ANS və “Yeni Müsavat” barışıq sazişi imzaladı

08-10-2009 / 18:43

\"ANS\" Müstəqil Yayım və Media Şirkəti və “Yeni Müsavat” qəzeti arasında Barışıq sazişi imzalanıb. Saziş Mülki Prosessual Məcəllənin 52, 69 və 74, 261-ci maddələrinin müddəalarına əsasən imzalanıb. Saziş aşağıdakı şərtlərlə bağlanıb:

1. “ANS” Müstəqil Yayım və Media Şirkəti və onun Baş direktoru Babayev Yaşar Hidayət oğlu “Yeni Müsavat” qəzetində 03.09. 2009-cu il tarixdə “Bir vicdanlı yanılma” adlı təkzib xarakterli yazının getməsini və həmin yazıda qəzet və müəllif Z.Səfəroğlu (Fəzlullahi) tərəfindən “ANS” Müstəqil Yayım və Media Şirkətindən üzr istənilməsini nəzərə alaraq “Yeni Müsavat” qəzetinə və qəzetin redaktoru Z. Səfəroğluna (Fəzlullahi) qarşı “İşgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Nizami Rayon Məhkəməsində qaldırdığı iddiadan imtina edirlər.

2. “Yeni Müsavat” qəzeti və onun baş redaktorunun 1-ci müavini Abbasov Azər Arif oğlu, hər iki media qurumunun Azərbaycan informasiya məkanında xüsusi mövqe, yer və nüfuzunu nəzərə alaraq, KİV-lər arasında mübahisələrin danışıq yolu ilə həll edilməsinə üstünlük vermək prinsipinə sadiq qalaraq, “ANS” Müstəqil Yayım və Media Şirkətinə qarşı “İşgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənməsi” tələblərinə dair Səbail Rayon Məhkəməsində qaldırdıqları iddialardan imtina edirlər.

3. “Yeni Müsavat” qəzeti, qəzetin redaktoru Zahid Səfəroğlu (Fəzlullahi) tərəfindən qələmə alınmış “ANS- in Ramazanda araq reklamı” adlı köşə yazısını öz internet səhifəsindəki arxivindən çıxarmağı öhdəsinə götürür.

Saziş bir tərəfdən “ANS” Müstəqil Yayım və Media Şirkətinin və Babayev Yaşar Hidayət oğlunun nümayəndələri Tagıyev Araz Adil oğlu, Əhmədov Yunis Bəkir oğlu və Əliyev Mehman Qardaşxan oğlu,
digər tərəfdən isə “Yeni Müsavat” qəzeti və əməkdaşı Zahid Səfəroğlunun (Fəzlullahi) nümayəndələri Hüseyn Vaqif Pənah oğlu və İsrayılov Məzahir İsrayıl oğlu arasında imzalanıb.

Xatırladaq ki, ANS Şirkətlər Qrupu “Yeni Müsavat” qəzetinin 27 avqust tarixli sayında ANS telekanalının araq reklam etməsi ilə bağlı dərc olunmuş məqaləyə görə məhkəmədə mülki iddia qaldırmışdı.

“Yeni Müsavat” qəzeti isə bu məsələ ilə bağlı ANS-in yaydığı məlumatda qəzetə qarşı təhqiramiz və işgüzar nüfuzuna zərbə vuran ifadələr işlətdiyini əsas gətirərək, məhkəmədə iddia qaldırmışdı. // ANS Press


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə