“Pre-Sandbox” modelinin hazırlanması istiqamətində işlər aparılır

19-11-2025 / 11:29

Hazırda ölkəmizdə maliyyə texnologiyaları sektoru dinamik inkişaf mərhələsindədir. 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemi operatoru fəaliyyət göstərir, onların ümumi əməliyyat həcmi cari ilin ilk 10 ayı üzrə 53.1 milyard manat təşkil edib.

Xeberler.az məlumat verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov IX Beynəlxalq Bank Forumunda deyib. O bildirib ki, təkcə cari ildə 5 yeni lisenziya verilib. Bu, bazarda rəqabətin və innovasiyaların artdığını göstərir. “Açıq Bankçılıq”dan “Açıq Maliyyə”yə keçid Mərkəzi Bankın məlumat ekosisteminin genişləndirilməsi üzrə əsas prioritetlərindəndir. Hazırda 19 kommersiya bankı və milli poçt-rabitə operatoru ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı, 4 bank isə hesab üzrə məlumat xidməti təchizatçısı kimi ekosistemə qoşulub. Mərkəzi Bank “Açıq Maliyyə” çərçivəsində Open API standartları, məlumat təhlükəsizliyi və müştəri razılığı modellərinin formalaşdırılması üzərində çalışır. Bu proses maliyyə xidmətlərinin fərdiləşdirilməsi, rəqabətliliyin artırılması və məlumat axınlarının səmərəli idarə olunmasına xidmət edir. Mərkəzi Bank tərəfindən yaradılmış Xüsusi Tənzimləmə Rejimi çərçivəsində fəaliyyət göstərən layihələrin real mühitdə sınaqdan keçirilməsi, onların texniki və əməliyyat dayanıqlılığının qiymətləndirilməsi məqsədilə aparılan işlər davam etdirilir. Hazırda I qəbul mərhələsi üzrə 2 iştirakçının sınaq müddəti uzadılıb. Bununla yanaşı, II qəbul dövrü üzrə daxil olmuş müraciətlərin təhlili nəticəsində bir neçə layihənin yaxın günlərdə sınaq mühitinə qəbul ediləcəyi gözlənilir.

“İnnovativ məhsulların tənzimləmə mühitinə daha çevik və mərhələli inteqrasiyasını təmin etmək məqsədilə Xüsusi Tənzimləmə Rejiminə hazırlıq mərhələsi – “Pre-Sandbox” modelinin hazırlanması istiqamətində işlər aparılır. Həmçinin xüsusi tənzimləmə rejiminə müraciətlərin yalnız qəbul dövrləri üzrə deyil, davamlı açıq müraciət (“always open”) modeli əsasında qəbulu üçün görülən işlər yekun mərhələdədir. Bu yanaşma gələcəkdə maliyyə innovasiyalarının sınaq mühitinə daha çevik və fasiləsiz şəkildə qəbulunu təmin edəcək”, - deyə V.Xəlilov qeyd edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə