İctimai yerlərdə mühafizə olunmamış “Wi-Fi” şəbəkələri üzərindən onlayn alış-veriş etməyin, bank hesablarınıza daxil olmayın.
2017-ci ilin martından başlayaraq paytaxt Bakının əsas park və xiyabanlarında, o cümlədən Dövlət Bayrağı Meydanı, Dənizkənarı Milli Park, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi, Bakı bulvarının “Ağ şəhər” ərazisi, “Sahil bağı” və Heydər Əliyev Mərkəzinin parkı, “Qış”, “Hüseyn Cavid”, “İzmir”, “N.Nərimanov” parklarında, “Xaqani”, “Sabir”, “Axundov”, “Səməd Vurğun”, “Zabitlər” bağlarında “Pulsuz Wi-Fi” şəbəkəsi təmin edilib. İstifadəçi qoşulduğu andan etibarən 1 saat ərzində pulsuz internetdən maneəsiz yararlana bilir. Eyni istifadəçi gün ərzində 3 dəfə pulsuz xidmətdən faydalanmaq imkanına malikdir.
Yay aylarında pulsuz internet xidmətindən istifadə edənlərin sayı çox olur.
“Pulsuz Wi-Fi” şəbəkəsinə insanların daha rahat qoşulması müasir sistem üzərindən həyata keçirilir. Xidmətdən istifadə etmək üçün müxtəlif konfiqurasiyalı mobil cihazın “Wi-Fi” siyahısından “Baktelecom”u seçib uyğun xanaya mobil nömrəni yazaraq, SMS-lə gələn şifri müvafiq xanaya daxil edib, internetə qoşulmaq mümkündür. SMS-lə qeydiyyat sistemi təhlükəsizliyin təmin edilməsinə hesablanıb və göndərilən şifrə ilə yalnız 1 (bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.
Bakıda nəqliyyatda da pulsuz internet təmin olunmağa başlayıb. Məsələn, “Xaliq Faiqoğlu” MMC-nin 18 və 85 saylı marşrut xətti üzrə avtobuslarda sərnişinlər bu xidmətdən yararlana bilirlər. Burada sərnişinlər bir dəfə qeydiyyatdan keçməklə istənilən vaxt (qeydiyyatdan keçdikləri cihazla) ödənişsiz internetə qoşula bilir.
Bəs sakinlər bu xidmətdən necə yararlana bilirlər?
“Səməd Vurğun” parkında mövcud vəziyyətlə bağlı maraqlandıq. Qeyd edək ki, parkda olduğumuz müddətdə çox saylı vətəndaşların pulsuz xidmətdən istifadə etdiyinin şahidi olduq.
Əli adlı Bakı sakini bu günə qədər ictimai yerlərdəki pulsuz internetdən yalnız bir neçə dəfə istifadə etdiyini bildirdi: “İlk dəfə iki il öncə Bakı Bulvarı ərazisində qoşula bilmişdim. Həmin vaxt internet çox rahat və sürətli idi. Lakin son vaxtlarda bir neçə dəfə buna cəhd etməyə çalışsam da, pulsuz internetə qoşula bilməmişəm. Bəlkə də istifadəçisi çoxdur deyə bu cür problem yaranır. Bu günlərdə isə mətbuatda ictimai yerlərdə pulsuz internetin təhlükəsiz olmadığı, diqqətli olmadıqda şəxsi məlumatların ötürülə bildiyini eşitdim. Buna görə pulsuz internet istifadəsindən çəkinirəm”.
Aysel adlı paytaxt sakini isə şəhər mərkəzlərində olarkən mütəmadi olaraq pulsuz internetə qoşulduğunu bildirdi:
“Məlumatım var ki, pulsuz internetə qoşulduqda tənzimləmələri düzgün qurduqda, təhlükəsizliklə bağlı qaydalara riayət etdikdə heç bir problem olmur”.
Parkda istirahət edən yaşlı nəslin nümayəndələrində də pulsuz internetə qoluşub-qoşulmadıqları barədə maraqlandıq. Ayaz Əliyevin dedikləri:
“Parklarda pulsuz internetin yaradılması haqda eşitmişik. Lakin ona necə qoşulmağı, ümumiyyətlə internetdən istifadə etməyi bacarmıram. Bunu daha çox gənclər edir. Parka əsasən istirahət etməyə gəlirəm. Ümumiyyətlə, gənclər də çalışmalıdır ki, internetdən bir qədər az, yalnız lazım olduqda istifadə etsinlər. Bu onların sağlamlığı üçün vacibdir”.
İctimai yerlərdə pulsuz internetin təhlükəli olması məsələsinə gəldikdə, mütəxəssislər qeyd edir ki, tənzimləmələr düzgün qurulmadıqda, eyni şəbəkədə olan cihazlar, xüsusən də noutbuklar bir-birini görə bilir. Lakin təhlükəsizlik qaydalarına riayət etdikdə heç bir problem yaşanmır. Çünki ictimai yerlərdə internet tənzimləmələri elə qurulub ki, orada sadəcə bir tərəfli qaydada internet paylaşımı mümkündür.
Xeberler.az bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Pulsuz internet modellərindən istifadə etdikdə vətəndaşların cihazlarına müdaxilə edilə, şəxsi məlumatlar götürülə bilər. İstifadəçilər elementar təhlükəsizlik qaydalara əməl edirlərsə, məsələn, öz avadanlıqlarına daxil olan müxtəlif proqramları təmizləyir, antiviruslardan istifadə edirlərsə, təhlükəli vəziyyət yaranmır. Və yaxud, internet modelinə daxil olub-çıxanda müəyyən məqamlara diqqət yetirmək, şifrələrdən istifadə etmək lazımdır.
Bir məsələni də qeyd edim ki, pulsuz internetlə hər sayta giriş mümkün olmur. Amma hansısa resuslardan istifadə etdikdə çoxlu sayda reklamlar, spamlar gəlir. Elə etmək lazımdır ki, bu zaman gündəlik, işgüzar məsələlər üçün istifadə edilən e-maillərdən istifadə olunmasın. Yəni 2-3-cü dərəcəli e-maillərdən istifadə etmək daha yaxşı olardı".
Xatırladaq ki, bu günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları ictimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə edərkən diqqətli olmağa çağırmışdı. Müraciətdə bildirilirdi ki, ictimai yerlərdə “Wi-Fi” texnologiyasından istifadə etməklə pulsuz olaraq internetə uzaq məsafədən bağlanmaq daha asan və rahat olsa da, bu, eyni zamanda, kompüterlərimizdə və ya telefonlarımızda saxlanılan fərdi məlumatlarımız üçün riskli ola bilər. Buna görə də ictimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl etməyiniz tövsiyə olunur:
“İctimai yerlərdə mühafizə olunmamış ”Wi-Fi" şəbəkələri üzərindən bank hesablarınıza və ya həssas fərdi məlumatlarınıza daxil olmayın.
- Kompüterinizi və ya mobil telefonunuzu ictimai yerlərdə nəzarətsiz qoymayın.
- İctimai “Wi-Fi” şəbəkəsindən istifadə edərək onlayn alış-veriş etməyin. Çünki onlayn alış-veriş sizdən bank hesab məlumatlarınız kimi həssas fərdi məlumatlarınızın daxil edilməsini tələb edir.
- Kompüterinizdə və ya mobil telefonunuzda avtomatik qoşulmanı söndürün. Bir çox kompüter və ya mobil telefonun simsiz olaraq avtomatik bir şəbəkədən digərinə qoşulmağa icazə verən qoşulma parametrləri mövcuddur. Bu funksiya rahatlığı təmin etsə də, cihazlarınızın mühafizə olmayan şəbəkələrə qoşulmasına şərait yaradır. Xüsusilə səyahət edərkən və ya tanımadığınız yerlərdə bu funksiyanın sönülü olmasını təmin edin.
- “Bluetooth” qoşulmasını nəzarətdə saxlayın. İctimai yerlərdə “Bluetooth” funksiyasının aktiv olması, kibertəhlükəsizliyiniz üçün böyük risklər yarada bilər. Bədniyyətli açıq “Bluetooth” siqnallarından istifadə edərək cihazınıza daxil olaraq fərdi məlumatlarınızı oğurlaya bilər.
- İctimai “Wi-Fi” şəbəkəsindən istifadə edərkən fərdi məlumatlarınızı mühafizə etmək üçün VPN xidmətindən istifadə edin. VPN ictimai “Wi-Fi” şəbəkəsi üzərindən göndərdiyiniz və ya aldığınız bütün məlumatları şifrləyir".
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri