Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 7-də orbitə çıxarılıb.
Və bununla da Azərbaycan az sayda dövlətlərin daxil olduğu bir peyk ailəsinə qoşulmuş oldu.
2014-cü ildə 2-ci milli peykimiz Azersky da orbitə çıxarıldı. Hazırda orbitdə üzərində bayrağımız olan iki milli peykimiz özünəməxsus yer tutub.
3-cü peykimizin də hazırlanması istiqamətində işlərin getdiyi bildirilir.
Beləliklə, Azərbaycan kosmik bazarda yer tutmaq, bu bazarda resursların bölüşdürülməsində iştirak etmək üçün addım-addım irəliləməkdədir.
Peyklərin idrarə olunması üçün yerüstü infrastruktur da qurulub. Azərbaycan Respublikasının milli peyklərinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə “Azərkosmos” ASC təsis edilib.
Bütövlükdə ölkəmizdə kosmik sənayenin inkişafı üçün Dövlət Proqramı qəbul edilib. Artıq kosmik fəaliyyət sahəsində siyasət dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Bu fəaliyyət sahəsində isə Azərkosmos mühüm yer tutur.
Xəbərlər olaraq peyklərimizn idarə və nəzarət olunduğu məkanı görmək, bu prosesin necə baş verdiyini real olaraq müşahidə etmək və oxuculara çatdırmaq üçün Bakı-Şamaxı yolunun 38-ci kilometrliyində yerləşən Azərkosmos-a yollandıq.
Kosmik cismi xatırladan Azərkosomos
Əhalinin yaşadığı yerdən çox uzaq məsafədə yerləşən Azərkosmos-un binası çox maraqlı bir dizayna malikdir.
Öyrəndik ki, binanın dizaynı tanınmış əməkdar memar Nəriman İmaməliyev tərəfindən hazırlanıb. Bina göydən yerə düşən kosmik cismi xatırladır. Cisim göydən düşüəndə yerdə parçalanır və bu binanın ( Azərkosmos) formasını alır. Binada düzbucaqlı formada heç bir iş yoxdur. Bina 3 mərtəbəlidir və elə yerli işçilər tərəfindən də tikilib.
Hələ Azərkosmos-la tanışlığa keçmədən yolboyu bizi düşündürən sualımıza cavab axtarırıq ki, işçilər hər gün işə necə gəlirlər.
Öyrənirik ki, bu qurumun xüsusi avtobusları var. Hər gün işçləri müəyyən olunmuş yerdən işə gətirir, axşam isə şəhərə qaytarır .
Azərkosmos-la tanışlığa elə peykimizin idarə olunduğu, ilk mərtəbədə yerləşən “ Peyk Əməliyyatları” Mərkəzindən başlayırıq. Əməliyyatlar qrupunun rəhbəri Dunay Bədirxanov deyir ki, mərkəz həftənin 7 günü 24 saat fəaliyyət göstərir.
Onun sözlərinə görə, iş növbəli rejimdə təşkil olunub. Yəni, mərkəzdə səhər və gecə növbəsi olur. İşçilər peykdən gələn məlumatları diqqətlə izləyir, peykin sazlığına nəzarət edirlər. O cümlədən peykə lazımı təlimatları yalnız “Əməliyyatlar qrupu”-nun əməkdaşları verə bilir. Hər gün növbədə 2 nəfər qalır. Ümumi olaraq bu mərkəzin 20 işçisi var. Peykimizə bu Mərkəzdəki monitorların qarşısından nəzarət edilir. Peyk mühəndislərimiz isə peykdən daxil olan müxtəlif verilənləri-məlumatları analiz edirlər.
İdarəetmə Mərkəzi ilə tanışlığımız davam edir.
Diqqətimizi çəkən digər məqam isə əməkdaşların çoxunun gənclər olmasıdır. Azərkosmos ASC-nin sədr müavinin Rövşən Rüstəmov deyir ki, onlar gənc kadrlara daha çox üstünlük verirlər və işçilərinin əksəriyyəti ölkəmizdə və xaricdə təhsil almış təcrübəli gənclərdir.
Peykin necə idarə olunduğunu 3-cü mərtəbədən daha aydın görmək olur.
Ulduzların yaxından göründüyü mərtəbə
Bir məqam da diqqətimizdən yayınmır. 3 mərtəbəli binada liftin olması isə fiziki qüsurlu insanları düşünərək yaradılıb. Rövşən Rüstəmov deyir ki, hazırda fiziki qüsurlu işçiləri olmasa da hər şeyi əvvəlcədən düşünüblər. 3-cü mərtəbənin üzü səmaya açılır. Rövşən müəllim bildirir ki, bu da düşünülmüş dizayndır. Gecə parıldayan ulduzları yaxından görmək mümkün olur.
Rövşən Rüstəmov və Dunay Bədirxanov peyklər barədə daha ətraflı məlumat verirlər.
Belə ki, bildirilir ki, ilk peykimizin 16.3 il ömrü və 3275 kiloqram çəkisi var. Öyrənirik ki, peykin ömrünü müəyyən edən əsas amil yanacaqdır. Peykin yanacaqdan əlavə günəş bateriyaları da vardır.
Aşağıdakı əməkdaşlar peykdə problemin olub-olmamasına nəzarət edirlər. Yəni ola bilər ki, peykdə-avadanlıqda hanısa problem olsun.
Qeyd edilir ki, ola bilər ki, göy cisimləri peykin yanından keçərkən ona zərər verə bilər. Bunlar əvvəlcədən mərkəz tərəfindən müəyyənləşdirilir ki, peykə ziyan dəyməsin. Bu prosesə yerdən daim nəzarət edilir. Bununla yanaşı, peykin yanacağının ömrü (istifadə müddəti) hesablanır. Yanacaqdan nə qədər istifadə olunmasına, manevrlərin həyata keçirilməsinə nəzarət edilir.
Peykin ömrü bitənə yaxın onu məzarlığa göndərirlər
Söhbət əsnasında peykin idarə olunmasının özəllikləri ilə də tanış oluruq. Məlum olur ki, peykin idarə olunmasının iki əsas hissəsi var: 1-cisi, Peyki bizə lazımlı olan bəlli bir orbitdə saxlamaq, 2-cisi isə peykin özünün sazlığını nəzarətdə saxlamaq.
Əgər peykin sazlığında problem olarsa, peykin yerlə əlaqə saxlayan antenalarında və kompüter sistemində nasazlıq yaranır və yerlə əlaqəni tamam itirir, onu yerdən idarə etmək mümkün olmur. Beləliklə, bunun nəticəsində peyk səmada yoxa çıxır. Artıq bir sıra xarici ölkələrin peyklərində belə bir halların olduğu təcrübədən məlumdur.
Bizə çox maraq doğuran bir məlumatı da öyrənirik. Belə ki, peykin ömrü bitənə yaxın onu məzarlıq adlanan orbitinə qaldırırlar. Peyk bu məzarlıqda dövr etməklə ömrünü başa vurur.
Aşağı orbitdə, yerin səthindən 500- 600 km hündürlükdə yerləşən peykləri isə ömrünü başa vurduqdan sonra sadəcə yandırırlar. Bu tip bütün peykləri ömürlərinin sonuna doğru yerə yaxın fəzanı tutmasınlar deyə aşağı orbitə yönləndirilər və onlar atmosferdə yandırılır.
Səmada rəqabət çox amansızdır
Ən məsuliyyətli və ciddi proseslərdən birinin peykin orbitə qaldırmasından ibarət olduğu bildirilir. Peyki hazırlayan və orbitə qaldıran şirkətlər fərqli şirkətlərdir. Azərspace-1 peykini orbitə ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti istehsal edib. Geostasionarı isə orbitə Fransanın “Arianespace” şirkəti qaldırıb. Öyrənirik ki, ümumiyyətlə, dünyada az ölkə (Fransız, ABŞ, Rusiya, Hindistan, Çin, İsrail Şimali Koreya, İran) peykin orbitə qaldırılması sahəsində müvafiq infrastruktura malikdirlər.
Maraqlı daha bir məqam da var. Hazırda göydə də yer tutmaq, kosmik resursları bölüşdürmək üstündə mübarizə gedir. Azərkosmos-un rəsimilərindən öyrənirik ki, hazırda hər bir ölkənin orbitə tez çıxması, kosmik resurslara iddialı olması , orbitdə özünəməxsus yer tutması olduqca mühüm əhəmiyyət kəsb edən məsələdir. Birinci peykimizin yer tutduğu Geostasionar orbit xüsusi bir orbitdir. Orda artıq bütün coğrafi uzunluqlar üzrə mövqelər tutulub. 2010-cu ilin may ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Malayziyanın peyk operatoru olan “Measat Satellite Systems” şirkəti arasında ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°şərq uzunluqlu orbital mövqeyə çıxarılmasına dair razılaşma əldə edilib . Yəni, Peykimiz üçün orbitdəki yer Malaziyadan icarəyə götürülüb. Çünki məhz bu parametrlərdə yerləşən peyk bizim üçün daha sərfəli olub. Əlbəttə ki burada qarşılıqlı anlaşma oldu. Səmada rəqabət çox amansızdır.
Öyrənirik ki, Azərspace-1 kommersiya baxımından ölkələr tərəfindən ən çox diqqət cəlb edəndir. Xüsusilə də Türkiyə və Gürcüstan tərəfindən. Azerspace-1 peykinin göstərdiyi teleradio, data və telekommunikasiya xidmətləri vasitəsilə 24 ölkədən olan müştəri bazasının yaradılması 2014-cü ilin irəliyə atılan uğurlu addımlardan hesab olunur. Daha keyfiyyətli və sərfəli xidmət təqdim etdiyimizə görə əksər müştərilər bizim peykimizin xidmətlərindən istifadə etməyə diqqət göstərir.
Peykin idarə olunduğu yerdə bu istiqamətdə söhbətimiz bitir və binanını gəzməyə davam edirik.
Səmaları xatırladan otaqlar
Divarlarda peykimizin tarixinə aid müxtəlif rəsmlər asılıb. Peykimizin səmalara qalxdığı 8 fevral 2013-cü il prezident İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva bu hadisəni Azərkosmos əməkdaşları və xalqla birgə izləyirlər. Bütün bunlar rəsmlərdə əks olunub.
Binanın fərqli əlamətlərindən biri də hər bir otağın üstündə göyləri xatırladan adların yazılmasıdır. Hər bir otaq sanki səmanın bir hissəsidir: ”Fəza otağı” və həmçinin göz cisimləri ilə işləyən və tariximizdə bu istiqamətdə iz qoyan dahilərimiz də unudulmayıb : ”Lütfizadə otağı”, “Tusi” otağı.
Qeyd edək ki, qonaqların qarşılandığı və bütün iclasların, tədbirlərin keçirildiyi konfrans zalı Nəsrəddin Tusinin adını daşıyır.
Tusi Otağında peykimizin fəaliyyəti və gələcək peyklərimiz barədə daha ətraflı tanış olmaq imkanı əldə edirik.
Rövşən Rüstəmov və Dunay Bədirxanov bu barədə geniş və ətraflı təqdimatlar edirlər.
Peyklərimizə təlabat güclüdür
Təqdimatlarda peyklərimiz və peyk infarstrukturumuz haqqında daha ətraflı və dolğun informasiyalar əldə edirik.
Öyrənirik ki, 2-ci milli peykimiz Azərsky yer sətihinin məsafədən ilk müşahidə peykidir. 694.9 min kilometr hündürlükdə yerləşir. Fransanın Airbus Defence and Space şirkətləri tərəfindən istehsal olunub. Orbitə Hindistandan buraxılıb. Ömrü isə minimum 12 ildir. Dunay bəy deyir ki, Azərsky-ın tətbiq sahələri müdafiə və təhlükəsizlik, fövqəlada hallar, dənizçilik və qaz proseslərinin tədqiqi, turizm, şəhərlərin planlaşdırılması, həmçinin nəqliyyat və yol infrastrukturu, xəritəçəkmə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, elmi araşdırmaların inkişafı, su ehtiyatlarının tədqiqidir.
Bildirlir ki, Azərsky peyki 4 aydır fəaliyyət göstərməsinə baxmayaraq artıq əməkdaşlıq təklifləri alırlar.
Rəsmilərin sözlərinə görə, hazırda peykin resurslarından istifadə ilə bağlı Türkiyə ilə və bəzi yerli şirkətlərimizlə əməkdaşlıq danışıqları aparılır. Bunların arasənda ölkənin xəritə xidməti göstərən qurumları var. GoMap üçün də peyk təsviri lazımdır. Onlarla danışıqlar davam edir. Digər dövlət qurumları Azərsu, FHN, Kənd Təsərrüfat Nazirliyi ilə də əməkdaşlıqlar gözlənilir.
3-cü peykimizin yerləşəcəyi orbital mövqe də icarəyə götürülüb
Təqdimatlar zamanı 3-cü peykimizin orbitə çıxarılmasının 2017-ci ildə planlaşdırıldığı da qeyd edilir. Dunay Bədirxanov bu barədə ətraflı məlumat verir. Qeyd edir ki, bu peykimizin yerləşəcəyi orbital mövqe də icarəyə götürülüb. Bu peyk də telekommunikasiya peyki olacaq.
Öyrənirik ki, 2-ci telekommunikasiya ( sayca 3-cü peyk) peykimiz olan Azərspace-2 “Azərkosmos” ASC və dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan İntelsat S.A. (NYSE: I) 45° şərq uzunluğu orbital mövqeyinə yeni peyk qaldırmaq barədə strateji razılaşmaya əsasən 2017-ci ildə orbitə buraxılacağı planlaşdırılır. 45 dərəcə Şərq uzunluğunda yerləşəcək. Peykimizin əhatə edəcəyi ərazilər isə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq, Tropik Afrikadır. Azərspace-2-nin üstünlükləri isə Azərspace-1-in orbitdəki ehtiyatı olması, Azəkosmosa daha etibarlı xidmət göstərmək imkan verməsi, əlverişli əhatə zonasına malik olmasıdır.
Qeyd edilir ki, hazırda peyklərimizin ehtiyat idarəetmə mərkəzi Naxçıvan Muxtar Respublikasında yerləşir. Yəni, forsmajor hadisə baş verəndə , bu hadisənin yaxın əraziləri də əhatə edə bilməsi səbəbindən, alternativ mərkəz uzaqda tikilib. Daha bir idarəetmə mərkəzi isə Malaziyada yerləşir.
Peyklərlə bağlı maraqlı məlumatlar da öyrənirik.
Bir orbital mövqedə bir neçə peyk yerləşdirmək olar
Belə ki, məlum olur ki, peyklər müxtəlif orbitlərdə yerləşdirilirlər. Səmada 400-dən çox peyk var. Eyni ortaq mövqedə bir neçə peyk yerləşdirmək olur. Deyilənə görə, bu, çətin prosesdir. Yəni, çox incə məsələdir ki, eyni orbital mövqeyə iki və daha artıq sayda peyk yerləşdirilsin ki, fəaliyyət göstərə bilsinlər. Bunu elə tənzimləyirlər ki, peyklər bir-biri ilə toqquşmasın və çox yanacaq israf olunmasın. Bir orbital mövqedə bir neçə peyk, hətta nəzəri olaraq 9-a qədər yerləşdirmək olar.
Şirkətin baş texniki direktoru Vesli Vonq qeyd edir ki, şirkətdə 50-yə mühəndis çalışır. 25 nəfər mütəxssis isə peykin fəaliyyətinə nəzarət edir. Mühəndislərdən 3 nəfər peykin manevrlərini planlaşdırır. 8 nəfər isə peykin resurslarının icarəyə verilməsi üçün şirkətlərlə, müştərilərlə əlaqə saxlayır. Qeyd edilir ki, İnformaiya təhlükəsizliyinə ayrıca mühəndislər heyəti məsuliyyət daşıyır. Şirkətdə əsas müştəri məmnunluğunun yüksək olmasına çalışılır.
Peykin ömrünün hesablandığı mərkəz
Növbəti daxil olduğum otaqda kifayət qədər maraqlı işlərin həyata keçirildiyini öyrənirik. Bu otaqdan peykin ömrünün bitməsinə, yanacağına nəzarət olunur. Mərkəzin mütəxəssisləri Alim Nəzərli və Zibaxanım İbrahimova bütün gün peykin yanacağının istifadə olunmasına nəzarət edirlər. Yəni ilk olaraq məhz bu insanlar bilir ki, peykimiz nə zaman “məzarlığa gedəcək”.
Bildirirlər ki, peykdən gələn əməliyyatlar burada saxlanılır. Oradan gələn informasiyalar üzərindən müəyyən əməliyyatlar aparılmalıdır. Hər stansiyada çalışan serverlər var. Bu servərlərlə 15-20 il ərzində peykə nəzarət ediləcək. Peykin nə qədər yanacaq sərf etdiyini, hansı sürətdə hərəkət etdiyini siqnallar ölçür və hesablanır. Daha sonra xüsusi proqramda həmin hesablamalar ölçülür. Monitorda peykin istifadə olunan resursları və geriyə qalan ömrünü görmək mümkündür.
Binanın 2-ci mərtəbsindən isə peykin faydalı yükləri idarə olunur. Yəni peykin resurslarının icarəyə verilməsi , müştərilərlə anlaşmalar buradan idarə olunur.
Öyrənirik ki, hazırda Azərspace-1 peykinin resurslarının 62 faizi kommerisya istifadəsindədir.
Onu da bildirirlər ki, Azərspace-1 üzərindən ortalama 120 kanal yayımlanır. Onların 90 faizi xarici kanallardır. Bununla yanaşı, bütün yerli , region kanallarımız Azərspace -1 üzərindən yayımlanır.
Müştəri mühəndisi Bəxtiyar Məmmədov deyir ki, müştərilərə mərkəzdən texniki köməklik göstərilir. Peyk yayımı və qəbulu üçün avadanlıq seçimində müştərilərə yardım edilir və müştərilərə təqdim edilən xidmətin montorinqi edilir. Bu fəaliyyət 24 saat aparılır- gecə və gündüz növbəsi olur. Müştərilər gecə də müraciət ünvanlayanda dərhal baxılır. İmkan daxilində, dərhal onların müraciətləri həll olunur.
Əməliyyatların aparıldığı otaqlarla tanışlığımız bitir.
Rövşən Rüstəmov işçilərin nahar etdiyi mərtəbəni də bizə göstərir.
Yeməkxanada 60-ya yaxın işçi rahat yemək yeyə bilir, baş aşbaz isə türklərin məşhur aşbazlarından İrfan ustadır. Elə nahar vaxtı olduğu üçün biz də Azərkosmos əməkdaşları ilə nahar edirik.
Azəkosmosda istirahət otağı da var
Onu da qeyd edək ki, Azərkosmosda ayrıca istirahət otağı da var. İşçilər nahar vaxtı otaqda müxtəlif oyunlar oynaya və ya kitablar oxuyaraq vaxtlarını asudə keçirə bilirlər.
Peyklərdən daxil olan siqnalların qəbulu və ötürülməsi məqsədilə Azərkosmos-un ərazisində nəhəng, 11 metr radiusa malik antenna quraşdırılıb. Antennalar və bütövlükdə Azərkosmos ərazisi xüsusi mühafizə sistemi ilə qorunur.
Sərt iqlim şəraitində, heç bir münbit şəraitin olmadığı bir məkanda Azerkosmos-un yaratdığı yaşıllıq, bağça, xüsusi bitkilər, ağaclar isə balaca bir “kosmos” ərazimizə xüsusi gözəllik verirdi.
Məltəm Talıbzadə
Fotolar: Tərlan Yusif
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri