Delta Telekom Internetin qiymətlərini 40 % endirdi (EKSKLÜZİV)

20-06-2011 / 18:29

Delta Telekom Internetin qiymətlərini 40 % endirdi

XEBERLER.AZ eksklüziv olaraq xəbər verir ki, Delta Telekom yeni İpV6  6-cı nəsil İnternet texnologiyasını ölkəyə gətirir və növbəti dəfə internet tariflərində endirimlər təqdim edib.

Bu barədə açıqlama verən Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkbərli bildirib ki, şirkətin atdığı bu  istiqamətdə atdığı addımların davamlı və müntəzəm olduğunu açıqlayıb: “Ötən il ölkəmizdə internet tariflərinin iki dəfə endirilməsinə nail olduq və hal-hazırda da bu siyasətimiz davam edir. Bu gün bir çox sosial şəbəkə istifadəçilərinin sayının artması onu göstərir ki, Azərbaycanda internet öz dinamik inkişafını davam etdirir. Digər tərəfdən keyfiyyətin artırılması nəticəsində bu gün Azərbaycanda son istifadəçilərin böyük bir hissəsi Dial-up texnologiyalarından imtina edərək FTTx və ya ADSL texnologiyalarına keçib”.

R. Ələkbərli onu da bildirib ki, Azərbaycana daxil olan internet magistralında boş qalan tutumlar mövcuddur, yəni Azərbaycana gətirilən tutumların həcmi satılan tutumların həcmindən çoxdur. Yəni ölkəmizə gətirilən internet resurslarının 30 faizi satılır, qalan resurslar boş qalırdı. Texniki direktor boş qalan resursun realizəsi üçün bir sıra texniki problemlərin olduğunu bildirib.

Delta Telecom-dan həmçinin bildirilib ki, Azərbaycanın gələcək internet infrastrukturunun daha da modernləşdirilməsi məqsədilə Azərbaycanın indiki resurslarından min dəfələrlə çox - 4,3 milyard yeni İPv6 İnternet ünvanları alınmışdır. Yeni İnternet resursları sayəsində milyonlarla internet istifadəçisinə yüksək keyfiyyətli internet çatdırmaq mümkündür. Söhbət İpV6 - 6-cı nəsil internet texnologiyalarından gedir. Azərbaycanda bu texnologiya tam yenidir. İndiyədək dünyanın çox yerlərində olduğu kimi Azərbaycanda da  İPv4  texnologiyadan istifadə olunur. Və artıq son illərdə bu standartla olan  İP ünvanların tükəndiyi bildirilirdi. İPv6-nin tətbiqi  milli internet şəbəkəmizdə  İnternet ünvanları  probleminin birdəfəlik həlli  deməkdir

Xatırladaq ki,  regionda ilk dəfə olaraq bu texnologiya Azərbaycanda tətbiq olunur.

O da məlumdur ki, Delta Telekomun internet magistralı təkcə Azərbaycana yox, bütün bölgəyə xidmət edir. Reallıq onu göstərir ki, Delta Telekom-un İnternet magistralı artıq dördüncü ildir ki, regionda həm keyfiyyət həm də qiymət siyasətilə öz birinciliyini qoruyub saxlayır. 6-cı nəsil İnternet texnologiyalarının regionda ilk dəfə tətbiq etməklə öz mövqeyini bir daha möhkəmləndirdi.

Digər tərəfdən bu layihələrin həyata keçirilməsi İnternet Servis Provayderlərin investisiya maraqlarının artırılmasına imkan yaradacaq.

Daha bir sevindirici xəbər isə Delta Telekom tərəfindən İnternetin tariflərində edilən endirimlərlə bağlıdır.

Delta Telekom şirkəti İnternet istifadəçilərinə satılan internetin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə ciddi endirim etməyi planlayıb. Tutumu 100Mbit/s-dən çox olan, borcu olmayan ISP və böyük istifadəçilər üçün ödənişlərin səviyyəsi saxlanılmaqla 01.07.2011-ci il tarixindən müvafiq olaraq tutumların artırılması yolu ilə tariflər hər 1Mbit//s İnternet xidməti üçün 50 AZN-dən 30 AZN-ə (ƏDV-siz) kimi aşağı salınacaq.

İnternet kanallarının tutumu 10 Gbit/s və yuxarı olan ISP və böyük istifadəçilər üçün hər Mbit/s-yə  25 AZN (ƏDV-siz) tarif tətbiq ediləcək.

Göründüyü kimi, Delta Telecom hər 1Mbit//s İnternet xidmətinin qiymətini  40% dək aşağı salmaqla 50 AZN-dən 30 AZN-ə (ƏDV-siz) endirib.

Xeberler.az xəbər verir ki, bu addımdan sonra 2-ci səviyyəli İnternet provayderlərin də internet xidmətlərinin qiymətlərində endirimlər edəcəyini gözləmək məntiqli olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə