“Skolkovo” - innovasiyalar şəhəri

20-04-2011 / 17:38

Müasir dövrdə müxtəlif fəaliyyət sahələrində, o cümlədən informasiya texnologiyaları (İT) sferasında innovativ fəaliyyətin inkişafı istənilən ölkə siyasətinin prioritet istiqamətlərindəndir. Bu məqsədlə dünyanın əksər ölkələrində yeni texnologiyaların işlənilməsi və kommersiyalaşdırılması üzrə ultramüasir elmi-texnoloji komplekslərin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görülür, silsilə layihələr həyata keçirilir, bu layihələrə İT sahəsində aparıcı şirkətlərin cəlb edilməsi üçün əməkdaşlıq əlaqələri qurulur, elm və İT-in innovativ inkişafına xidmət edən müxtəlif sənəd və müqavilələr imzalanır. 

Elmi-texniki sahədə yeni kəşflər və innovativ fəaliyyət üçün əlverişli şəraitin yaradılması, yüksək texniki avadanlıq və cihazlarla təmin olunması, alim və mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin aparılması, elmi tədqiqatların beynəlxalq tələblərə cavab verməsi, əldə edilmiş məhsulların dünya İT bazarına çıxarılması məsələlərini qarşıya hədəf kimi qoymuş Rusiyada da bu istiqamətdə mühüm işlər görülməkdədir. Bu yaxınlarda “Skolkovo” innovasiyalar şəhərinin salınması ilə bağlı layihəyə start verilib. 

Bir müddət öncə Skolkovoda elmi-texniki inkişafın və innovasiyaların mərkəzi olacaq texnopolisin yaradılması planlarından söhbət açan Rusiya prezidenti Dmitri Medvedev Moskva ətrafında ilk texnopolisin – “Skolkovo” İnnovasiya Mərkəzinin inşasında dünyanın aparıcı İT-şirkətləri ilə birgə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Prezident sözügedən layihədə İspaniya, İsveç, Finlyandiya, Honq-Konq və s. kimi ölkələrin aparıcı şirkətlərinin iştirakının məqsədəuyğunluğunu ifadə etmişdir. 

Müxtəlif istiqamətli elmi-tədqiqat institutlarını özündə birləşdirəcək innovasiyalar şəhəri akademiklərin, gənc alim və mütəxəssislərin həm iş, həm də yaşayış yeri olacaq. Burada yeni elmi layihələrin yaradılması, onların tətbiqi yollarının işlənib hazırlanması üçün hər bir şərait yaradılacaq. Rusiyanın “Silikon vadisi” olacaq bu şəhər alimlər üçün lazımi bazanı təmin edəcək, elm və menecment məsələləri isə nəhayət ki, öz həllini tapacaq. Artıq alimlərə öz icadlarını maliyyələşdirmək, elmi layihələrini həyata keçirmək üçün sifarişçi və sponsor axtarmaq lazım gəlməyəcək. Maliyyələşmə məsələlərinin bir hissəsini dövlət öz üzərinə götürəcək, iri kapital yatırımı isə özəl investorlardan gözlənilir. Mərkəzdə həyat üçün zəruri olan infrastruktur yaradılacaq ki, dövlət xərcləri ilk növbədə məhz bu məsələlərə sərf ediləcək. 

“Gələcəyin şəhəri”nin tikintisi isə Fransanın AREP şirkətinə həvalə edilib. Bu haqda qərar yekdilliklə “Skolkovo” Fondu (Yeni texnologiyaların işlənməsi və kommersiyalaşdırılması Mərkəzinin İnkişaf Fondu) Şurasının toplantısında qəbul edilib. Şirkətin layihəsinə görə, şəhər yüksəklikdən seyr edərkən qanadları açıq halda olan kəpənəyi xatırladacaq. AREP artıq ilk ofisin binasını cari ilin noyabr ayınadək təhvil verməlidir. Layihəyə əsasən şəhərin bir tərəfində kosmos, nüvə və kompyuter texnologiyaları, tibb və energetika üzrə 14 min mütəxəssis çalışacaq, digər bir tərəfdə isə onların yaşayış yerləri yerləşəcək. Şəhərin ümumi görünüşünün 2015-ci ildə hazır olması nəzərdə tutulub. 

Fondun cari il üçün büdcəsi isə 750 milyon dollar təşkil edəcək. 
www.vesti.ru saytının məlumatına görə, bu vəsait tikintiyə, “Skolkovo” Tədqiqat Mərkəzinə və yeni layihələrin dəstəklənməsinə sərf ediləcək. 

Qeyd edək ki, bu yaxınlarda “Microsoft” korporasiyasının baş direktoru Stiv Balmer və “Skolkovo” Fondunun prezidenti Viktor Vekselberq arasında İT sferasında innovativ fəaliyyətin birgə inkişaf etdirilməsinə dair Niyyət protokolu da imzalanıb. S.Balmer bu layihənin Rusiya iqtisadiyyatının modernləşdirilməsi və texnoloji innovasiyaların dinamik inkişafı istiqamətində mühüm addım olduğunu bildirib. O, “Microsoft” tərəfindən hər il Fonda əməkdaşlıq proqramlarına on milyonlarla dollar məbləğində investisiya yatırılacağına söz verib. 

Əldə edilmiş razılaşmaya görə, korporasiya innovasiyalar şəhərində özünün İT Mərkəzini açacaq. “Microsoft”un mütəxəssisləri elmi tədqiqatların və mühəndis işlərinin emalı üçün platforma həllərinin yaradılması, həmçinin biznes-proqramlarının işlənməsi ilə məşğul olacaqlar. “Microsoft” Rusiya universitetləri və elmi təşkilatları ilə birgə tədqiqat proqramlarında da iştirakını davam etdirəcəyini bəyan edib. 

Sənəddə əksini tapmış 3-cü istiqamət isə Rusiyanın perspektivli startaplarına dəstək göstərilməsindən ibarətdir. Bir neçə il ərzində korporasiya yeni fəaliyyətə başlayan təxminən 100 İT-şirkətinə kömək etməyə hazır olduğunu bildirib. Vəziyyətdən asılı olaraq bu şirkətlərdən hər birinə 50 mindən yarım milyon dollaradək vəsait ayrılacaq. Startaplara maliyyə köməyindən əlavə ekspert və texniki dəstək də göstəriləcək. Artıq indidən korporasiya biznesin inkişafı məsələlərində öz bilik və təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. Gələcəkdə isə bu sahədə yeni olan soft şirkətlər üçün “Microsoft”un bulud servisləri əlyetərli olacaq. 

“Microsoft” və “Skolkovo” Fondunun əməkdaşlığının 4-cü istiqaməti innovasiyalar şəhəri ərazisində informasiya texnologiyalarına kollektiv əlyetərlik Mərkəzinin yaradılmasını nəzərdə tutur. 

Sonuncu mərhələ isə “Microsoft”un Skolkovo Texnoloji Universitetinin yaradılmasında iştirakı ilə əlaqədardır. Universitet tələbələri və aspirantları korporasiyanın ixtisaslaşdırılmış məktəblərində təhsil ala və iri elmi-tədqiqat mərkəzlərində, o cümlədən Kembric və Redmonddakı Microsoft Research-də əmək stajı keçə bilərlər.

Bundan əlavə, “Skolkovo” Fondu ilə Rusiya Elmlər Akademiyası arasında innovasiyalar sahəsində birgə əməkdaşlıq haqda razılaşma da əldə edilib. Sənəd Fondun prezidenti Viktor Vekselberqlə REA-nın prezidenti Yuri Osipov arasında imzalanıb. Burada əsas məsələ elmi ideyaların işlənib hazırlanması ilə hazır məhsulların bazara çıxarılması arasındakı vaxt müddətini maksimum azaltmaqdır. Həmçinin Rusiyada nəinki “beyinlər axını”nın qarşısının alınması, həm də xaricdə çalışanların geri qaytarılması da başlıca məqsədlərdəndir. Bu ümumi işdə Kosmik Tədqiqatlar İnstitutu, Kimyəvi Fizika Problemləri İnstitutu, Keldış adına Tətbiqi Riyaziyyat İnstitutu və b. bilavasitə iştirak edəcək. Sözügedən sənədə 40-a yaxın elmi-tədqiqat institutu qoşulub. “Elm ayrı-ayrı kollektivlərdə mövcud ola bilməz, o, inteqrasiya tələb edir” – deyə V.Vekselberq bildirib. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə