Microsoft və Google Azərbaycanın ərazi bütövlüyünü tanımır?!

16-04-2010 / 17:01

Dünyanın ən məşhur axtarış sistemlərindən Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat: Bing və Google Analytics-də görünənlər bunu deməyə əsas verir - ARAŞDIRMA

Kimlərdir günahkar və biz nə etməliyik?

Microsoft-un məşhur Bing axtarış sistemində xəritə bölməsində Azərbaycanı axtarışa verəndə elə bil başqa ölkə ilə rastlaşırsan.

Xeberler.az-ın Milli.Az-a istinadən verdiyi məlumata görə, Azerbaijan adı düzgün yazılsa da, ərazi və region adları müxtəlif  şriftlərlə, bəlli olmayan bir dildə qeyd edilib. Shaumyanabad, Shykhbagy, Kubaly, Sachyami, Arabkubaly, Sarygadzhyly, Mekhdishen, Shushikend, Arpagyadik, İshygly, Chodzhuk, Khanaga, Kyzyldzha və s. Azərbaycanın regionlarının, kəndlərinin şəhərlərinin adı kimi göstərilib. Bu hələki bir-iki səhv deməkdir. “Qeyri-adi” adların siyahısını "N"  qədər uzatmaq olar.

Google-nin xəritəsində də eyni problemlə rastlaşmaq mümkündür. Üstəlik Qarabağ bölgəsindəki coğrafi adların üzərində erməni dilində yazılar da görünür. Xocalı, Xankəndi, Xocavənd, Şuşa, Muxtar və s.  həm də ermənicə yazılıb (Aşağıdakı linklərə baxa bilərsiz).

Google Analytics-də Azərbaycan ərazisi Ermənistanın ərazisinə qatılıb. Yalnız Naxçıvanın üzərində Azərbaycan yazılıb.

Belə faktlar Azərbaycana qarşı olan haqsızlıqların sadəcə bir hissəsidir. Bəs Azərbaycan belə kobud səhvlərin və təxribatların qarşısını almaq üçün nə etməlidir?

Milli.Az xəbər portalı İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində tanınmış mütəxəssilərlə birlikdə belə problemlərin həllinə aydınlıq gətirməyə çalışır.

İnformasiya texnologiyaları sahəsində analitik yazıları ilə seçilən gənc bloqger Şaiq Muradov çıxış yolunu Microsoftun və Google-nin rəsmi nümayəndəliyinə müraciət etməkdə görür: “Bizim etməli olduğumuz Microsoft üçün sadədir. Onların Azərbaycanda nümayəndəliyi var. Oraya  rəsmi şəkildə müraciət etmək lazımdır ki, nümayəndəlik də baş ofisə çatdırsın. Google ilə bağlı  vəziyyət isə  bir qədər daha mürəkkəbdir. Çünki onların Azərbaycanda ofisləri yoxdur. Bizə ən yaxın ofisləri Rusiya və Türkiyədədir. Türkiyə şöbəsinə bu ölkədə yaşayan azərbaycanlılardan yazan olub, ancaq konkret  nəticə yoxdur. Hər halda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi səviyyəsində rəsmi məktub yollansa yaxşı olardı" - deyə Ş.Muradov bildirib.

Onun sözlərinə görə, xaricdə bir xəritə, atlas kağız formasında çıxanda, orada olan səhvə görə dövlət hansısa addım atır, həmin addımı da indi virtual xəritə, atlas üçün atmaq lazımdır.

Ekspert deyir ki, əslində məsələ sadədir - Google nə tapıb onu da yerləşdiribdir: "Azərbaycan haqqında dünya hörümçək torunda doğru-düzgün etibarlı mənbə çox azdır. Google-yə rəsmi müraciət etmək lazımdır. Müraciətlə birgə əlaqə yaradıb düzgün məlumatlar da ötürülməlidir”.

Azərbaycandakı provayderlər İP ünvanları düzgün göstərmir

“Transitions Online” təşkilatının Qafqaz üzrə layihə meneceri, yeni media üzrə ekspert Emin Hüseynzadə isə məsələyə başqa tərəfdən aydınlıq gətirdi:
“Google Analytics-də Azərbaycanın ərazisində yalnız Bakı ve Xankəndi və nadir hallarda Gəncə görünür. Bu, Azərbaycandakı provayderlərin IP (aypi) ünvanlarının düzgün verilməməsi ilə bağlıdır. Yəni, Lənkərandan internetə daxil olan da, Bakıdan girən də Bakıda olduğu görünür. Digər bölgələrdə sanki istifadəçi yoxdur. Bu məsələlər internet marketinq və PR (İctimaiyyətlə Əlaqələr) işlərinə mane olur. Azərbaycandakı bütün saytlarda Xankəndindən daxil olmalar göstərilir. Google Analytics şəhərin adını Stepanakert kimi göstərir. Google Inc. şirkətinin digər məhsullarından fərqli olaraq Xankəndi adının düzgün göstərilməməsi məsələsini həll etmək üçün bir neçə addım var. Bunlardan ikisi səmərəli ola bilər.

Birinci, internet cəmiyyəti adından, (QHT, media təşkilatları və xüsusilə də İnternetdə bizneslə məşğul olanlar) adından dəyişmə tələb edən məktubları Google-yə  göndərmək və bunu davamlı olaraq izləmək

İkinci, dövlət qurumu tərəfindən Google şirkətinə məktubun göndərilməsi.
Amma birinci seçim daha düzgün və məqsədə uyğundur. Çünki internetdəki dəyişikliklər cəmiyyət tərəfindən edilməlidir”.

Hökumət vaxtında reaksiya verməli, Xarici İşlər Nazirliyi işə qarışmalıdır.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün fikrincə,  bu məsələni təkcə hökumətin üzərinə atmaq düzgün deyil. Çünki İnternet açıq, şəffaf mühitdir. “İctimai qurumlar, elmi təşkilatlar, hökumət təşkilatları, Xarici İşlər Nazirliyi tərəfindən  Google-nin və Microsoftun  rəhbərliyinə birlikdə müraciət etmək daha düzgün olardı. Amma rəsmi mövqeyin, yəni onların daha ciddi inanması üçün bunla bağlı hökumətin mövqeyinin də olması zəruridir. Çünki hökumət rəsmidir. Bu baxımdan dövlət qurumlarının da reaksiya verməsi yaxşı olardı. Amma bir məsələ də var, onların bazaları köhnədir və ya yaxud da kimlərsə qəsdən saxtalaşdırıb onlara səhv  informasiya verə bilər. Google və Bingdə xəritədə Azərbaycanla bağlı səhvlər ciddi araşdırılmalıdır ki, səhvlər toplusu müəyyən edilsin. Qeyri-hökumət təşkilatları həyacan təbili çala bilər və artıq bu proses başladılmalıdır” -deyə ekspert bildirib.

Azərbaycan ictimaiyyəti İnformasiya müharibəsi məsələsinə çox laqeyd münasibət bəsləyir. Halbuki, müharibə şəraitində olan bir ölkə üçün bunun nə demək olduğunu dərk etmək elə də çətin deyil. Ölkəmizə qarşı bu kimi ciddi yanlışlıqlar və təxribatlarla mübarizə aparmaq, bu nöqsanların aradan qaldırılması üçün buna imkanı çatan hər bir kəs, o cümlədən təşkilatlar kampaniyaya başlamalıdır.

Azərbaycana qarşı təxribatı aşağıdakı linklərə girərək görə bilərsiz:
Link 1
Link2
Sonda onu da qeyd edək ki, Google Analytics-də Azərbaycan ərazisinə qarşı edilən bu təxribatın aradan qaldırılması tələbi ilə artıq Rəşad Əliyev adlı azərbaycanlı İT mütəxəssisi Google-nin səhifəsində ingiliscə forum yaradıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə