Kompüterin nə qədər ömrü var?
Gündəlik həyatımızda lazımi vasitəyə çevrilən kompüter ofis, ev, məktəb, ticarət, səyahət və digər yerlərdə çox önəmli bir rol oynayır. Son zamanlar inkişaf etməyə başlayan kompüter sektoru müəssisələrdən müstəqil istehsala keçməsi ilə demək olar ki, hər evə daxil olub. Hətta bu gün bir çox evlərdə 2, bəzən də 3 kompüterə rast gəlmək mümkündür. Müasir dövrdə hər bir insanın kompüterə ehtiyacı var. Lakin digər texnika kimi, kompüter alarkən də ona diqqətlə yanaşmaq lazımdır.
Bu gün ölkəmizdə kifayət qədər kompüter istifadəçisi var. 2012-ci ilin sonuna əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20 ədəd təşkil edib. Bu bir faktdır ki, kimdəsə bir vaxtlar mobil telefon olmaması təəccüblə qarşılandığı kimi, hazırda da kompüterin olmaması təəccübə səbəb olur. Bu da onun necə sürətlə yayıldığını göstərir.
Beləliklə, kompüter istehlakçılarının sayı getdikcə artır və kompüter mağazalarına müraciət edən alıcılar daha müasir, keyfiyyətli məhsul almaq istəyirlər.
Mütəxəssislərin fikrincə, köhnə kompüter almaq ötən ilin avtomobilini almağa bənzəmir. Belə ki, avtomobillər ildən-ilə çox dəyişmir və bir avtomobilin ömrü ona necə baxılmasına bağlıdır. Amma davamlı olaraq texnologiyanın inkişafı nəticəsində kompüterin ömrü cəmi 3-4 ildir. Əgər uşaqlar kompüteri sadəcə məktəb tapşırıqları üçün istifadə edirlərsə, kompüteri daha bir neçə il işlədə bilərlər. Ümumiyyətlə, diqqət edilməsi vacib amillərdən biri alacağınız kompüterin zəmanət müddətidir.
Alıcıların ən çox önəm verdiyi amillərdən biri isə kompüterin qiymətidir. Bir qisim alıcılar kompüter mağazasına müraciət edərkən keyfiyyətlə yanaşı, əsasən kompüterin xarici görünüşünə diqqət yetirirlər. Bu məqsədlə də 1200-1400 manata olan kompüterləri seçirlər. Digər qrup alıcılar üçün isə keyfiyyət və aşağı qiymət daha önəmlidir.
Kompüter satışı ilə məşğul olan Rauf Həmzəyev deyir ki, bəzən alıcılar elə düşünürlər ki, ancaq baha qiymətə olan kompüterlər keyfiyyətlidir: "Bu heç də belə deyil. Alıcı 500 manata normal ölçüdə, keyfiyyətli kompüter ala bilər".
Qiyməti, yoxsa keyfiyyəti önəmlidir?
Yəqin ki, kompüter almaq istərkən ilk olaraq hansı kompüter növü - masaüstü, noutbuk, yaxud netbuk almağı düşünürsüz. Bu gün dizüstü kompüterlər daşına bildiyi üçün bir çox istifadəçi onlara daha çox üstünlük verir. Beləliklə, dizüstü kompüterlər hazırda masaüstü kompüterlərə, daşına bilməsi ilə yanaşı, sürətinə görə də rəqib hesab edilir. Ancaq dizüstü kompüterlərin dözümlülüklə yanaşı, digər mənfi tərəfi onun ağırlığıdır. Bu kompüterlər modelinə görə 2 kilodan daha az və ya 4 kilodan artıq olurlar. Bu isə bütün gün daşındığı halda insanlarda kürək ağrısı yaradır, kiçik yaşlı uşaqların da orqanizminə zərər verir. Bu baxımdan dizüstü kompüter alarkən ilk olaraq ağırlığına diqqət etmək lazımdır.
Daha kiçik, sadə olan netbuklar daha məhdud kompüterə ehtiyac duyan istfadəçilər üçün yaxşı bir seçimdir. Netbuklar Word, Power Point və Internet Explorer kimi proqramlar, yaddaşa və tutuma məhdud ehtiyacları olan istifadəçilər üçün ideal cihazlardır. Onların mənfi tərəfi isə kiçik ölçüdə istifadə sahəsi olması baxımından işləmə çətinliyi yaratmasıdır. Əgər uşaq məktəb tapşırıqları üçün bir kompüterə ehtiyac duyursa, məktəb çantasına asan sığacaq bir cihaz istəyirsə və büdcəniz məhduddursa, netbook seçmək önəmlidir.
Beləliklə, bu gün kompüter dedikdə əvvəlki kimi gözümüzün önünə masaüstü kompüterlər gəlmir. Ehtiyacları ödəyə bilən, rahat dizüstü kompüterlər istehsalından sonra masaüstü kompüterlərə rəğbət azalmağa başladı. Xarici görünüşü, geniş əhatə dairəsi, təmizlik problemi, kabel qarışıqlığı kimi istifadə baxımından problemləri nəzərə aldıqda masaüstü kompüterlər arxa planda qalmağa məhkum oldular. Lakin bütün bunlarla yanaşı, daha çox dözümlülük, yaddaş və aksessuarları daha asan əldə etmək istəyən insanlar üçün masaüstü kompüter hələ də yaxşı bir seçimdir. Bununla yanaşı, kompüter satıcısı R.Həmzəyev deyir ki, masaüstü kompüterdə istədiyiniz monitor ölçüsünü seçməklə daha geniş ekran əldə edirsiniz: "Masaüstü kompüterin mənfi tərəfi isə daşınmasının çətinliyidir".
Kompüterlərin yaddaş tutumu da önəmlidir. Satıcının sözlərinə görə, yəqin ki, istifadəçilərin çoxu kiçik və yalnız bir neçə musiqi, video kimi sənədlər yükləndikdən sonra dolan bir sərt disklə (HHD) kifayətlənmək istəməz:
"Dizüstü kompüterlərin yaddaşı 640 GB-a qədər çata bilər. Netbukların - 160 GB ilə 320 GB arasında tutumu var. Əksər istehlakçılar 2 GB RAM-a ehtiyac duyurlar. Ən kiçik kompüterlər olan netbukların 512 MB-dan başlayaraq ən çox 2 GB-a qədər RAM-ını artırmaq olar. Əsas şərt - ən yüksək tutumlu kompüteri almaqdır. Əgər alıcının maliyyə sıxıntısı varsa, yaxud kompüterin tutumu dolarsa, sonra bir əlavə disk alaraq tutumu artırmaq olar".
Alıcıların seçimi nədir?
Bəzən bir neçə il əvvəl hissələrini özümüz seçərək aldığımız kompüterlə bağlı yanlış seçim etdiyimizi düşünürük. Satın almağı planlaşdırdığınız hissələrdən hansının önəmli olduğuna gəldikdə isə R.Həmzəyevin sözlərinə görə, bunlardan biri kimi prosessorun kompüterin sürətini təyin edən ən əhəmiyyətli komponentlərdən biri olduğunu bilməlisiniz:
"Prosessorun sürətini təyin edən faktor isə saat sürətidir (GHz). Bu gün eyni saat sürətində işləyən, hətta eyni nüvə sayına malik prosessorlar əhəmiyyətli işləmə qabiliyyətinə malik olurlar. Bunun səbəbi bəzi prosessorların daha çox əməliyyat edəcək bir texnologiyaya sahib olmasıdır. Bu səbəbdən də yalnız GHz sayının yüksək olmasına baxmayın. RAM-larda da oxşar bir vəziyyət var. 8 GB və ya 16 GB-lıq bir RAM-a malik olmaq, təbii ki, yaxşıdır. Ancaq RAM-ın da daxili bir sürəti var. İmkan daxilində ən yüksək MHz-a malik RAM almaq daha məsləhətdir".
Satıcı deyir ki, kompüter seçərkən önəmli amillərdən biri də monitor seçimidir. Onun fikrincə, monitor seçərkən ilk olaraq onun ölçüsü düşünülür. Ancaq bundan başqa, ekran növü, gücü, yeniləmə kimi xüsusiyyətlər də var. Eləcə də şəkillər üzərində işləmirsinizsə və ya ekran keyfiyyəti sizin üçün vacib deyilsə, bu fərqlər o qədər diqqətinizi cəlb etməz. Ümumiyyətlə, monitor seçərkən ölçüsü qədər ömrünə də diqqət edilməsi lazımdır. Digər bir önəmli faktor isə klaviaturadır ki, istifadəçinin ən çox üstünlük verdiyi rahat istifadəni təmin edə biləcək və düymələrdən ən az səs çıxandır.
Kompüter alıcısı kimi rəyini öyrəndiyimiz Lalə Həsənova deyir ki, onun üçün ilk olaraq kompüterin xarici görünüşü daha önəmlidir: "Mən əsasən dizüstü kompüterlərə, həm də qırmızı rəngdə kompüterə üstünlük verirəm. Çünki daha xoşagəlimlidir. Düzdür, belə kompüterlər baha qiymətə, əsasən 1200 manatadır. Ancaq kreditlə də almaq mümkündür. Hər il yeni kompüterlər satışa çıxarılır, artıq əvvəlkindən daha fərqli, yaraşıqlı olur".
Digər alıcı Tahir Məmmədov isə deyir ki, hələ ki, bir neçə mağazaya müraciət etsə də, konkret seçim etməyib. Məqsədi ucuz, amma keyfiyyətli məhsul almaqdır: "Noutbuku gündəlik daşımaq ağır olduğu üçün artıq netbuk almağa üstünlük verirəm. Yəqin ki, növbəti ildə də yeni kompüterlərin bazara çıxmasının şahidi olacağıq. Əsas odur ki, keyfiyyətli olsun".
Nigar Abdullayeva
Milli.Az