Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026 / 20:22

ETN İnformasiya Texnologiyaları İnstitutunun “Rəqəmsal kriminalistika sahəsində mövcud olan problemlərin araşdırılması zərurəti” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirilib.

Xeberler.az bildirir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev institutda kibertəhlükəsizliyin mühüm istiqamətlərindən biri olan rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanıldığını qeyd edib. Alim bu sahədə mövcud problemlərin kompleks və dərindən araşdırılmasının ölkə miqyasında xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, aparılan tədqiqatları institutun fəaliyyət prioritetlərinə uyğun strateji istiqamət kimi dəyərləndirib.

Akademik Rasim Əliquliyev bildirib ki, ölkədə rəqəmsal kriminalistika üzrə elmi-nəzəri tədqiqatların gücləndirilməsi kibertəhlükəsizlik sahəsində müasir çağırışlara çevik və effektiv cavab verilməsinə, eyni zamanda rəqəmsal kriminalistikanın texnoloji aspektləri üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcək.

Daha sonra institutun doktorantı Sənan Vəlizadə məruzəni təqdim edərək bildirib ki, informasiya texnologiyalarının sürətli inkişafı rəqəmsal mühitdə baş verən hüquqpozma hallarının artmasına səbəb olur və bu, rəqəmsal sübutların toplanması, qorunması və analizi üçün yeni yanaşmaların işlənməsini tələb edir.

Tədqiqatçı rəqəmsal kriminalistikanın qlobal miqyasda aparıcı dövlətlərin milli təhlükəsizlik strategiyalarında mühüm yer tutduğunu bildirib. O, rəqəmsal kriminalistikanın ABŞ, Avropa İttifaqı, eləcə də Yaponiya, Cənubi Koreya kimi ölkələrdə geniş inkişaf etdiyini və innovativ yanaşmaların tətbiq olunduğunu diqqətə çatdırıb, bu ölkələrin təcrübəsi haqqında geniş məlumat verib.

S.Vəlizadə rəqəmsal kriminalistikanın ənənəvi kriminalistika ilə kəsişmə nöqtələri, iz ekspertizası və rəqəmsal izlər, eksperiment modelləşdirilməsi və simulyasiya, trasoloji analiz və zamana görə strukturlaşdırılma, sübutların qorunması və sənədləşdirilməsi məsələləri barədə də danışıb. Həmçinin rəqəmsal kriminalistikanın texnoloji, hüquqi, etik, təşkilati və institusional, təlim-tədris, elmi metodoloji aspektlərini diqqətə çatdırıb, hər bir aspekt üzrə rast gəlinən problemlərdən bəhs edib. Qeyd edib ki, rəqəmsal kriminalistika sahəsində elmi-nəzəri tədqiqatlar son 25 il ərzində texnoloji inkişafla bərabər dinamik dəyişikliklərə uğramışdır.

Məruzəçi Azərbaycanın kibertəhlükəsizlik üzrə milli prioritetlərindən də bəhs edərək, bildirib ki, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” rəqəmsal sübutların toplanması və intellektual analiz metodlarının tətbiqi ilə bağlı konkret istiqamətləri müəyyən edir. Əlavə edib ki, ölkədə ixtisaslı kadr çatışmazlığı, metodoloji yanaşmaların məhdudluğu və elmi-nəzəri boşluqlar bu sahənin daha da inkişaf etdirilməsini zəruri edir.

Mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

Məruzəyə dair çıxış edən akademik Rasim Əliquliyev mövzunun aktuallığını vurğulayaraq bildirib ki, rəqəmsal kriminalistika artıq milli suverenlik kontekstində strateji əhəmiyyət kəsb edən istiqamətlərdən birinə çevrilib.

Akademik Rasim Əliquliyev ölkədə rəqəmsal inkişafın təmin olunması, kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. İnstitutun baş direktoru Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladığını xatırladaraq, institutda rəqəmsal kriminalistika sahəsində aparılan tədqiqatların Konsepsiyada müəyyən edilmiş yanaşmalara uyğun olaraq hüquq-mühafizə sisteminin elmi əsaslarla dəstəklənməsinə töhfə verdiyini qeyd edib.

Alim, həmçinin dövlət başçısının “Məhkəmə Ekspertizası” informasiya sisteminin yaradılması haqqında Fərman imzaladığını, bu sistemin məhkəmə ekspertizası sahəsində fəaliyyətin elektronlaşdırılması, eləcə də məhkəmə ekspertizası qurumlarının dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyasının təmin olunması məqsədi daşıdığını bildirib.

Baş direktor kibercinayətkarlıqda obyekt və subyekt anlayışlarının, onların funksional xüsusiyyətlərinin və qarşılıqlı əlaqələrinin elmi müstəvidə geniş şəkildə araşdırılmasının vacibliyini qeyd edərək, rəqəmsal kriminalistika istiqamətində analitik icmalın hazırlanmasını tövsiyə edib. Akademik Rasim Əliquliyev 2026-cı ildə institut və müvafiq dövlət qurumlarının birgə təşkilatçılığı ilə rəqəmsal kriminalistikanın aktual problemlərinə həsr olunmuş konfransın keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə