Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025 / 16:10

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib. İclasda gündəlikdə olan 18 müraciətə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Xeberler.az bildirir ki, müraciətlərdən 14-ü radiotezliklərin ayrılması, 4-ü isə yenidən rəsmiləşdirmə ilə bağlı olub.

Onlardan 3-ü radiorabitənin təşkili məqsədilə radiostansiyalarda, 1-i aviasiya avadanlıqlarında, 4-ü gəmilərdəki radio avadanlıqlarında istifadə üçün ayrılan tezliklərdir. Eyni zamanda GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi məqsədilə 2, simsiz giriş şəbəkələri (Wi-Fi simsiz texnologiyası) üçün 2, mobil rabitənin təşkili üçün 1 və radiolokasiya üçün (Dopler radarı) isə 1 radiotezliyin ayrılması ilə bağlı qərar verilib. Həmçinin 4 qərar adı dəyişdirilən şirkətlər üçün daha öncə ayrılmış radiotezliklərin yenidən rəsmiləşdirilməsi ilə əlaqədardır.

Nəticədə, Dövlət Komissiyasının iclasında baxılan məsələlərin hamısı müsbət cavablandırılaraq müvafiq icazələr verilib.

Eyni zamanda Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarları ilə ümumilikdə 172 ədəd radiotezlik resursu (radiotezlik nominalları) dövlət resursu kimi geri alınıb. Onlardan 8-i əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə uyğun olaraq imtina edən tezlik istifadəçisi ilə bağlı olub.

Həmçinin 1 radiotezliyin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.2-ci maddəsinə uyğun olaraq radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində Dövlət Radiotezliklər İdarəsi ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlamayan istifadəçidən geri alınması ilə bağlı qərar qəbul olunub.

Eyni zamanda radiotezliklərdən 163-ü “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.3-cü maddəsinə uyğun olaraq radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəlikləri yerinə yetirməyən, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişləri tam aparmayan və ayrılmış radiotezlikləri 3 ay müddətində istifadə etməyən tezlik istifadəçilərindən alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları”na əsasən, respublika ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər yazılı formada Komissiyaya müraciət etməlidirlər.

Əsasnaməsinə uyğun olaraq Dövlət Komissiyası nəzdində yaradılan və daimi fəaliyyət göstərən Katibliyin funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bilavasitə və tabeli qurumları vasitəsilə həyata keçirir. Katiblik Dövlət Komissiyası iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçün radiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırma aparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin hazırlanması, iclasların təşkili, nəticələrinin protokollaşdırılması və kargüzarlıq işlərini icra edir.

Radiospektr idarəçiliyini həyata keçirən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi həmçinin Dövlət Komissiyasının Katibliyinə də rəhbərlik edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə