Azərbaycanda televiziya quruculuğu 1956-cı ildən başlayıb. Ölkədə teleradio proqramlarının yayımı üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyinə və özəl şirkətlərə məxsus 310-a yaxın müxtəlif güclü radio-televiziya stansiyası fəaliyyət göstərir. Hər gün yenilənən texnologiya, elmi-texniki nailiyyətlər rəqəmli yayım zərurətini ortaya qoydu. Rəqəmli yayım əlavə xidmətlər, telekanalların keyfiyyətinin yüksəldilməsi, məhdud tezliklərdən istifadə olunması və mobil televiziyaya olan ehtiyacın ödənilməsini nəzərdə tutur.
2006-cı ildə İsveçrənin Cenevrə şəhərində
keçirilən Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı qərarlar
qəbul edilib. Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli “Azərbaycan
Respublikası ərazisində Avropada yerüstü rəqəmli televiziya yayımı standartı
olan DVB-T sisteminin tətbiqi və inkişafı Proqramı” qərarı da var. Azərbaycanda
rəqəmli televiziya yayım sisteminin tətbiqi dövlət əhəmiyyətli məsələ hesab
edilir.
Milli Teleradio Şurasının sədri
Nuşirəvan Məhərrəmli 2014-cü ildə ölkənin tam olaraq rəqəmli yayıma keçəcəyini
vurğulayıb. Aztəminatlı ailələrə rəqəmli yayımdan yararlanmaq üçün dövlət pulsuz
dekoderlərin paylanmasını da üzərinə götürüb.
Televizoru rəqəmli yayımı dəstəkləməyən
insan dekoder qurğusunu mütləq almalıdır, bu halda yalnız yerli kanallara
pulsuz baxa bilər. Xarici telekanallara rəqəmli baxmaq üçün isə gərək pul ödəyib
KATV, Ailə TV, BBTV, Connect TV, ATV Plus kimi şirkətlərin avadanlığından
yararlanasan.
Rəqəmli yayım bazarına ATV Plus
şirkəti sürətlə daxil olub. Kabel TV-lərdən prinsipial fərqi də var: bir qurğu
və adi antena ilə hər yerdə yararlanmaq olur. Şirkət rəqəmli yayım üçün CAM
modul və tüner təklif edir. Qiyməti 40 manat olan CAM modulda pult olmur, yəni
o bir növ adapter rolunu oynayır. Tünerin qiyməti isə 50 manatdır.
Hazırda ATVplus öz şəbəkəsini
Bakı və Bakı ətrafı ərazilərdə genişləndirir. Şəhərin mərkəzində rəqəmli yayım
siqnalı güclü olsa da, Bakı kəndlərindən şikayət edən çoxdur.
Xeberler.az-ən redaksiyasına Bilgəh
sakini Esma İsmayılovadan şikayət daxil olub. Məktubda şikayətçi qarşılaşdığı probleminə
toxunub: “Ölkədə rəqəmli yayıma keçid bizə yalnız problem doğurub. Əvvəlcə 35
manat ödəyib dekoder aldıq. Bir müddət hardasa 24 kanala baxdıq. Sonra xarici
kanallar ləğv edildi, qaldı yerlilər. Bu arada televizoru dəyişdik ki, yaxşı
keyfiyyətdə verilişlərə baxaq. Televizorda da ATV Plus qurğusunun reklamı
gedirdi. Nə bilim, 94 kanala baxmaq imkanından danışılırdı, biz qərar verdik, aparatı
50 manata aldıq, kartı üstündə, ayı da 9 manat ödəyirik.
Problem sonra yaşandı. Şkalada 94
yox, cəmi 72 kanal vardı. Düşündük, eybi yox, heç olmasa bunlara baxarıq. Amma
heç vaxt kanalları normal tutmayıb. 15 kanal göstərir, arada 10 kanal itir. Deyək
5 kanal göstərir, sonra növbəti 7-8 kanalın tək adı görünür, özü göstərmir. Köhnə
antena və kabeli də dəyişdik, yenə eyni problem qalmaqdadır. Daha ayda 9 manat
da ödəmirik, çünki mənası yoxdur, elə yerli kanallara baxırıq.
Daha bir problem yayımın keyfiyyəti
ilə bağlıdır, tez-tez televizordakı görüntü donub qalır. Nə bir xəbərə baxa
bilirik, nə də filmə. Səs var, amma görüntü ya donub, ya da siqnal gecikir.
Uzun qış ayları biq sevincimiz var - televizor, o da əlçatmaz olub. Bilmirik, dərdimizi
kimə deyək? Xahiş edirəm, bu məsələni araşdırın”.
ATV Plus şirkətinin satış
meneceri Eldar Babayev məsələyə münasibət bildirib: “Siyahıda verilən bəzi kanalların
tutmaması antenaya bağlıdır. Qəbuledici aparat güclü olmalıdır. Yayım zamanı
siqnalın tez-tez itməsi ərazidən asılıdır. Yəni alıcının yaşadığı ərazidən.
İkinci məsələ yenə də deyirəm qəbuledici antenadir”.
Rəqəmli qurğuların mağazada satışı
ilə məşğul olan Şahin Ayvazov rəqəmli yayımı dəstəkləyən KATV, Ailə TV, BBTV,
ATV Plus kimi şirkətlərin olduğunu deyir: “ATV-Plus-un təqdim etdiyi qurğular
qısa zamanda bazarda öz yerini tuta biliblər. Fərqli cəhəti də var. Bəzi
televizorlar əlavə dekoderə ehtiyac olmadan birbaşa yaddaş kartı ilə ATV
Plusdan yararlanır. Bakı və Bakı ətrafı qəsəbələrdə siqnal qəbuledicisi müasir
tələblərə cavab verir və yüksək görüntü keyfiyyəti ilə alıcıların rəğbətini
qazana bilib”.
Şahin Ayvazov şikayətlərin
olduğunu da inkar etməyib: “Belə hallarda bizim müştəri xidmətlərinə zəng edib
iradlarını bildirə bilərlər. Biz onlara hər cür kömək göstərməyə hazırıq.
Siqnalın yoxluğu yalnız qurğunun düzgün quraşdırılmaması zaman ola bilər. Bir də
görürsən, alıcı ustadan kömək ummayıb özü qoşur. Belə halda siqnal itir. Amma müştəri
xidmətinə zəng edib hər cür texniki dəstək almaq olar”.
Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin texniki şöbəsinin əməkdaşı Zöhrə Əfəndiyeva siqnalın itməsini qəbuledici
ilə əlaqələndirib: “Siqnalın itməsi qəbuledicidən olur, əksər hallarda. Vətəndaşların
böyük hissəsinin antenaları köhnə olduğundan yayım zamanı belə hallar baş
verir. Hazırda bizim Fatmayı və Günəşli qəsəbələrində ötürücü stansiyalarımız fəaliyyət
göstərir. Mərkəzdə də DVB-T yayım stansiyası var. Doğrudur, daha uzaq kəndlərdə
yayım zamanı müxtəlif problemlər yaşanır. Onu da yaxın zamanda həll edəcəyik. Rəqəmli
yayımla bağlı işlər 2015-ci ilin sonunda başa çatacaq və ölkə üzrə tam əhatə
olunacaq”.
Texniki şöbəsinin əməkdaşı paketdə
təklif olunan kanalların olmamasına da münasibət bildirib: “Biz dövlət qurumu
olaraq yerli kanalların yayımına və keyfiyyətinə cavabdehik. Ödənişli paketə
daxil olan xarici kanalların yayımına isə ATV Plus şirkəti məsuliyyət daşıyır.
Alıcı ilə şirkət arasında müqavilə imzalanmalıdır”.
Bakı sakinləri arasında keçirilən
sorğu da
maraqlı faktları ortaya çıxarıb. Tələbə Tural Əliyev ATV Plus-dan
yararlandığını, cəmi 40 kanalın göstərdiyini və axşam saatlarında siqnalda
problem yarandığını göstərib. 24 yaşlı Nazim Həsənəliyev isə Connect TV-dən əziyyət
çəkdiyini və ATV Plus-a keçmək istədiyini vurğulayıb. Evdar xanım Məhbubə Məmmədova
adını deyə bilmədiyi modulla 5-6 kanal istisna olmaqla bütün kanallara baxdığını
söyləyib. Müəllim Ayla Babayeva ATV Plus-dan istifadə etdiyini, əvvəl problem
olduğunu, sonra servis xidmətinin ona yardım etdiyini deyib: “Ayda 9 manat ödəyirəm.
İndi problem yoxdur. Lakin təklif edilən kanalların hamısı göstərmir. Səbəbi isə
yaşadığımız ərazidədir, mərkəzdən xeyli kənarda yerləşir. ”
Kamran Ədalətoğlu
Kamran.mahmudoff
(a) gmail. com
Yazı Multimedia Mərkəzinin təşkil etdiyi
“Onlayn Media” müsabiqəsinə təqdim ediləcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri