Rafael Əzizov: “Böhran hər zaman düzgün startap üçün yeni imkanlar açır”

14-01-2015 / 11:32

Rafael Əzizov 1979-cu ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini magistr pilləsi üzrə fərqlənmə ilə bitirib, əmək fəaliyyətinə 1999-cu ildə “Hava Nəqliyyatının Baş Gömrük İdarəsi”-nin böyük inspektoru olaraq başlayıb.

2008-2011-ci illərdə “Qarant Sığorta” ASC- də hüquqşünas vəzifəsindən “İnkişaf və Hüquqi Təminat departamenti”-nin müdiri, İdarə Heyəti sədrinin müavini vəzifəsinə qədər yüksəlib. ZQAN Holdinq”-də İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. 2012-2014-cü illərdə “Buta Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Satış, Marketinq və Biznesin İnkişafı sahəsinə nəzarət edib. Rəhbərlik etdiyi COOL Digital Group (əvvəllər İnternet Holding) 2013-cü ilin noyabrında yaradılıb, Azərbaycanın ən iri internet şirkətlərindən biridir. Şirkət ABŞ və Rusiyada nümayəndəliklərə sahibdir. 

COOL Digital Group şirkətinin tərkibinə populyar avtomobil portalı Auto.az, əyləncəli Friday.az resursu, gündəlik şəhər portalı Urban.az, onlayn sığorta saytları Amigo.az və Autosigorta.az, onlayn məhsul satışı və xidmət saytı Mart.az, həmçinin, rəqəmsal marketinq agentliyi COOL Agency, internet mediaseller COOL Media də daxildir.

Rafael Əzizov ATV kanalında yayımlanan “İdeya Qazandı” verilişinin münsiflərindən biridir.

Xeberler.az COOL Digital Group-un yaradıcısı Rafael Əzizovla müsahibəni təqdim edir.

- Xeyli müddətdir internet biznes sektorunda çalışırsınız. Ölkədə milli  startap seqmentinin inkişafını necə dəyərləndirirsiniz? Hazırda bu sektorda hansı trendlər üstünlük təşkil edir?

- Bu gün ölkəmizdə Startap seqmenti rüşeym səviyyəsindədir, lakin 2014-cü il kifayət qədər aktiv keçib, bir müddət sonra milli layihələrimiz haqda bəyan edə biləcəyik. Lakin buna zaman və infrastruktur inkişafı lazımdır. Sonuncu, çox ləng də olsa, amma qurulur.

Trendlərə gəldikdə, istifadəçilərin vaxtına, resurslarına qənaət etməyə kömək edən, həyatlarını asanlaşdıran xidmət layihələri inkişaf edir. Onlayn ödənişə əsaslanan elektron kommersiya sahəsində startaplar kifayət qədər zəif inkişaf edir. Lakin bunun öz obyektiv səbəbləri var. Buna baxmayaraq, 2015-ci il də elektron kommersiyanın inkişafı üçün əhəmiyyətli il olacaq.

- Rəhbərlik etdiyiniz şirkət bu sahədə hansı işləri görür, yeni layihələriniz gözlənilirmi?

- COOL Digital Group bu gün bir neçə istiqamətə fokuslanıb. Bu, yaxın gələcəkdə elektron kommersiyanın tətbiqini nəzərdə tutan xidmət layihələri, eyni zamanda onlayn sığorta, müasir gənclər üçün media, həm də rəqəmli marketinq və reklam layihələridir.

Son layihəmiz şəhər həyatı haqqında onlayn jurnal Urban.az və istifadəçi, həmçinin, real riteyler üçün virtual mağazasını açmaqla mallarının satışı imkanı təklif edən onlayn platforma - Mart.az-dır.

- Milli startap infrastrukturunun inkişafı üçün ən vacib, prioritet şərtlər hansılardır?

- Hesab edirəm gənc internet sahibkarların biznesi yönləndirmə sahəsində təcrübəyə və maliyyə resursuna ehtiyacı var. Bu resurs onlara startapın əməliyyat gəliri olmadan inkişaf etmək imkanı yarada bilər. Bütün bu məsələlər güclü mütəxəssislərin cəlbi ilə biznes inkubatorların inkişafı sayəsində həll olunur. Dövlətlə bərabər, biznes strukturları da onların yaradılmasına maraq göstərməlidirlər. Biznes strukturlarının marağı olmadan internet sahibkarlığını inkişaf etdirmək mümkün deyil. Əlbəttə startap hərəkatında əsas tərkib hissələrindən biri vençur investorların formalaşdırılmasıdır. Bu, şirkətlər, vençur fondlar və ya biznes mələkləri ola bilər. Lakin onlarsız ciddi startap hərəkatının yaradılmasından danışmaq qeyri-realdır.

- Son dövrlərdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılıb. Siz dövlət və özəl dəstəyini yetərli hesab edirsinizmi? Hansının xüsusi çəkisi daha çoxdur?

-Dövlətin Texnoparkı və İT fondun yaratması irəliyə atılmış daha bir addım olub. Texnopark öz ətrafında kifayət qədər startap layihəsi toplayıb, Fond isə bir çox layihəni qrant vasitəsilə dəstəkləyə bilib. Lakin layihələrin böyük hissəsi biznes vasitəsilə dəstəklənməlidir. Bunun öz çətinlikləri var. İnvestorların sərmayə qoymaq üçün marağı  olmalıdır.

- Nə üçün bizdə xarici ölkələrdə olan kimi startaplara investisiya yatıran fərdi investorlar – mələk yatırımçılar yoxdur? Bunların olması üçün hansı addımlar atılmalıdır?

- Mən özəl investorlarda riskli startapları maliyyələşdirmək marağının olmamağının 3 əsas səbəbini görürəm. Birincisi, maddi aktivləri olan, restoran, mağaza, ticarət mərkəzləri, daşınmaz əmlak kimi layihələrə sərmayə qoymaq daha asandır. Belə ki, bu aktivləri istənilən vaxt satmaq olar. Həmçinin, bank depozitlərinin yüksək faizi və stabilliyini nəzərə alaraq, maliyyəni bank depozitlərinə yatırmaq daha stresssizdir. İkinci səbəb startapın yaradıcılarının komandada işləmək bacarıqlarının olmamasıdır. Bu, işin düzgün bölünməməsinə, komandadaxili narazılıqlara, nəticə kimi isə komandanın parçalanması və layihənin bağlanmasına səbəb olur. Startap komanda işidir. Burada lider olmalıdır, öhdəliklər komandanın bütün üzvləri arasında dəqiq bölünməlidir. Heç bir biznes mələyinin buna sərf etməyə zamanı və həvəsi yoxdur. Üçüncü səbəb “exit” bazarının olmamasıdır. Hər bir investor üçün bu biznesdir və o, yalnız öz payının yaxşı qiymətə satılması halında qazanc əldə edə biləcək. Hazırda satmağa bazarda müştəri yoxdur. Alıcı kimi dünyanın internet nəhəngləri çıxış edə bilər ki, onlar hələ Azərbaycanda təqdim olunmayıblar. Ya da internet texnologiyalara ehtiyacı olan yerli şirkətlər. Onlar üçün almaq yaratmaqdan daha asan başa gəlir. Lakin hələ yerli şirkətlər də maraq nümayiş etdirmirlər. Hərçənd, bu müvəqqətidir. Yuxarıdakı səbəblər aradan qaldırılan kimi biznes mələkləri institutu inkişaf edəcək.

-Milli startapların üzə çıxarılması, investorlara təqdim edilməsi istiqamətində Startap Azərbaycan Layihəsi, müsabiqələr, təlimlər və digər bir sıra tədbirlər keçirilir. Bunları necə dəyərləndirirsiniz? Bu istiqamətdə daha hansı addımların atılmasını vacib hesab edirsiniz? Daha konkret olan istiqamətlər üzrə müsabiqələr keçirilməsinə necə baxırsınız ?

- Bu çox maraqlı ideyadır, amma hələ nəticəsi yoxdur. Layihə yaradıcılarının bunda günahı yoxdur. Böyük miqdarda biznes inkubatorlar, mentorlar, vençur investorlardan ibarət infrastruktur olmadığı müddətdə bu layihə böyük nəticələr verə bilməz.

- Milli startaplarımız uğur əldə etmək, investisiya və dəstək qazanmaq üçün  hansı tələblərə cavab verməlidirlər?

-İstənilən startapda əsas olan – ideyanı reallaşdırmağa qadir olan komandadır. İnvestor real insana sərmayə qoyur, dumanlı ideyalara yox. 

- Startapçılar deyir investor yoxdur, az-çox mövcud olan investorlar da deyir maraqlı , uğur gətirə biləcək ideyalar - startaplar yoxdur.

- Bunlar hamısı subyektivdir. İstənilən zaman ideya da tapmaq olar, vəsait də. 

- Son müşahidələr mövcud, uğurlu milli startupların komanda məsələsində problemi olduğu sezilir.  Bəzən startap komandasının parçalanmasının şahidi oluruq. Startapların komanda formalaşdırmaqda çətinliyi nə ilə bağlıdır?

- Bizim startapçılar komandada işləməyi bacarmırlar. Biz idmanın da komanda oyunu növlərində qalib gələ bilmirik, biznesin də. Amma bunun üzərində çalışmaq lazımdır. Əks halda, startap yaşaya bilməz.

-  Bizim milli startuplar daha çox Türkiyə bazarına üz tuturlar, dünya  bazarına çıxa bilsinlər deyə. Amma hələlik elə bir uğurları yoxdur. Rusiyada böhran yaşandığı bir vaxtda bizim internet biznes sektoru, milli startuplar bundan necə bəhrələnə bilərlər? Rusiya, Qazaxıstan və Ukrayna  bazarları onlar üçün maraqlı ola bilərmi?

-Əgər startap lokaldırsa, qoy əvvəlcə Azərbaycanda uğur qazansın, rəqabətin daha çox olduğu mühitdə daha çətin olacaq. Əgər layihə qlobaldırsa, o zaman bütün ölkələrində yoxlamaq lazımdır, xüsusilə də böhran keçirən ölkələrdə. Böhran hər zaman düzgün startap üçün yeni imkanlar açır. 

Jalə Şahinqızı


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.