Bir sıra ölkələrin təcrübəsi göstərir ki, böhran zamanı İT biznes sahəsinin inkişafı ləngisə də, bəzi ölkələrdə İKT–yə tələbat daha da artır, inkişaf üçün zəmin fromalaşır və yeni startaplar yaranır.
Bəs görəsən bizdə bu istiqamətdə gözləntilər necədir?
Qeyd edək ki, Xeberler.az olaraq devalvasiyadan sonra ölkənin internet biznes sahəsindəki vəziyyəti və gözləntiləri diqqətdə saxlayırıq.
Əvvəlcədən hiss olunan böhran, son günlərdə Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçilməsi barədə qərarı -devalvasiyası ölkənin bütün sahələrinə təsir etdi.
Devalvasiya, neft qiymətlərinin enməsi ölkənin İKT sektoruna da təsirsiz ötüşməyib.
Xeberler.az ölkənin İKT sektorunun böhrana necə tab gətirəcəyi, devalvasiyanın bu sektorda hansı fəsadlar yaradacağı, vəziyyətdən çıxış yolları ilə bağlı ekspertlərin rəylərini öyrənib.
Onlar dünya təcrübəsinə dayanaraq bu məqamda hansı addımları, necə atmaqla bağlı danışıblar.
"İT şirkətlər mütləq xarici bazarlara çıxmalıdır"
Biznesin inkişafı üzrə ekspert Fərid Kazımov mövcud vəziyyətdə İT-i şərh edərkən bildirib ki, mövcud iqtisadi durum digər sahələr kimi İKT sektoruna da təsir göstərəcək. Onun sözlərinə görə, real olaraq dövlət sifarişi ilə işləyən iri İT şirkətlər müəyyən problemlər yaşaya bilər. Çünki büdcədən İT layihələrinə ayrılan vəsaitin həcmi aşağı düşəcək.
Fərid Kazımov hesab edir ki, buna görə də İT şirkətlər mütləq xarici bazarlara çıxmalıdır:
“ Bu onlara “yaşamaq” üçün vacibdir. Qeyd edə bilərəm ki, artıq bu proses başlayıb. Məsələn, Azərbaycanın SİNAM, Cybernet və Bestcomp şirkətləri konsorsium çərçivəsində Tanzaniyada tenderdə iştirak edirlər. Amma xarici bazarlarda rəqabətə davam gətirmək üçün İT şirkətlərə müəyyən dövlət dəstəyi lazımdır. Daxili bazarda dövlət kiçik və orta biznesə diqqətini artırmalıdır. Mövcud dəstək proqramlarına yeni istiqamətlər də əlavə olunmalıdır. Ümumiyyətlə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gənclər arasında “texnoloji sahibkarlığın” təşviqatını aparmalıdır. Çünki bazarın indiki vəziyyəti karyera qurmaq istəyən gənclərə daha çox təsir edəcək. Onları biznes yaratmağa təşviq etsələr, daha effektiv olar”.
Ekspert bu məqəmda sahibkarlıq (startaplar) üzrə təlim proqramlarının olmasını da vacib hesab edir:
“Azərbaycanda proqramlaşdırma kurslarının sayı artırılımalıdır. Proqramçılar “autsorsinq” modeli üzrə işləsələr,xarici bazarlarda sifarişlər ala bilər. Daha effektiv işləmək üçün proqramçılar komandalarla birləşə bilər. Startaplar isə bazara real şəraitda zəruri olan servislər yaratmalı olacaqlar. Xərcləri azaltmaq, ən ucuz məhsulu tapmaq, ən ucuz xidmətdən istifadə, bonus toplayaraq hər hansı bir malı pulsuz almaq və s. bu tipli problemləri həll edə bilən startaplar uğur qazana bilər”.
O, böhranı yalnız problem deyil, imkan kimi qiymətləndirir.
Onun sözlərinə görə, belə şəraitdə hər bir insan daha məhsuldar, daha effektiv olmalıdır və bu ona nəinki böhrana tab gətirmək, həm də daha yeni səviyyəyə qalxmaq üçün imkan verə bilər:
“ İnanıram ki, böhrandan çıxanda bazarda yeni uğurlu şirkətlər, komandalar olacaq. Yeni startaplar haqqında eşidəcəyik. Dayanmaq olmaz, yalnız irəli getmək lazımdır”.
"Birdən- birə İKT-dən möcüzə gözləmək sadəlövhlükdür"
iKeebon- Xercim.az layihəsənin rəhbəri Orxan Əhmədov isə bu məqamda İKT-nin gücü ilə nəsə əldə etməyi mümkünsüz hesab edir.
O bildirir ki, bu sahəyə diqqət göstərib, düzgün planlaşdırılmış şəkildə işlər aparılarsa, yalnız bir neçə ilə nə isə ortaya çıxartmaq olar.
Orxan Əhmədov deyir ki, illərdir bu sahədə ciddi addımlar atmadan, bu gün neftin qiyməti düşəndə birdən- birə İKT-dən möcüzə gözləmək sadəlövhlükdür:
“ İKT bir günə, bir ilə əmələ gələn sahə deyil. Bu sahənin inkişafı üçün təhsil almış kadrlar ilə yanaşı, bu sahəyə yönəlik kompleks işlərin görülməsi də vacibdir. Ancaq realda hər şey sözdə qalır. İndidən sonra diqqət edilərsə, bir neçə ilə nə isə demək olar. Amma böhranın bu sahəni inkişaf etdirəcəyinə inanmıram”.
Startapçı qeyd edib ki, İKT-ni ölkəmizdə inkişaf etdirmək üçün ilk növbədə təhsili inkişaf etdirməliyik. İnsanlar telefonlarında oyun oynamaq əvəzinə, zamana və puluna qənaət edə biləcək İT məhsullardan istifadə etmək barədə düşünməlidir.
"Böhran adı gələndə isə Azərbaycan investorları risk etmək istəmirlər, əksinə pullarını dollara çevirib gözləyirlər"
Orxan Əhmədov dünya təcrübəsindən çıxış edərək ölkəmizdə mövcud vəziyyəti qiymətləndirərək bildirib ki, minlərlə boş, klaviatura dəyməmiş maraqlı İT biznes sahələri var, ancaq yeni yaranmış startapların uğur qazanması üçün istəsək də , istəməsək də özünü tanıtmağa, müştəri qazanmasına yardım edən maddi vəsaiti olmalıdır.
O deyib ki, böhran adı gələndə isə Azərbaycan investorları risk etmək istəmirlər, əksinə pullarını dollara çevirib gözləyirlər. Yatırım olmadıqda isə hər gün startaplar yaranıb, növbəti gün öləcəklər:
“Böhran sadəcə iqtisadi faktordur. İKT-nin işi ilk növbədə insanların həyatını rahatlaşdırmaqdan ibarətdir. Və əgər sizin İKT məhsulunuz böhran dövründə insanlara fayda verirsə, bu, yaxşı haldır”.
"Azərbaycanda kifayət qədər ağıllı, gəlir gətirə biləcək startaplar mövcuddur"
Azərbaycanda vençur fondlarının bu məqamda inkşafından danışan Orxan Əhmədov deyib ki, startapları inkişaf etdirmək istəyiriksə, vençur fondlarının olması mütləqdir:
“ Azərbaycanda kifayət qədər ağıllı, kreativ, gəlir gətirə biləcək startaplar mövcuddur. Yəni, bu potensial var. Ancaq, investisiya baxımından bir çoxları deməyə çəkinsə də , reallıq budur ki, bazarda çox gülməli və acınacaqlı vəziyyət var. Birincisi odur ki, yatırım imkanı olan şəxslər hər hansı bir şirkətdə 10-20 faiz pay qarşılığında pul yatırmaq istəmirlər. Əgər onlar pul yatırırlarsa, deməli bu onların şirkətləri olmalıdır, komanda isə onların işçisi. Yəni, beynəlxalq təcrübəyə dayanan investor mədəniyyəti hələ formalaşmayıb. İkincisi odur ki, bazarda cəmi bir Vençur şirkəti var və onların da yatırım imkanları böyük deyil. Yenə də məsələ birinci faktora qalır. Çünki vençur fondları maliyyəni yatırım imkanı olan şəxslərdən əldə edirlər. Bazarda cəmi bir fondun olması bu sahədə rəqabətin olmadığı və nəticə olaraq inkişafın mümkünsüzlüyü anlamına gəlir. Bir də onu əlavə etmək lazımdır ki, bir çox müsabiqələrdə dəstəkçi rolunda çıxış edən inkişaf etmiş İT şirkətlərimiz də, startap layihələrə investor gözü ilə deyil, layihəni və ya komandanı özünə cəlb etmə fikri ilə baxırlar. Bu da nəticədə sabah böyük şirkətə çevrilə biləcək bir layihənin, sonuna gətirib çıxarır”.
Orxan Əhmədov bu məqamda belə fondların sayının artırılmasının vacibliyindən danışıb.
O qeyd edib ki, bu kimi fondların olması rəqabət yaradır və nəticədə bir fond startapa 10-20 min manat deyil , onu inkişaf etdirə biləcək qədər məbləğ təklif edir ki, bu da inkişaf deməkdir:
“ Həmçinin bu fondlar birgə olaraq bir neçə startapa yatırım və digər dəstəkləri göstərə bilərdilər. Bu isə xaricdən də yatırımların cəlb olunmasına səbəb ola bilərdi. Gördüyümüz isə odur ki, hər ay bir inkubator və ya akselerator açılır ancaq yenə də nəsə alınmır. Şəxsən mənim fikrimcə , hazırda hər hansı bir startapa 10-20 min yatırım etməklə həm fond o pulu havaya sovurmuş olur, həm də startap heç bir uğur əldə etməyəcək. Çünki pul, startap özünü saxlaya biləcək səviyyəyə çatmadan bitəcək. Xarici bazarlara baxdıqda, bu məbləği ancaq kiçik inkubatorlar və yeni biznes mələklər yatırırlar ki, startap öz ilkin məhsulunu yaradıb bazara çıxartsın. Uğurlu olduğu təqdirdə daha böyük yatırımlar əldə etmək mümkün olacaq. Bizdə isə son yatırımı etməli olan investorlar ilkin minimum yatırımı edirlərsə, bu hər iki tərəf üçün uğursuzluq deməkdir. Təbii istisnalar ola bilər, ancaq mən təcrübədə bununla rastlaşmamışam ”.
"Böhran komitəsi yaradılmalıdır"
İT ekspert Rəşad Əliyev isə bu maraqlı təkliflə çıxış edir.
Ekspert təklif edir ki, böhran komitəsi yaradılmalı və daha az itkilərlə bu prosesi atlatmaq üçün ciddi tədbirlər görülməlidir:
“Məsələn, yerli istehsal üçün ehtiyac olan ixrac və idxal mallarına qarşı gömrük rüsumlarının yenidən nəzərdən keçirilməsi çox vacibdir. Beləcə sahibkarlığa ciddi dəstək (vergi, gömrük və s. güzəştlər) və istiqamət verilməlidir".
Rəşad Əliyev deyib ki, bugünkü müstəvidə iqtisadiyyatı xariclə əlaqələndirmək ən ağıllı addımlardan biridir:
“Yetər ki, ağıllı addım olsun. Məsələn bir startap yaratmaq, bir mobil tətbiq (apps) yazmaq və ya adi bir proqram satmaq , texniki dəstək də bu məqamda müsbət addım olar”.
O qeyd edb ki, belə servislərdən ayda 1-2 min arası qazana bilən ağıllı, dinamik gənclərimiz var.
İT ekspert belə gənclərə dəstək olub, faydalanmağı təklif edib.
Azərbaycan İnternet Forumunun prezidenti , ekspert Osman Gündüz bildirib ki, onlar cəmi 3-4 ildir ki, internet biznes sahəsinin inkişafına , Startap Azərbaycan hərəkatına ciddi önəm verməyə başlayıblar.
Ekspert deyib ki, adicə “startap” terminin mənasını çoxlarının bilmədiyi zamandan hələ ki, elə də çox müddət keçməyib:
“Düşünürəm ki, ötən müddət ərzində müəyyən işlər görülüb. Az-çox milli startaplarımız formalaşıb. Texno parklar yaradılıb və İT sahəsinə, internet sahibkarlara dövlət dəstəyi fondu yaradılıb. Son dövrdə isə bir neçə universitetlərdə Biznes İnkubator Mərkəzləri formalaşıb. Yəni, ekosistemin müəyyən elementləri artıq formalaşıb. İndiki zamanda atılacaq əsas addımlar isə bu ekositemi daha da inkişaf etdirməkdir. Biz Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məsələ ilə bağlı yeni təkliflər vermişdik. Amma ondan hələlik bir xəbər yoxdur. Biz yerli startapların regional və beynəlxalq bazara çıxışına dəstək vermək, startaplar və elektron ticarətə vergi və digər güzəştləri tətbiq etmək, fərdi investorların investisiya yatırımları prosesini stimullaşdırmaq, investorlar klubu yaratmaq, dövlət dəstəyini gücləndirməklə bağlı təkliflər hazırlayıb nazirliyə göndərmişik. İndi əsas məsələ bu təkliflərə necə yanaşılacağından asılı olacaq” .
Ekspert qeyd edib ki , böhran , devalvasiya, büdcənin daralması, dövlət sifarişlərinin kəskin azalması İT qurumlarına, bütövlükdə İKT sektoruna da təsirsiz ötüşməyəcək :
“Artıq biz indidən müşahidə edirik ki, bəzi İT şirkətləri 20-30 faiz işçilərini ixtisar edir. Bununla belə, dünya təcrübəsi də göstərir ki, böhran zamanı əsas məsələ xərclərin azaldılması, effektiv həllər təqdim edilməsidir. Xərclərin azaldılması üçün də ən effektiv vasitə İKT-dir. Bu baxımdan da düşünürəm ki , əgər düzgün yanaşma olsa, stimullaşdırıcı addımlar atılsa, bu sektorda liberallaşma tədbirləri görülsə, uğur qazanmaq mümkün olacaq”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri