“Əşyaların interneti” “Bakutel-2014”-də müzakirə olunur

02-12-2014 / 21:45

Dekabrın 2-də işinə başlayan "Bakutel-2014" Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı çərçivəsində "Əşyaların interneti - Internet of Things" adlı beynəlxalq forum keçirilir. 

Tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Ümumdünya İqtisadi Forumunun dəstəyi ilə baş tutur. Tədbirin əsas sponsoru "Intel" korporasiyasıdır. 

Tədbir iştirakçıları milli və beynəlxalq iqtisadiyyatlarda rolu və əhəmiyyəti dayanmadan artan "Əşyaların interneti" ilə bağlı məsələləri müzakirə edirlər.  

Konfransın məqsədi "Əşyaların interneti"nin bütün aspektləri üzrə müzakirələr aparmaq, məlumat və təcrübə mübadiləsini təmin etməkdir. 

Tədbirdə iştirak edən aparıcı dövlət ekspertləri, iş adamları, elm işçiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri gələcək əməkdaşlıq perspektivlərini araşdırır və vacib kibertəhlükəsizlik məsələlərinə dair əsas anlayışları təqdim edirlər. 

"Əşyaların interneti" hər hansı bir obyektin onun ölçüsü və ya təbiətindən asılı olmayaraq rabitə məkanına inteqrasiyasını təsvir edən ifadədir. Kütləvi ictimai transformasiya yaradan "Əşyaların interneti"nə maraq son bir neçə il ərzində bütün dünyada durmadan artıb. 

İnternetin növbəti inkişaf mərhələsində bizi əhatə edən bütün faydalı əşyaların (məişət avadanlıqlarının, elektrik cihazlarının, gündəlik istehlak mallarının, nəqliyyat vasitələrinin, istehsal qurğularının, əmək alətlərinin, informasiya daşıyıcılarının, tibbi ləvazimatların, mühafizə və nəzarət sistemlərinin, bitki və heyvanat aləminin) bu qlobal şəbəkəyə qoşulması, "Əşyaların interneti" konsepsiyasının bir hissəsidir. "Əşyaların interneti" termini ilk dəfə 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunun Auto-ID laboratoriyası RFID (radiotezlik identifikasiyası) texnologiyaları vasitəsi ilə internetə qoşulan obyektlərin şəbəkəsini ifadə etmək üçün işlədib. Bu şəbəkədə təkcə insanlarla əşyalar arasında deyil, həmçinin əşyaların öz aralarında da qarşılıqlı əlaqələrin qurulması nəzərdə tutulur.

"Əşyaların interneti" – kompüter, internet və mobil telefon rabitəsindən sonra informasiya texnologiyaları sənayesinin növbəti inqilabi inkişaf mərhələsi kimi xarakterizə olunur. Bu konsepsiya reallaşacağı təqdirdə yaxın gələcəkdə bizi əhatə edən bütün faydalı əşyalar İP ünvanına malik olacaq. Proqnozlara görə, cəmi 3-5 ildən sonra "Əşyaların interneti" hər yerdə və hərtərəfli şəkildə insanların həyat tərzinə daxil olaraq, onu əhəmiyyətli dərəcədə dəyişəcək. Ekspertlərin qiymətləndirmələrinə görə, "Əşyaların interneti"nin istifadəçilərinin sayı 2 milyard nəfərə, sektorun dünya iqtisadiyyatına töhfəsi 1,7 trilyon ABŞ dollarına çatacaq. 

2019-cu ilədək IoT sektoru həcminə görə smartfon, fərdi kompüter, planşet, daşınan qurğular və "ağıllı" avtomobillər bazarını iki dəfədən çox üstələyəcək və 2020-ci ilə qədər bütün dünyada internetə qoşulan terminalların sayı 50 milyarda çatacaq.

Bu istiqamətdə şəbəkənin reallaşdırılması ilə cəmiyyətdəki bir sıra mühüm problemlərin həlli proqnozlaşdırılır. O cümlədən, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ictimai təhlükəsizliyin daha etibarlı şəkildə təmin edilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi məsələləri öz həllini tapacaq. Bütövlükdə, "Əşyaların interneti" texnologiyalarının uğurla reallaşdırılması insanların həyat şəraitinin yaxşılaşdırılmasına, yeni və daha əlverişli iş yerlərinin açılmasına, biznes üçün yeni imkanların yaranmasına, istehsalda məhsuldarlığın və rəqabətə davamlılığın artmasına gətirib çıxaracağı gözlənilir. 

Mənbə: ictnews.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə