Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026 / 19:46

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” Dünya İqtisadi Forumunun (DİF) “Strateji İntellekt” (Strategic Intelligence) platformasına inteqrasiya olunub. Bu, Azərbaycanın rəqəmsal transformasiya gündəliyinin qlobal səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xeberler.az məlumat verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən (4SİM) bildirilib. Məlumata əsasən, bu addım Azərbaycanın rəqəmsal transformasiya gündəliyinin qlobal səviyyədə tanıdılması və beynəlxalq bilik mübadiləsi ekosistemində aktiv iştirakının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Strategiyanın beynəlxalq platformada yerləşdirilməsi bir neçə istiqamətdə əlavə dəyər yaradır. İlk növbədə, Azərbaycanın rəqəmsal iqtisadiyyat sahəsində prioritetləri və təşəbbüsləri qlobal ekspert icması üçün daha əlçatan olur. Bu isə beynəlxalq əməkdaşlığın genişlənməsinə, xarici investisiyaların cəlbinə və qabaqcıl təcrübələrin ölkəyə transferinə şərait yaradır. Eyni zamanda, platforma vasitəsilə strategiyanın icrası üzrə yanaşmaların digər ölkələrin təcrübələri ilə müqayisəsi mümkün olur, bu da siyasətlərin daha çevik və effektiv şəkildə təkmilləşdirilməsinə imkan verir. Bu kontekstdə Azərbaycan rəqəmsal iqtisadiyyat sahəsində regional mərkəzə çevrilmək hədəfinə daha da yaxınlaşır.

Harvard, Yel, Oksford universitetləri və KAIST institutu kimi tərəfdaşların kontent dəstəyi ilə yaradılan “Strateji İntellekt” platforması qlobal çağırışlar, strateji təşəbbüslər üzrə biliklərin sistemləşdirildiyi süni intellektəsaslı rəqəmsal analitik mühitdir. Platforma 250-dən çox mövzu üzrə əsas tendensiyaları və əlaqələri anlamağa imkan yaradır. “Strateji İntellekt” müxtəlif ölkələrin strategiyalarını, tədqiqatları və qabaqcıl təcrübələri bir araya gətirərək qərarvericilər, ekspertlər və təşkilatlar üçün vahid bilik bazası rolunu oynayır. Bu platforma vasitəsilə istifadəçilər konkret sahələr üzrə qlobal tendensiyaları izləyə, siyasətlərin təsirini analiz edə və müxtəlif ölkələrin yanaşmalarını müqayisə edə bilirlər.

Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasını əsas hədəf kimi müəyyən edir. Strategiya, həmçinin rəqəmsal infrastrukturun inkişafı, innovasiya və startap ekosisteminin gücləndirilməsi, dataəsaslı qərarvermənin tətbiqi, beynəlxalq rəqəmsal inteqrasiya və rəqəmsal bacarıqların artırılması kimi 50 təşəbbüsü özündə ehtiva edir. Sənəd süni intellekt, böyük verilənlər, bulud texnologiyaları və digər 4-cü sənaye inqilabı texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində geniş tətbiqini nəzərdə tutur. Strategiyanın icrası nəticəsində rəqəmsal sektorun ÜDM-də payının artırılması, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi hədəflənir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə