“Təbaşir erası bitdi!!!”

29-12-2008 / 18:46


  Müasir dünyada informasiya hər şey deməkdir. Əgər sən informasiyaya sahibsənsə deməli sən dünyada hər şeyə sahibsən. Hal-hazırda dünyanın bütün sahələrində ardıcıl şəkildə informasiyalaşdırma prosesi gedir. Təhsil də həmin sahələrdən biridir. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması istiqamətində sistemli şəklidə bir neçə mərhələ islahatlar keçirilib. İnkişaf etməkdə olan ölkələrdə isə bu cür islahatlar davam etdirilir. Azərbaycan da həmin ölkələrin sırasındadır. Azərbaycanda təhsilin modernləşdirilməsi, təhsildə informasiya kommunikasiya texnologiyalarının tətbiqində ilkin addımlar artıq atılıb.
   2003-cü ildə qəbul edilmiş “Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” sənədində hazırkı dövrdə Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilmişdir. Hal-hazırda İKT-nin tədris sisteminə inteqrasiyası özünün başlanğıc dövrünü yaşayır.
    Lakin ölkənin təhsil sistemində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin hazırkı səviyyəsi istər dinamik inkişaf edən iqtisadiyyatımızın mövcud imkanları, istərsə də dünya təhsil məkanına inteqrasiya baxımından qənaətbəxş hesab edilə bilməz. Ölkədə təhsil ocaqlarının kompüter avadanlığı ilə təminatındakı irəliləyişlərə baxmayaraq, bütövlükdə təhsil sisteminin informasiya infrastrukturunun səviyyəsi günün tələblərindən xeyli uzaqdır.Bu baxımdan hazırda təhsil sistemində aparılan informasiyalaşdırma prosesi bir sıra ciddi problemləri üzə çıxarıb:

 İlk növbədə pedaqoji və rəhbər kadrların İKT üzrə qeyri-qənaətbəxş hazırlığı və ümumiyyətlə bu sahədə işlərin  xeyli ləng aparılması ciddi problemlərə zəmin yaradır. Məsələn keçən proqram çərçivəsində Təhsli Nazirliyi müəllimlər və məktəb direktorları üçün İKT treninqlərinin keçirildiyini bildirmişdi. Lakin çox təəssüf ki, həmin treninqdə sertifikat almayan müəllimlərin “sonrakı taleyi” haqda nazirlik tərəfindən ətraflı məlumat verilmədi.

 Elektron tədris vəsaitlərinin ləng hazırlanması və məktəblərə qısa müddətə çatdırılmaması da əsas problemlərdən biridir. Fənlərin çoxunu tədris etmək üçün milli elektron vasitələr isə demək olar ki, yox səviyyəsindədir.

  Məkəbərdə mövcud olan kompüter otaqları da tam səmərəli istifadə olunmur. Məktəblilər kompüterlərdən istifadə zamanı bir çox məhdudiyyətlərlə üzləşirlər. Şagirdlər arasında aparılan sorğular bu qənaətə gəlməyə əsas verir.

Bundan başqa, İKT –dən istifadənin üstünlükləri və imkanları ilə bağlı məlumatlandırma işi də lazımi səviyyədə aparılmır. Rəyini soruşduğumuz müsahiblərin əksəriyyəti bu sahədə informasiyalarının olmadığını bildirdilər. Səadət Novruzova valideyindir. 2 övladı var. Onlardan biri 7-ci digəri isə 11-ci sinif şagirdidir. Lakin çox təəssüf ki, xanım suallarımızı cavablandırarkən 2008-2012-ci illərdə təhsilin informasiyalaşdırılması proqramından xəbərsiz olduğunu qeyd etdi: “Bircə onu bilirəm ki, artıq bir neçə ildir məktəbdə uşaqlara bəzi dərslər kompüterlərlə keçilir. Amma məktəbdə internetdən istifadə haqda heç nə deyə bilməyəcəm.”
  53 saylı orta məktəbin 10-cu sinif şagirdi Qadaşov Adil və 9-cu sinif şagirdi Abbasov Coşqun isə məktəblərə veriləcək internetin nə işə yarayacağından ümumiyyətlə xəbərsiz olduqlarını bildirdilər.


 Çevik servis infrastrukturunun qurulmamağı, məktəblərdə avadanlığın vaxtından əvvəl sıradan çıxması, müəllimlər arasında İKT sahəsinə maraq yaratmaq üçün stimullaşdırma işinin ləng aparılması kimi problemlər də proqramın gedişinə mənfi təsir göstərə bilər.
 
  Bütün bu problemlərlə baxmayaraq, 2008-2012-ci illərdə məktəblərin informasiyalaşdırılması proqramı ölkədə təhsilin keyfiyyətinin artırılması, yeni informasiya mədəniyyətinin formalaşdırılması, ölkənin təhsil sisteminin dünyanın informasiya, mədəniyyət və təhsil məkanına inteqrasiyasının təmin edilməsi məqsədilə həyata keçirilir.

Bəs görəsən, bu proqramla əlaqədar gözləntilər, vədlər hansılardır?

  “Təhsili informasiyalaşdırılması üzrə dövlət proqramı çərçivəsində ilin sonuna kimi 200 məktəb İnternetə qoşulacaq” –  bu məlumatı Təhsil Nazirliyi nəzdində təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov verib.
Onun sözlərinə görə, proqram 5 illikdir və 2012-ci ilin sonuna kimi ölkənin bütün təhsil müəssisələrinin internetə qoşulmasını nəzərdə tutur. Gələn il bütün rayon mərkəzlərində olan məktəblərin internetə çıxışı olacaq.
 Məmmədov onu da qeyd edib ki, yeni dövlət proqramının əsas elementlərindən biri də, şagirdlərin zərərli informasiyadan mühafizə olunmasıdır. Məktəblərin internetə qoşulmasını həyata keçirəcək Data mərkəzində bu prosesin icrasına  artıq başlanıb və lazımi avadanlıqlar sifariş olunub.
 Təhsil Nazirliyindən verilən digər məlumatda isə internetə ilkin mərhələdə qoşulacaq məktəblərin Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəbləri əhatə edəcəyi bildirilir. Çox təəssüf ki, çoxsaylı rəsmi sorğularımıza baxmayaraq nazirlikdən həmin məktəblərin hansılar olduğunu öyrənə bilmədik.
  Proqramın iş icraçılarından biri olan “ULTRA” şirkətinin rəsmi nümayəndəsi Eleonora Nağıyeva da ilkin mərhələdə 200 məktəbin internetə qoşulacağını bildirdi. Məktəblərin hansı parametrlərə əsasən seçildiyini soruşduqda isə Eleonora xanım seçimdə ilk növbədə məktəblərin İKT-yə olan marağını və bu sahədə kadr potensialının nəzərə alındığını bildirdi.

Vahid Təhsil Portalı yaradılacaq

 Təhsil Portalı təhsil sahəsində təkliflər, təhsilin keyfiyyəti və mövcud təhsil resursları kimi məsələlər daxil olmaqla Azərbaycan təhsilinin təşkili, strukturu və statusu haqqında məlumat mənbəyidir. Daha anlaşıqlı tərzdə ifadə etsək, bu Portal sayəsində Təhsil Nazirliyinə ayrı-ayrı məktəblər tərəfindən təqdim olunan kağız hesabatlara artıq ehtiyac qalmayacaq. Beləliklə həm zaman itkisi problemi, həm də “məktəbə komissiya gəlir” - kimi lüzumsuz bir məsələ aradan qalxmış olacaq. Bu da təbii ki, məktəblərin yoxlanılması zamanı daha obyektiv qənaətə gəlməyə zəmin yaradacaq.
  Qeyd edək ki, proqram çərçivəsində Təhsil Portalının yaradılması “ULTRA” şirkətinə həvalə olunub.

“Virtual sinif”

 “ULTRA” şirkətinin rəsmi nümayəndəsi Eleonora Nağıyeva, proqramın icrası zamanı real siniflərin “ virtual siniflərlə” əvəz olunacağını bildirdi. ”Virtual sinif”, reallıqda olduğu kimi müəllim-şagird münasibətləri, təhsilin qiymətləndirilməsi, tədris sisteminin təhsil bazası əsasında aparılması kimi məsələləri əhatə edəcək. Təhsil bazasına müəllimlərin elektron vəsaitləri, tədris proqramı və s. daxil olacaq. “Virtual sinif”də hətta elektron sinif jurnalları da olacaq. Burada müvafiq fənn müəllimləri şagirdləri təhsil səviyyələrinə uyğun qiymətləndirəcəklər. Amma Təhsil Nazirinin göstərişinə əsasən jurnalda düzəliş etmək hüququ müəllimlərə verilməyəcək. Yəni müəllimlər şagirdin biliyini qiymətləndirərkən yazdıqları qiymət avtomatik hesabat bazasına daxil olacaq. Bu da təbii ki, bir sıra neqativ halların aradan götürülməsinə səbəb olacaq.

“Elektron dərsliklər” və “online təhsil”

 AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirdi ki, hazırda onlar elektron dərsliklərin hazırlanması ilə əlaqədar Təhsil Nazirliyi ilə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq təhsilin informasiyalaşdırılması ilə bağlı bir neçə layihəni həyata keçirmək üzərində qurulub. Proqram çərçivəsində həmçinin “online təhsil” məsələsinin də gerçəkləşmə ehtimalı var.

  Proqramın işləmə mexanizmi necə olacaq?

 AİF-in rəhbəri, eyni zamanda məktəblərin informasiyalaşdırması proqramında müstəqil ekspert kimi iştirak edən O.Gündüz  proqramın fəaliyyət mexanizmindən söhbət açarkən məktəblərə internetin ötürülməsi üçün Data Mərkəzin yaradıldığını bildirdi: “Lakin hər şey göründüyü qədər asan deyil. Delta Telecomdan Data Mərkəzə verilən internet birbaşa məktəblərə ötürülməyəcək. İnternetin Data Mərkəzdən ötürülməsi zamanı mövcud telekommunikasiya infrastrukturlarından,  ATS-lərdən istifadə olunacaq. Buradan isə verilən internet məktəblərə ötürüləcək.
Ola bilər  ki, İnternetin köhnə  infrastruktur üzərindən  verilməsi  müəyyən problemlər yaratsın.”
  Məktəblərə verilən internetin sinif otaqlarında nizamlanması isə AzEduCentre-ə həvalə olunub.
  Təhsildə İKT-nin tətbiqi ilə  bağlı hüquqi-normativ bazanın yaradılması prosesində iştirak edən Osman Gündüz həmçinin  bildirdi ki, ümumilikdə proqramın ilkin mərhələsində məktəblərdə internetdən istifadə qaydalarının yaradılması, zərərli informasiyaların qarşısının alınması prosesinin tənzimlənməsi , bu prosesdə iştirak edən vəzifəli şəxslərin səlahiyyətlərinin müəyyən edilməsi və təhsil portalı haqqında əsasnamənin hazırlanması nəzərdə tutulub.

Məktəblilərin internetdə təhlükəsizliyi necə təmin olunacaq?

   İKT-nin sürətli inkişafı yeni imkanlar açmaqla yanaşı, həm də bir sıra problemlər yaradır. Təhsil sistemində bu daha çox uşaqların informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Proqram çərçivəsində bu məsələnin həlli də nəzərdə tutulub.
  Məktəblilərin internetdə təhlükəsizliyi əsasən filtrasiya(süzgəc) prosesi vasitəsilə həyata keçiriləcək. Təhsil Nazirliyi nəzdində təhsilin informasiyalaşdırılması sistemi idarəsinin rəisi Samir Məmmədov proqramın icrası zamanı məktəblərə verilən internetə çıxış imkanının heç də bütün saytlar üçün nəzərdə tutulmadığını bildirdi. Məsələn, yalnız məzmununda milli-mənəvi dəyərlərə zidd, qeyri-etik məzmun daşıyan, terrorizmi təbliğ edən, ümumiyyətlə şagirdlərin tərbiyəsinə və təhsilinə mənfi təsir edəcək saytlar məktəblilərin üzünə “bağlı” olacaq.
  Ümumi götürdükdə, bu proqramla Azərbaycan məktəblisi ilk dəfə olaraq təhsil, tədris sisteminin yalnız məktəb divarları arasında mövcud olmadığını görəcək və dünyanın hər hansı bir nöqtəsində onu maraqlandıran informasiyanı asanlıqla mənimsəmə imkanına malik olacaq. Təbii ki, proqramla bağlı verilən vədlər və ümidlər gerçək olduğu təqdirdə...


xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə