşmanın yerli sənaye və kooperasiya sahələrinə də tətbiqi məqsədəuyğun hesab edilir. Bu çərçivədə İqtisadiyyat və Maliyyə Nazirliyi, eləcə də İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin fəaliyyəti yenidən nəzərdən keçiriləcək.
Planlara əsasən, 2026-cı ildə Özbəkistanın ÜDM-nin 167 milyard dollara çatdırılması və 6,6% iqtisadi artımın təmin edilməsi hədəflənir. Əmək məhsuldarlığı, maya dəyəri və enerji səmərəliliyinə fokuslanmaqla bu göstəricilərin daha da artırılması nəzərdə tutulur.
Sənayedə məhsuldarlığın və səmərəliliyin iki dəfə artırılmasını nəzərdə tutan xüsusi proqram işə salınacaq. Bu məqsədlə xarici təşkilatlardan 200 milyon dollar maliyyə cəlb ediləcək. Həmçinin yüksək ixtisaslı xarici mühəndis və texnoloqlar yerli müəssisələrə cəlb olunacaq, biznes prosesləri rəqəmsallaşdırılacaq və enerji xərclərinin azaldılması üçün auditlər aparılacaq.
Yeni yaradılacaq “Dördüncü sənaye inqilabı mərkəzi” çərçivəsində robototexnika, “Əşyaların interneti” (IoT) və “ağıllı fabrik” sistemlərinin tətbiqi üçün sınaq imkanları verən tənzimləyici mexanizm formalaşdırılacaq.
Qeyd edək ki, son iki ildə Özbəkistan “Qlobal infrastruktur keyfiyyəti” indeksində 185 ölkə arasında 52-ci yerə yüksəlib. Rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə texniki tənzimləmə sahəsində dövlət nəzarətindən bazar nəzarətinə keçid planlaşdırılır.
Bundan əlavə, yüksək texnoloji innovativ məhsul istehsal edən şirkətlər istehsal artımının 5%-i həcmində subsidiya alacaqlar. Elmi-tədqiqat və konstruktor işləri (R&D) sahəsində çalışan mütəxəssislərin gəlirləri isə vergidən azad ediləcək.
Növbəti beş il ərzində sənayedə əmək məhsuldarlığının 16,5 min dollardan 30 min dollara yüksəldilməsi, 1000 dollar əlavə dəyər üçün enerji sərfiyyatının isə 1,5 dəfə azaldılması əsas hədəflər kimi müəyyən edilib.



